Akademik: “Azərbaycanın nail olduğu uğurların mayasında həm də dövlətimizin diaspor siyasəti dayanır”

Akademik: “Azərbaycanın nail olduğu uğurların mayasında həm də dövlətimizin diaspor siyasəti dayanır”

© APA | Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov

# 03 iyul 2021 22:08 (UTC +04:00)

"Hesab edirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi bu gün öz fəaliyyəti ilə Azərbaycanda nümunə olan qurumlardan biridir. İndi hər kəs Dövlət Komitəsi ilə əməkdaşlıq etmək istəyir. Çünki diaspor sahəsində sahman, nizam-intizam yaradılıb. Son illərdə Azərbaycanın nail olduğu uğurların mayasında həm də dövlətimizin diaspor siyasəti, bu siyasəti müvəffəqiyyətlə icra edən Dövlət Komitəsinin fəaliyyəti dayanır".

APA-nın məlumatına görə, bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akademiki Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov deyib.

Akademik qeyd edib ki, Dövlət Komitəsinin rəhbərliyi diaspor qarşısında qoyulan məqsəd və vəzifələrin böyüklüyünü, ölkə üçün fəaliyyətin önəmini yaxşı dərk edir: “Bu amil ötən il baş verən hadisələr zamanı özünü qabarıq göstərib. Xaricdə yaşayan soydaşlarımızın bir yumruq kimi dövlətimizin ətrafında birləşməsində komitənin çox böyük rolu var. Zaman-zaman xaricdə yaşayan bəzi insanlar hətta öz dövlətinə asi düşür. Bu gün belə hallar, demək olar ki, yoxdur. Bu o deməkdir ki, komitə öz fəaliyyətini yüksək səviyyədə təşkil edib. İndinin özündə də savaş hələ bitməyib. Ölkəmiz üçün bir sıra vacib məsələlərin dünya ictimaiyyətinə sistemli və ardıcıl şəkildə çatdırılmasında Azərbaycan diasporunun böyük rolu var. Komitənin rəhbərliyinə, hər bir əməkdaşına minnətdarlığımı bildirirəm. 30 ilə yaxın müddətdə biz ilk dəfədir ki, bütün bayramlarımızı, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin yaranması gününü xoş ovqatla qeyd edirik".

V.Abbasov bildirib ki, komitənin ölkə alimləri və xaricdə yaşayan elm adamları ilə əməkdaşlıq əlaqələrindən çox razıdır: "Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti tamamilə dəyişib. Həyata keçirilən proqramlar və layihələr xaricdə yaşayan alim və ziyalı gənclərimizin tanıdılmasına, eləcə də diasporun inkişafına və diaspor varisliyinin təminatına xidmət edir. Bu məsələdə, əlbəttə ki, komitə rəhbərinin çox böyük nüfuzu və iş qabiliyyəti özünü göstərir. Özü də çox savadlı alimdir. Mən onu çox gözəl tanıyıram. Vaxtilə ölkəmizi xaricdə millət vəkili kimi çox yüksək səviyyədə təmsil edib".

Akademik əlavə edib ki, bu istiqamətdə komitənin həyata keçirdiyi bütün layihələri, o cümlədən "Beyin qazanma proqramı" və "Liderliyin inkişafı proqramı"nı çox bəyənir: "Pandemiya dönəmində bu proqramlarla bağlı keçirilən bir sıra videokonfranslarda məruzəçi kimi iştirak etmişəm. Həmin tədbirlərdən birində Nigeriyadan olan çox savadlı, zəngin dünyagörüşünə sahib, vətənsevər azərbaycanlı xanımın çıxışı məndə çox xoş təəssürat yaratdı. Vətən sevgisi bizim hər birimizin qanına hopub. Biz gənclərimizi bu istiqamətdə yetişdirməliyik və bu işdə xaricdə yaşayan soydaşlarımızın əməyi böyükdür. Ötən il baş verən hadisələr göstərdi ki, xaricdə yaşayan azərbaycanlılar və ölkəmizdə yaşayan müxtəlif icmaların nümayəndələri Vətən naminə hər bir addımı atmağa hazırdırlar. 44 günlük müharibə zamanı hər bir dövlət qurumu öz üzərinə düşəni etdi. Dövlət Komitəsinin göstərdiyi düzgün fəaliyyət nəticəsində dünya azərbaycanlıları bir araya gəldilər. Bizə qarşı aparılan anti-Azərbaycan siyasətinin, erməni yalanlarının və uydurmalarının qarşısını diaspor üzvləri və gəncləri çox mükəmməl və mütəşəkkil şəkildə alırdılar. Çünki bilirlər ki, arxalarında güclü Azərbaycan dövləti var. Həmvətənlərimiz əllərində bayraqlarımız aksiyalara çıxırdılar, ermənilərdən və havadarlarından çəkinmədikləri cəsarətlə nümayiş etdirirdilər. Azərbaycanlı həkimlər müharibə başlayan kimi işlərini qoyub, Vətənin və soydaşlarımızın yardımına yetişdilər. Onlar ağır yaralıları xilas edə və normal həyata döndərə bildilər. Yeri gəlmişkən, fədakar həmvətənlərimizin müharibədən öncə ölkəmizdə tanıdılmasında komitənin yaratdığı "Diaspor TV"-nin böyük əməyi var".

Bütün inkişaf etmiş dövlətlərdə diasporla işə xüsusi əhəmiyyət verildiyini vurğulayan akademik deyib ki, Niderlandda, Türkiyədə, Almaniyada, Avstraliyada, İtaliyada güclü və böyük proqramlarda iştirak edən alim qruplarımız Dövlət Komitəsinin xətti ilə və ya sərbəst olaraq çox möhtəşəm iş aparırlar. "Diasporun ziyalılar tərəfindən formalaşdırılması çox önəmlidir. Çünki onlar xarici siyasətimizin mükəmməl şəkildə dünya ictimaiyyətinə çatdırılmasında çox böyük rol oynayırlar".

O, qeyd edib ki, diasporun güclü qüvvəyə çevrilməsinin əsasında Ulu Öndər Heydər Əliyevin dahiyanə şəkildə irəli sürdüyü azərbaycançılıq ideologiyası və Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və uzaqgörən diaspor siyasəti dayanır.
Alim hesab edir ki, Qarabağda qazandığımız qalibiyyətin, Türk Dünyasında ilk dəfə Şuşa şəhərində Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşa Bəyannaməsini imzalamasının dəyəri misilsizdir: "Odur ki, bizim hər bir sözümüz dünyaya olduğu kimi çatdırılmalıdır. Artıq Dövlət Komitəsi bu tarixi bəyannamədən irəli gələn vəzifələrinin icrasına başlayıb. Komitənin fəaliyyətini alqışlayıram və çox bəyəndiyimi ifadə etmək istəyirəm. Dahi siyasətçi Heydər Əliyev "Biz fəxr etməliyik ki, azərbaycanlıyıq!" kəlamını indi biz böyük fəxarət hissi və baş ucalığı ilə səsləndiririk".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR