Deputat: “Müstəqillik Günü haqqında” qanun layihəsi xalq tərəfindən yüksək qiymətləndirilir”

Milli Məclis

© APA | Milli Məclis

# 11 oktyabr 2021 16:52 (UTC +04:00)

“1918-ci ildə bütün Şərqdə birinci dünyəvi dövlət qurulub”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Asim Mollazadə deyib.
Deputat bildirib ki, bu gün Azərbaycan dövlətinin yaratdığı işıq islam və türk dövlətlərinin inkişafı üçün çox mühüm rol oynayır: “Mustafa Kamal Paşa bu dəyərlərlə Türkiyə Cümhuriyyətini qurub. Azərbaycan dövləti qurularkən Türk İslam Ordusunun da böyük rolu olub. Biz dövlətimizi Anadolu qardaşlarımızla birgə qurduq. Çox təəssüflər olsun ki, bolşevik dəstələri müstəqilliyimizi əlimizdən aldı. Azərbaycan 1991-ci ilin oktyabrında SSRİ hələ dağılmamış yenidən öz müstəqilliyini bərpa etdi”.
A. Mollazadə qeyd edib ki, Azərbaycan dövlətinin yeni inkişaf mərhələsinə qədəm qoyması üçün yeni şans yaranıb: “Böyük Qayıdış planı nəticəsində məcburi köçkünlər Qarabağa qayıdacaq. Bununla da Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyacaq. XX əsrin əvvəllərində AXC kimi demokratik dövləti qurmağa qadir olan xalq yeni inkişaf yolunu uğurla keçəcək. Qarabağın yeni sistemdə formalaşması bu inkişafın əsas göstəricisi olacaq”.
Deputat Cavid Osmanov “Müstəqillik Günü haqqında” qanun layihəsinin çox böyük siyasi, tarixi və hüquqi əhəmiyyəti olduğunu vurğulayıb: “Tarixi günlərimizdə dəqiqləşmə aparılmasını həyata keçiririk. İctimai müzakirələrdə layihə xalq tərəfindən yüksək qiymətləndirilir. Bu dəfə də növbəti qaraguruh qüvvələr peyda oldu. Amma ölkəmizin inkişafında heç bir payı olmayanlar bu dəfə də fiaskoya uğradılar”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli ümid edir ki, Nazirlər Kabineti müvafiq qərar qəbul edərək 18 oktyabrın da qeyri-iş günü hesab edəcək. Deputat bildirib ki, cəmiyyətdə müxalifət cəbhədə olanların müstəqilliyi dövlət əleyhinə hadisəyə çevirməsi heyrət yaradır: “Dünyanın əksər ölkələrində Müstəqillik Günü qeyd olunur. Respublika Günü çox az ölkələrdə qeyd olunur. Bu layihəni təkcə adla bağlamaq lazım deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR