Deputat: “Azərbaycanda heç kəs qanundan yüksək deyil”

Deputat: “Azərbaycanda heç kəs qanundan yüksək deyil”

© APA | Hikmət Babaoğlu, Milli Məclisin deputatı

# 03 avqust 2021 15:55 (UTC +04:00)

"Azərbaycanda hüquqi dövlət var və bütün Azərbaycan vətəndaşları hüquq qarşısında bərabərdirlər. Deputat Eldəniz Səlimovla bağlı baş verən hadisə və törədilən əmələ görə hüququn dərhal tətbiq edilməsi də bunun bariz nümunələrindən biridir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Qeyd edək ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb. Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.
Milli Məclisin bu gün keçirilmiş iclasında Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına baxılıb. Milli Məclisin qərarı ilə E. Səlimovun deputat toxunulmazlığına xitam verilib.
H. Babaoğlu deyib ki, hər kəsə aydındır ki , Azərbaycan Konstitusiyasına görə deputatların toxunulmazlığı var: “Ancaq bu o demək deyil ki, kiməsə münasibətdə cəzasızlıq ola bilər. Sadəcə, bu zaman hüququn tətbiqi ilə bağlı müvafiq prosedurlar var ki, onların işə düşməsi törədilən əmələ görə hüququn tətbiqinin önünü açır. Bir gün öncə Milli Məclisin İntizam komissiyasının baş prokurorun təqdimatına rəy verərək Milli Məclisin plenar iclasına tövsiyə olunması da, bu gün isə Milli Məclisin baş prokurorun təqdimatını əsaslı hesab edərək deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verməsi də elə bu prosedur idi. Bu, zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi üçün qanuni əsas yaratmış oldu. Nəticədə aydın oldu ki, Azərbaycanda heç kəs qanundan yüksək deyil. Tam əksinə, qanun hamıya şamil edilən ümumi məcburi davranış qaydasıdır. Əslində isə biz digər hallarda da qanunun müxtəlif cür qanun pozuntularına qarşı uğurla tətbiq edildiyinə şahidlik edirik. Korrupsiyaya qarşı mübarizə, vəzifə səlahiyyətlərini aşma, vəzifədən sui-istifadə etmə kimi hallarda dərhal necə hüquqi cəza tədbirlərini həyata keçirildiyini görürük. Bu da cəmiyyətimizdə hüquq-mühafizə sistemimizə qarşı etimadı daha da artırır. Dövlətin ədalətini hamı görür, hüquqi mədəniyyətimiz və hüquq anlayışımız daha obyektiv əsaslarda formalaşır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR