Deputat: “Azərbaycan tarixdə olmadığı qədər müstəqil və güclüdür”

Milli Məclis

© APA | Milli Məclis

# 11 oktyabr 2021 12:24 (UTC +04:00)

“Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuz qəhrəmanlığı nəticəsində, 30 ildən sonra biz bu bayramı ərazi bütövlüyümüzü bərpa etmiş xalq kimi qeyd edəcəyik”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib.
K. Cəfərov deyib ki, bu təşəbbüs həm 28 mayın tarixi mənasına, həm də ümumi dövlətçilik konsepsiyasına verilən siyasi qiymətin dəqiqləşdirilməsi və yüksəldilməsidir: “Çünki bununla biz çoxəsrlilik dövlətçilik ənənələrinə malik olduğumuzu bir daha təsdiq edəcəyik. Biz bununla dövlətçilik tariximizə daha dəqiq siyasi və hüquqi qiymət verəcəyik. Hüquqi baxımında qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun müddəalarına tam uyğundur, qanun layihəsinin preambulası Konstitusiya Qanunun 30.3-cü maddəsinin tələblərinə tam cavab verir. Siyasi baxımından, 44 günlük müharibə zamanı da biz bir daha əmin olduq ki, dinindən, dilindən, cinsindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hamımızı birləşdirən ən vacib dəyər müstəqillikdir. Milli müstəqillik isə millətin hər bir nümayəndəsinin süurunda və psixologiyasında öz millətinin keçmişi, bugünü və gələcəyi barədə həqiqətləri dərk etmədən mümkün deyil. Bu həqiqətlər isə vaxtında düzgün təsbit edilməlidir. Çünki vətənimizin taleyi hər birimizin taleyidir, bizim üçün isə müstəqillikdən böyük nemət yoxdur. Vaxtilə ümummilli lider Heydər Əliyev demişdi ki, müstəqillik üçün, yalnız müstəqillik üçün aylarla, illərlə əziyyət çəkmək olar, ac qalmaq olar. Qeyd etmişdi ki, onun öz həyatından, canımda da artıq Azərbaycan müstəqilliyini qorumaq, saxlamaq və əbədi etməkdir. Bu gün biz müstəqilliklə bağlı tariximizə düzgün siyasi qiymət verməklə onun əbədi olmasına xidmət edəcəyik. Müzəffər Azərbaycan Parlamentinin 30 yaşlı üzvü kimi bu qanun layihəsinin müzakirəsində iştirak etməkdən fəxr, bu qanun layihəsinin lehinə səs verəcək şəxs kimi qürur hissi keçirirəm. Bu gün geosiyasi proseslərin fonundan biz bir daha görürük ki, biz heç kəsdən asılı deyilik, biz öz taleyimizin sahibiyik. Bu gün Azərbaycan tarixdə olmadığı qədər müstəqil və güclüdür. Həm qələbəyə, həm bu cür siyasi qətiyyətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edirik”.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qanun layihəsinin anlaşmazlığı ortadan qaldırdığını vurğulayıb: “Bir ölkənin iki müstəqilliyi ola bilməz. Azərbaycan öz müstəqillik tarixini 1918-ci il 28 may tarixində elan edib. Biz tarixə nəzər salsaq, digər ölkələrdən daha gec müstəqilliyimizi bərpa edə bilmişik. O vaxtki hakimiyyətin yarıtmaz fəaliyyəti, hakimiyyətə gəlməkdən ötrü min cür oyundan çıxan AXC-Müsavat cütlüyünün əməlləri nəticəsində Azərbaycan öz müstəqilliyini ən gec elan edən ölkələrdən biri oldu. Ümummilli lider Heydər Əliyev Naxçıvanın SSRİ-dən ayrılmasına nail olub. 18 oktyabrda bizim hansısa bəyanatımız, müraciətimiz olacaqsa, bu hissə də nəzərə alınmalıdır. Ümummilli lider parlamentdə müstəqilliyin bərpasına çalışan ilk insanlardan olub. O vaxtki dövrdə 2 səsvermə olub. Özünü bu gün özünü istiqlalçı deputat hesab edənlər bütövlükdə müstəqilliyin bərpasına səs verən deputatları qeyri-istiqlalçı deputat hesab edirlər. Tarix gələcəyə düzgün çatdırmalıdır. Azərbaycan müstəqilliyi ən ağır şəkildə əldə edən və bərpa edən ölkələrdən biri idi. Bir tərəfdən erməni təcavüzü, yarıtmaz idarəçilik, digər tərəfdən daxildə olan hakimiyyətə gəlmək uğrunda mübarizə, oyunlar buna mane olurdu. Ümummilli liderimiz gəlib Azərbaycan müstəqilliyini xilas etdi. Müstəqilliyi əldə etmək olar, ancaq onu qoruyub saxlamaq əldə etməkdən qat-qat çətindir. Bu gün də Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan nəinki regionda, dünyada ən inkişaf etmiş ölkələrdən birinə çevrilməkdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR