Deputatlar parlamentdə Şuşa ilə bağlı qanuna dair təkliflərini səsləndiriblər - VİDEO

Deputatlar parlamentdə Şuşa ilə bağlı qanuna dair təkliflərini səsləndiriblər - VİDEO
# 25 may 2021 12:18 (UTC +04:00)

“Bu qanunu qəbul etməklə biz sadəcə Qarabağın deyil, Şuşanın bütün Qafqazda önəmini göstərəcəyik”.

APA-nın məlumatına görə, bunu deputat Azay Quliyev Milli Məclisdə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, qanunu qəbul etməklə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın möhtəşəmliyi də göstəriləcək: “Bu, Ermənistanın revanşist siyasətçilərinə növbəti mesajdır”.

Deputat Tural Gəncəliyev bildirib ki, biz öz torpaqlarımızdan qovulmuşduq: “Lakin bu gün biz Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsini müzakirə edirik. Ali Baş Komandanın rəhbərliyi altında Ordumuz bizə bu günü yaşatdı. 29 il sonra dədə-baba yurduma qayıtmaq mənim üçün çox qürurverici idi. Oxuduğum musiqi məktəbinin, yaşadığım yerlərin darmadağın edilməsini gördüm. Bu şəhəri işğal etməklə bizim ruhumuzu sındırmaq istədilər. Lakin alınmadı. Şuşa şəhərinin işğaldan azad olunmasından sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Beləliklə Şuşa şəhəri nəinki Azərbaycanın, dünyanın ən gözəl mədəniyyət paytaxtlarından biri olacaq”.

Deputat Fazil Mustafa qeyd edib ki, Şuşa Dövlət Qoruğu ayrıca qurum olaraq fəaliyyət göstərəcək: “Amma biz burada Şuşa şəhərini də ayırmalıyıq. Şuşa şəhərinə qayıdacaq olan məcburi köçkünlər var. Onların idarə edilməsi, yerləşdirilməsi, yaşaması var. Ona görə də struktur islahatlarının aparılmasını təklif edirəm. bu olarsa, daha çevik idarəetmə əldə edə bilərik. Şuşada qoruqdan əlavə inzibati, yerli idarəetmə orqanları ayrıca məkanda yerləşdirilməlidir. Tarixi abidələrin, mədəniyyət abidələrinin bərpa olunmasını vacib sayıram. Çünki bir məmurun əlinə bu sənədi versəniz, sabah ora köçəcək vətəndaşların mülkiyyət hüququ ilə bağlı problemlər yaşanacaq. Burada hər şeydən əvvəl insandır. Ora məcbur köçkünlərin qayıdışı təmin edilməlidir. Şuşanı muzeylər şəhəri adlandırırıq. Burada Əhməd bəy Ağaoğlunun, Yusif Vəzir Çəmənzəminlinin muzeyinin yaradılması, irsinin davam etdirilməsi təmin edilməlidir. Əhməd bəy Ağaoğlunun adını eşidən yüzlərlə insan Şuşaya getmək istəyəcək”.

Deputat Musa Quliyev təklif edib ki, Şuşanın məskunlaşması ilə bağlı konsepsiya hazırlansın: “Şuşanı tüstüsüz, siqaret çəkilməyən bir şəhərə çevirməliyik.

Deputat Siyavuş Novruzov bildirib ki, layihədə Şuşa şəhərində hansı idarəetmə orqanlarının olacağı göstərilib: “Amma biz orada yerli idarəetmə orqanlarını yaratmalıyıq. İnsanların ora gedişi təmin ediləndən sonra bu ediləcək”.

Deputat Əli Hüseynli isə qeyd edib ki, bütövlükdə qanun layihəsi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri haqqındadır: “Bələdiyyə məsələsinin burada yer alması məqsədəuyğun olmazdı. Bu, Şuşa Şəhəri Dövlət Qoruğunun yaradılması ilə bağlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR