Azərbaycan Prezidenti: “Ermənistan saxlanılan 14 hərbçini könüllü şəkildə azad etdiyimizə görə bizə təşəkkür belə etmədi”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 21 may 2021 12:58 (UTC +04:00)

“Hazırda biz Ermənistan vətəndaşlarına bizim işğaldan azad etdiyimiz ərazilərdən keçərək Ermənistan şəhərlərini birləşdirən magistral yolun 21 kilometrindən istifadə etməyə icazə veririk. Bu, xoş məramın daha bir göstəricisidir”.

APA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə danışıb.

Dövlət başçısı ölkəmizin atdığı digər xoşməramlı addımlarından da danışıb: “Biz Rusiyanın “Qazprom” şirkətinə Azərbaycan ərazisindən Ermənistana təbii qaz nəql etməyə icazə verdik, çünki Rusiya tərəfdə təmir işləri gedirdi. Bir aydan çox müddətdə erməni istehlakçılar qazı Azərbaycandan əldə edirdilər. Bəs, Ermənistan hökuməti öz xalqını bu barədə məlumatlandırdımı? Xeyr. Hətta bu yaxınlarda bizim könüllü şəkildə azad etdiyimiz həmin saxlanılan 14 hərbçiyə görə onlar təşəkkür belə etmədilər. Onlar hər kəsə təşəkkür etdi. Rusiyalı sülhməramlılara təşəkkür etdi. ABŞ administrasiyasına təşəkkür etdi. Amma bizə, həmin şəxsləri azad edənlərə təşəkkür etmədilər. Bu, onu göstərir ki, onlar normal davranışa hazır deyillər. Onlar Azərbaycanı iblisləşdirməyə son qoymağa hazır deyillər. Bu gün “azərbaycanlı” erməni siyasi lüğətində ən pis təhqirdir. Onlar bir-birini təhqir etmək istəyəndə, bir-birini azərbaycanlı adlandırırlar. Bu, ölkəni idarə etmək istəyən şəxslər üçün qəbuledilməzdir”.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, ölkəmiz nəqliyyat məsələlərində, xüsusilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələləri ilə bağlı əməkdaşlıq təklif edib. Eyni zamanda, Ermənistanın iki yaxın dostu ilə - Rusiya və İranla dəmir yolu əlaqəsi olacaq.

“Bu dəmir yolu əlaqəsi mövcud deyil. Beləliklə, biz bunu təklif etdik və sizə deyə bilərəm ki, proses gedir. Proses başlayıb, bu, asan deyil, lakin başlayıb ”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR