Azərbaycan və Rusiya XİN-ləri arasında aparılmış məsləhətləşmələrdə Ermənistan-Azərbaycan münaqişəsi mühüm yer tutub

Azərbaycan və Rusiya XİN-ləri arasında aparılmış məsləhətləşmələrdə Ermənistan-Azərbaycan münaqişəsi mühüm yer tutub
# 10 may 2007 08:18 (UTC +04:00)
APA-nın “AzərTAc” Dövlət Agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan tərəfdən məsləhətləşmələrdə iştirak etmiş xarici işlər nazirinin müavini Araz Əzimov səfəri çərçivəsində Rusiya XİN-də bir sıra görüş keçirib, görüşlərdə regional və beynəlxalq təhlükəsizlik, habelə Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafı məsələlərinə dair məsləhətləşmələr aparılıb. A. Əzimov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu yanında Qafqaz Tədqiqatları Mərkəzinin dəvəti ilə bu ali məktəbdə “Azərbaycan Respublikasının təhlükəsizlik sahəsində siyasəti” mövzusunda mühazirə oxuyub, Moskva Karnegi Mərkəzində “Azərbaycan Respublikası qarşısında müasir çağırışlar və regional təhlükəsizlik” mövzusunda mühazirə ilə çıxış edib. O, Rusiya XİN-də aparılmış məsləhətləşmələrin yekunlarından və Azərbaycanın həyata keçirdiyi siyasətdən danışaraq bildirib ki, Azərbaycanın xarici siyasətinin mahiyyəti onun transregionallığındadır. Rusiya xarici işlər nazirinin müavinləri ilə görüşdüyünü bildirən A. Əzimov XİN-lərarası məsləhətləşmələri bir-birinin mövqelərini düzgün başa düşmək, regional təhlükəsizliyin və iki ölkənin mənafelərinin qiymətləndirilməsi baxımından çox faydalı və vacib adlandırıb. A. Əzimovun sözlərinə görə, Rusiya XİN-in xarici siyasət icmalında Azərbaycan Rusiya üçün mühüm strateji tərəfdaş kimi göstərilir və münasibətlər qarşılıqlı etimad və hörmət əsasında qurulur. Görüşlərdə Avroatlantik tematikası, silahlara nəzarət, tərksilah, nüvə silahının yayılmaması, Xəzər dənizində təhlükəsizlik, raketdən müdafiə sistemlərinin Avropada yerləşdirilməsi, NATO ilə əməkdaşlıq, dünyada ümumi vəziyyət məsələlərinə, habelə transregional və transmilli layihələrə də toxunulub. A. Əzimov məsləhətləşmələrdə Ermənistan-Azərbaycan münaqişəsinin mühüm yer tutduğunu da vurğulayıb: “Azərbaycanın mövqeyi Rusiya tərəfinin nəzərinə bir daha çatdırıldı. Ümumilikdə, biz aparılmış fikir mübadiləsindən razı qaldıq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR