Deputat: “Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun yeni mənzərəsinin müəllifidir”

Milli Məclisin deputatı Ceyhun Məmmədov

© APA | Milli Məclisin deputatı Ceyhun Məmmədov

# 28 oktyabr 2021 17:22 (UTC +04:00)

"Prezident İlham Əliyev Azərbaycan xalqının arzularını reallığa çevirən liderdir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Deputat deyib ki, Vətən müharibəsi və post-konflikt dövründə liderlik keyfiyyətləri, sərkərdəlik fəaliyyəti, diplomatik məharəti, dəqiq hesablanmış strateji və taktiki qərarları, Vətən qarşısındakı tarixi xidmətləri Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevə olan xalq məhəbbətini daha da artırıb: “Siyasi müdrikliyi ilə hər zaman seçilən Prezident İlham Əliyev Ali Baş Komandan kimi xalqın etimadını doğrultdu, 44 gün davam edən Vətən müharibəsində həm də mahir sərkərdə, strateq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı öz taleyini vaxtında məhz Prezident İlham Əliyevə etibar etməklə böyük müdriklik və uzaqgörənlilik nümayiş etdirib. Prezident İlham Əliyevin hər bir qərarı, atdığı hər bir addım Azərbaycanın milli maraqlarının həyata keçirilməsini, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılmasını, güclü dövlət və müasir cəmiyyət konsepsiyasının ardıcıl şəkildə reallaşdırılmasını, əhalinin rifah halının daha da yüksəldilməsini təmin etmək məqsədi daşıyır”.
C. Məmmədov qeyd edib ki, Vətən Müharibəsində tarixi qələbədən sonra Azərbaycan cəmiyyəti, ümumilikdə bütün region yeni reallığa qədəm qoyub. Bu reallığın müəllifi olan Prezident İlham Əliyevin post-konflikt dövründə əsas məqsədi işğaldan azad olunmuş əraziləri ən müasir standartlara uyğun bərpa etməklə yanaşı, yaranmış geniş imkanları həm də Azərbaycanın regionda yeni strateji maraqlarının gerçəkləşdirilməsi üçün səfərbər etməkdir: “Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etdi. Bu hava limanı cəmi 8 ay ərzində inşa olunub. Müharibədən sonrakı dövrdə qısa zaman ərzində ölkəmizin imkanları hesabına, dost ölkələrin nüfuzlu şirkətlərini cəlb etməklə bir beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi, yaxın perspektivdə daha iki hava limanının tikintisinin nəzərdə tutulması, işğaldan azad olunmuş əraziləri bir-birinə bağlayan müasir yol-nəqliyyat infrastrukturunun yaradılması, Azərbaycanın əsas hissəsini Naxçıvan MR-lə və daha sonra qardaş Türkiyə ilə bağlayacaq Zəngəzur dəhlizinin əsasının qoyulması və son nəticədə bölgənin beynəlxalq logistika mərkəzinə çevrilməsi potensialının yaradılması, habelə enerji təminatı məsələlərinin həll edilməsi, ən qabaqcıl texnologiyalar əsasında yaşayış məskənlərinin və istehsal obyektlərinin yaradılması istiqamətində görülən işlər İlham Əliyevin formalaşdırdığı yeni reallığın konturlarını aydın göstərir”.
Deputat xatırladıb ki, son bir ay ərzində Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə - Tərtərin Suqovuşan və Talış kəndləri, Cəbrayıl, Xocavənd, Füzuli, Zəngilan və Qubadlıya 8 dəfə səfər edib. Bundan başqa, dövlət başçısı Vətən müharibəsi dövründə ciddi dağıntılara məruz qalmış Bərdə və Tərtərin müxtəlif yaşayış məntəqələrində olub: "Dövlət başçısının səfərlərin əsas məqsədi bərpa və və yenidənqurma işləri ilə yerində tanış olmaq, tapşırıqlar vermək, prosesi şəxsi nəzarətdə saxlamaq, işlərin yüksək sürət və keyfiyyətlə, müasir yanaşma və meyarlar nəzərə alınmaqla aparılmasını təmin etməkdir. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun yeni mənzərəsinin müəllifidir. Prezident İlham Əliyevin fasiləsiz iş cədvəli və yorulmaz fəaliyyəti, qarşıya qoyduğu hədəflərə çatmaq üçün yürütdüyü məqsədyönlü siyasət nəticəsində xarabalığa çevrilmiş ərazilər tanınmaz dərəcədə dəyişir, Qarabağ və Şərqi Zəngəzurun yeni və müasir portreti yaranmağa başlayıb. Azad edilmiş ərazilərin hər birində yerli ictimaiyyət nümayəndələri ilə silsilə görüşlər dövlət başçısının orada yaşamış yerli sakinlərin fikirlərinə nə qədər həssas yanaşmasının, mütərəqqi ideyaları yerindəcə uğurla işə çevirməsinin örnəklərini yaradıb. Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva şəhid ailələrinin üzvlərinə, Vətən müharibəsi döyüşçülərinə xüsusi həssas yanaşmaları ilə hamıya şəxsi nümunələr göstərirlər. Bir sözlə, Prezident İlham Əliyev Azərbaycan xalqını inamla gələcəyə doğru aparan, xalqın rəğbət bəslədiyi və ardınca getdiyi Liderdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR