Ali Məhkəmə sədrinin müavini rüsumların artırılması və vəkillərin cərimələnməsi barədə müddəalara aydınlıq gətirib - YENİLƏNİB - VİDEO

Ali Məhkəmə sədrinin müavini rüsumların artırılması və vəkillərin cərimələnməsi barədə müddəalara aydınlıq gətirib - YENİLƏNİB  - VİDEO
# 25 iyun 2021 14:39 (UTC +04:00)

“Bu qanun layihəsi ilk növbədə vətəndaşların hüquqlarının müdafiəsinə yönəlib. Kənardan elə təəssüratı yarana bilər ki, məhkəmələrin işlərini yüngülləşdirmək və gəlirlərini artırmaq niyyəti güdülür”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda Mülki Prosessual Məcəlləyə dəyişikliklərin müzakirəsi zamanı Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov bildirib.

Ç. Əsgərov yubatmaların qarşısının alınması üçün yeniliklərin edildiyini söyləyib: “Məhkəmələrdə işlərə baxılarkən bunun süni surətdə yubadılmasının qarşısının alınması üçün işə baxılması fəlsəfəsi dəyişir. Məhkəmə prosesinin süni uzadılması hüquqların qorunmasını pozur”.

Ali Məhkəmə sədrinin müavini layihədə müvəqqəti təminat tədbirlərinin görülməsinin nəzərdə tutulduğunu söyləyib: “Bir sıra işlər kassasiya şikayətləri ilə bağlıdır. Tərəflər Ali Məhkəmə mərhələsində hər hansı sübut təqdim etmir. Sırf bu formallığı aradan qaldırmaq üçün addımlar atılır. Sosial şəbəkələrdə bununla bağlı narazılıq əsassızdır. Digər tərəfdən, bir çox hallarda tərəflərdən biri məhkəməyə gəlmir və məhkəmə tərəflərdən birinin iştirakı olmadan keçirilir. Bu da Avropa Məhkəməsinin irad tutduğu məsələlər sırasındadır”.

Ç. Əsgərov rüsumların artırılmasında məhkəmələrin marağı olmadığını söyləyib: “Mənim fikrimcə, bu rüsumların hamısı məhkəmələrə yönəldilməlidir. Hazırda bu rüsumların yalnız 2 faizi məhkəmələrin fəaliyyətinə yönəldilir. Digər tərəfdən, “Dövlət rüsumu haqqında” qanunda az təminatlı insanlar rüsumların ödənilməsindən azad edilir. Cərimə məsələsinə gəlincə, o, təkcə tərəflərə aid deyil. Cərimə sənədləri təqdim etməyən inzibati orqanları da əhatə edir. Sadəcə, açıq-aşkar əsasız vəsatəti verməyə görə cərimə müəyyənləşir. Vəsatəti vətəndaş vermir, məhkəmə prosesini süni uzatmaq istəyən vəkil verir. Bunu da nəzərə almaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR