Deputat: “Azərbaycan Prezidentinin Türk dünyasının ali mükafatı ilə təltif edilməsi misilsiz xidmətlərinə verilən layiqli qiymətdir”

Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

© APA | Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

# 12 noyabr 2021 21:38 (UTC +04:00)

“Türk Dövlətləri Təşkilatının Vlll Zirvə Görüşündə Azərbaycan Prezident İlham Əliyevin Türk dünyasının ali mükafatı - “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi Azərbaycan Prezidentinin böyük şəxsiyyətinə, Türk dünyasında Liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna, ən əsası, Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymətdir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.
M. İbrahimqızı deyib ki, Prezident İlham Əliyev Türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial lider kimi şöhrət qazanıb: “Hələ 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə Prezident İlham Əliyev bildirmişdi ki, vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılıb. Azərbaycan Prezidenti bu gün Türk Dövlətləri Təşkilatının Vlll Zirvə Görüşündə də bəyan etdi ki, 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozub və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Dövlət başçısı qeyd etdi ki, artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq. Bu gün Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Prezident İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən Liderdir”.
Deputatın sözlərinə görə, hazırda regionda həyata keçirilən beynəlxalq və regional layihələr türkdilli dövlətlər arasında bağlılığa öz töhfəsini verməkdədir: “Zəngəzur dəhlizinin açılması ilə bu bağlılıq daha da artacaq, əməkdaşlığımıza yeni bir nəfəs qatacaq, üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət məcrada təsir edəcək. Eyni zamanda, inteqrasiya prosesləri və mexanizmləri insanlarımız arasında da təmasların intensivləşməsinə səbəb olacaq”.
M. İbrahimqızı vurğulayıb ki, Türk Şurasının Naxçıvandan başlanan inkişaf yolunda Prezident İlham Əliyev böyük əmək sərf edib: “Türk dünyası adından verilən bu ali mükafat bu zəhmətin qiymətləndirilməsi, minnətdarlıq hissinin ifadəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təşkilatın inkişafına, onun sıralarının genişlənməsinə, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə və əlaqələrinin artmasına önəmli töhfələr verib. Azərbaycan 2019-2021-ci illərdə Türk Şurasına uğurla sədrlik edib, Prezident İlham Əliyev təşkilatın fəaliyyətinin gücləndirilməsinə, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərib. Bu baxımdan Özbəkistan quruma üzvlüyünü və Türkmənistanın müşahidəçi statuslu üzvlüyünü qeyd etmək lazımdır. Məhz Prezident İlham Əliyevin sədrliyi dövründə Türkmənistan təşkilata müşahidəçi statuslu üzv olmaq barədə qərar verib və bu gün Zirvə görüşündə Türkmənstan müşahidəçi statuslu üzv kimi təşkilata qəbul edilib. Türkiyə Prezidentinin də qeyd etdiyi kimi, pandemiyaya baxmayaraq, Azərbaycan Türk Şurasına uğurla sədrlik etdi. Eyni zamanda Azərbaycan Prezidentinin rəhbərliyi ilə ötən dövrdə Türk Şurasının digər mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq münasibətləri davam etdirilib, Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıq çərçivəsi qurulub”.
Deputat qeyd edib ki, Azərbaycanın Türk Şurasına sədrliyi ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf edib: “Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanın Zəfəri Türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynadı. Bu gün Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da bəyan etdiyi kimi, Azərbaycanın Zəfəri bütün türk dünyasını qürurlandırdı. Vətən Müharibəsində tarixi qələbənin əldə ediməsi üçün Prezident İlham Əliyevin güclü Azərbaycan dövlətinin yaradılması istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyəti misilsizdir. Prezident İlham Əliyev tarix baxımından qısa dövr ərzində Azərbaycanı inkişaf etmiş, müasir, güclü və dünya miqyasında nüfuzlu bir dövlətə çevirməsi, cənab İlham Əliyevin nümayiş etdirdiyi liderlik xüsusiyyətləri, diplomatik məharət, Azərbaycanın milli maraqlarının təmin edilməsi məqsədilə həyata keçirdiyi prinsipial, ardıcıl və qətiyyətli siyasət dünya miqyasında, türkdilli xalqlar arasında və Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Məhz Prezident İlham Əliyevin diplomatik səyləri və məharəti nəticəsində Azərbaycanın haqq səsi dünyaya çatdırıldı, erməni yalanları beynəlxlaq miqyasda ifşa olundu, dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələr qəbul etdilər, ayrı-ayrı dövlətlər, dünya səviyyəsində tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu şəxsiyyətlər Ermənistanın işğalçılıq siyasətini pislədilər və Azərbaycanın haqq işinə dəstək verdilər. Məhz İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda güclü iqtisadi potensial formalaşdırıldı, güclü, müasir, qarşısında duran istənilən vəzifəni yerinə yetirməyi bacaran ordu yaradıldı. Məhz İlham Əliyevin sərkərdəlik və diplomatik məharəti sayəsində Azərbaycan 44 günlük Vətən Müharibəsində Ermənistanı diz çökməyə, kapitulyasiyaya məcbur etdi, Azərbaycan Ordusu tarixi ərazilərilərimizi işğaldan azad edərək Zəfər qazandı. Ona da xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin diplomatik məhariti və yürütdüyü ardıcıl, düşünülmüş siyasət güclü erməni diasporunun, Ermənistana dəstək verən Qərb dairələrinin, Ermənistanın ayrı-ayrı tərəfdaşlarının Azərbaycana qarşı yönəlmiş addımlarını neytrallaşdırdı, Ermənistanın izolyasiyasını, dalan dövlətə çevrilməsini təmin etdi. Prezident İlham Əliyev Azərbaycan xalqını yumruq kimi vahid ideya, amal ətrafında birləşdirən, xalq-iqtidar birliyinə nail olan öz xalqının ən böyük arzularını reallığa çevirən Lider kimi tarixə düşdü”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR