İlham Əliyev: “Azərbaycan virusun yayılmasının qarşısını almaq üçün zamanında zəruri addımlar atıb”

İlham Əliyev: “Azərbaycan virusun yayılmasının qarşısını almaq üçün zamanında zəruri addımlar atıb”
# 25 sentyabr 2020 03:30 (UTC +04:00)

“Koronavirus pandemiyası dünyadakı vəziyyəti kökündən dəyişmiş, nəticədə yeni reallıqlar meydana gəlmişdir. İlkin olaraq virusun inkişafda olan ölkələrə təsir edəcəyi gözlənilirdi. Lakin pandemiya inkişaf etmiş ölkələrə də ciddi təsir etmişdir. Bu, virusun sərhəd tanımadığını bir daha sübut edir. Biz pandemiyanın öhdəsindən yalnız qarşılıqlı dəstək və birgə səylərlə gələ bilərik”.

APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan virusun yayılmasının qarşısını almaq üçün zamanında zəruri addımlar atıb: “Azərbaycan tərəfindən “Minilliyin İnkişaf Məqsədləri”nə nail olunması və “Dayanıqlı İnkişaf Məqsədləri” istiqamətində əldə edilmiş tərəqqi ona pandemiya ilə səmərəli mübarizə aparmağa imkan vermişdir. Azərbaycanda səhiyyə infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etmiş və yenidən qurulmuşdur, son 17 ildə 700-ə yaxın xəstəxana yenidən tikilmiş və ya əsaslı təmir edilmişdir”.

Prezident İlham Əliyevin sözlərinə görə, görülmüş tədbirlər nəticəsində ölkədə COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır: “Pandemiyanın iqtisadi çətinliklərinə baxmayaraq, vətəndaşlarımızın həyatı və sağlamlığı bizim üçün prioritet təşkil edir. İqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlılığının təmin olunması, habelə işsizliklə bağlı məsələlərin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilmişdir. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni, ölkə əhalisinin yarısını əhatə edir”.

Ölkə başçısı vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb: “Biz iki bərabər tranşla Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. İkinci tranş Qoşulmama Hərəkatına üzv dövlətlər üçün nəzərdə tutulub. Azərbaycan koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR