Baş prokuror deputatları Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğvi barədə təqdimata səs verməyə çağırıb

Kamran Əliyev

© APA | Kamran Əliyev

# 03 avqust 2021 11:17 (UTC +04:00)

Bu gün Milli Məclisin növbədənkənar sessiyasında Baş prokuror Kamran Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatla çıxış edib.

APA-nın məlumatına görə, Baş prokuror bildirib ki, iyulun 30-da təqdim edilmiş təqdimat üçün kifayət qədər əsaslar var və Milli Məclisin İntizam komissiyası dünən keçirilən iclasında təqdimata müsbət rəy verib.

Baş prokuror deyib ki, Azərbaycanda pandemiya ilə mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla mübarizə aparır, Birinci vitse-prezident Mehriban Əliyeva da bu mübarizəyə mühüm töhfə verir: “Nazirlər Kabineti yanında Operativ Qərargahın koordinasiyası ilə bu sahədə ardıcıl işlər görür. Bu sahədə əsas ağırlıq Daxili İşlər Nazirliyinin əməkdaşlarının üzərinə düşür. Milli Məclisin deputatı Eldəniz Səlimov polis əməkdaşı Zaur Mirzəyevin 6 polis əməkdaşı ilə birgə iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən, Eldəniz Səlimovun qohumuna məxsus “Starıy Dvor” restoranına gəldiyini və karantin qaydalarına uyğun olaraq restoranın gecə saat 12-dən sonra işləməməsini tələb etdiyini öyrənib. Eldəniz Səlimov bununla əlaqədar Zaur Mirzəyevin atası Cavanşir Mirzəyevə zəng vurub və Zaur Mirzəyevi restorana dəvət edib, ona qarşı zorakılıq edib”.

Baş prokuror bildirib ki, polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq edilməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb. Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Baş prokuror deputatları təqdimata səs verməyə çağırıb.

Parlamentin İntizam komissiyasının sədri Eldar İbrahimov Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatı ilə bağlı çıxış edib.

E. İbrahimov bildirib ki, dünən İntizam komissiyasının iclasında təqdimata rəy verilib.

Rəydə bildirilib ki, təqdimatın verilməsi üçün kifayət qədər əsas var və İntizam komissiyası təqdimata rəy verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR