BMTM ingilis dilində “44 günlük Qarabağ müharibəsi: Mülahizə və nəticələr” adlı hesabat hazırlayıb

BMTM ingilis dilində “44 günlük Qarabağ müharibəsi: Mülahizə və nəticələr” adlı hesabat hazırlayıb
# 08 oktyabr 2021 12:19 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ingilis dilində “44 günlük Qarabağ müharibəsi: Mülahizə və nəticələr” adlı hesabat hazırlayıb.

BMTM-dən APA-ya verilən məlumata görə, hesabatda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a kimi davam edən 44 günlük müharibənin Cənubi Qafqaz regionunun təhlükəsizlik arxitekturasını kökündən dəyişdiyi qeyd olunub, vurğulanıb ki, 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı beynəlxalq vasitəçilər real həll yolunun tapılması istiqamətində heç bir uğur əldə etməyiblər.

Hesabatda 44 günlük müharibənin gətirib çıxardığı mülahizələr və nəticələrə fərqli bucaqdan nəzər salınır. Qeyd olunur ki, bir sıra səbəblər, o cümlədən beynəlxalq vasitəçilərin münaqişənin həll yolunu tapmaması, Ermənistana təzyiq göstərə bilməmələri və Ermənistanın davamlı pozucu addımları müharibənin baş verməsini şərtləndirən əsas amillərdir.

Hesabatda 44 günlük müharibə, onun Ermənistan-diaspor münasibətlərinə təsiri, müharibənin geniş mənada regionun iqtisadi və ümumilikdə beynəlxalq əlaqələrə təsirləri tədqiq olunub. Qeyd olunub ki, öz ərazi bütövlüyünü bərpa etməklə Azərbaycan postsovet məkanının işğal tarixini yenidən yazıb və beynəlxalq hüquq və normalara etinasızlığı aradan qaldırıb.

“Bununla yanaşı, müharibə göstərdi ki, diplomatik təşəbbüslərin və danışıqların uğursuzluğa düçar olması münaqişənin hərbi yolla həllini qaçılmaz edir. “Münaqişənin hərbi yolla həlli ola bilməz” kimi geniş yayılmış mif tamamilə dağıdılıb. Bu şüar ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən sülh prosesi boyunca dəfələrlə təkrarlanıb, lakin təəssüf ki, bu, yalnız Ermənistanın xeyrinə işləyib. Bu ölkə Azərbaycan ərazilərinin işğalını davam etdirib və beynəlxalq hüququ pozduğuna görə beynəlxalq təzyiqin olmaması səbəbindən cəzasız qalıb. Lakin Azərbaycan heç zaman sülh təşəbbüsləri iflasa uğrayacağı təqdirdə münaqişənin hərbi yolla həllinin mümkünlüyünü istisna etməyib. Prezident İlham Əliyev 44 günlük müharibə boyu dünya mediasına verdiyi çoxsaylı müsahibələr zamanı dəfələrlə bildirib ki, dünya ictimaiyyətinin Azərbaycan torpaqlarını işğaldan azad etməsi üçün Ermənistana təzyiq göstərməməsi, 30 ilə yaxın davam edən münaqişənin sülh yolu ilə həlli istiqamətində irəliləyişim olmaması və Ermənistanın Baş naziri Nikol Paşinyanın getdikcə artan militarist mövqeyi müharibəni qaçılmaz edib”, -deyə hesabatda vurğulanır.

Beynəlxalq perspektivdən baxdıqda bu hesabat 44 günlük müharibənin beynəlxalq əlaqələrə 3 əsas təsirini vurğulayır. Birincisi, təəssüflə qeyd olunur ki, müharibədən əvvəl Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının uğursuz olması və beynəlxalq ictimaiyyətin beynəlxalq hüquqa əməl etməsi üçün Ermənistana təzyiq göstərmək istəməməsi “Makiavelli nəzəriyyəsini” təsdiqləyən növbəti nümunədir. Bu baxımdan Ermənistan liderlərinin beynəlxalq hüquqa məhəl qoymaması və beynəlxalq reaksiyanın olmaması səbəbindən onların cəzasız qalması nəinki iki Cənubi Qafqaz ölkəsi arasındakı sülh prosesinə, həmçinin, beynəlxalq hüquqi nizama və ona olan inama zərbə təşkil edib.

Hesabata əsasən, müharibənin ikinci təsiri daha çox hərbi xarakter daşıyır. Bildirilir ki, son onilliklər ərzində baş vermiş texnoloji inqilabların həyatımızın bütün sahələrini sürətlə dəyişdiyi kimi hərbi sahədən də yan ötməyib. Azərbaycanın 44 günlük müharibədə, əsasən, müasir silahlanmaya görə qalib gəlməsi bu inqilabın göstəricisidir. Bəzi ölkələr bu inqilaba çağırış kimi baxsa da, bəziləri bunu imkan kimi dəyərləndirir.

İkinci Qarabağ müharibəsinin üçüncü təsiri kiçik dövlətlərin böyük güclər qarşısında öz milli maraqlarını müdafiə etmək baxımından daha çox güclənmək potensialı ilə bağlıdır. Bildirilir ki, bu yeni vəziyyət nəinki kiçik ölkələrin müdafiə imkanlarını artıracaq, həmçinin böyük dövlətlərin hərbi müdafiə xərclərini azaldacaq və onları danışıqlar vasitəsi ilə həll yolunun tapılmasına sövq edəcək.

Hesabatda 44 günlük müharibənin region və regionun hüdudlarından kənara təsirlərinə dair mülahizələr və tənqidi müzakirələr yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR