Deputatlar Şuşa ilə bağlı qanun layihəsinə dair fikir və təkliflərini səsləndiriblər - YENİLƏNİB - VİDEO

Parlamentin iclası

© APA | Parlamentin iclası

# 27 may 2021 11:58 (UTC +04:00)

“Layihədə Şuşa şəhərinin publik hüquqi şəxs tərəfindən idarə olunacağı qeyd olunub. Amma bizim Konstitusiyada yerlərdə idarəetməni icra hakimiyyəti və bələdiyyələr həyata keçirir. İdarəetmənin formasını Milli Məclisin dəyişmək hüququ yoxdur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, bu məsələ tənzimlənməlidir: “İkincisi layihədə yazılıb ki, şəhərə giriş-çıxış tənzimlənəcək. Bu necə tənzimlənəcək? Maşınların, insanların ora giriş-çıxışı tənzimlənsə, orada böyük tıxac yaranacaq. Bu tənzimlənmə zamanı pul alınacaqmı? Yaxud kimlərin girişinə icazə veriləcək? Mən bilirəm ki, Azərbaycanda hər kəs gedib Şuşanı görmək istəyər. Şuşalıların ora qayıdışı təmin olunandan sonra bu məsələlər həllini necə tapacaq? Bu şəhər qoruq elan olunmaqla bütünlüklə şəhərin idarəetmə sistemini dəyişə bilmərik. Orada yaşayan insanların müvafiq idarəetməsi olmalıdır. Bu, Konstitusiyada əksini tapıb. Digər təklifim isə hər bir rayon mərkəzində bir universitet yaradılması ilə bağlıdır. Şuşa da bura daxildir. Universitetlərin bəzilərini hətta Bakıdan çıxartmaq da olar. Amma yeni universitetlər də tikilməlidir. Şəhərlərin yeni Baş planı hazırlanır. Ona görə bu məsələni qaldırdım”.

MM-in Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva deyib ki, vətəndaşlarımızın Şuşaya gediş-gəlişi üçün işlər yekunlaşmaq üzrədir.

Deputat qeyd edib ki, müzakirələrdə səsləndirilən təkliflər qanunun predmeti deyil: “Dövlət qoruğuna giriş-çıxışın tənzimlənməsi yeni anlayış deyil. İçərişəhər dövlət qoruğuna da giriş-çıxış tənzimlənir. İnsanlarımızın Şuşaya getməsində heç bir problem olmayacaq. Bu məsələ insanların Şuşaya gedib-gəlməsinə maneə olmayacaq”.

Q. Paşayeva vurğulayıb ki, Şuşa İcra Hakimiyyəti ləğv olunmayıb, bu gün də fəaliyyət göstərir: “Qanun layihəsində yalnız qoruğun idarə olunması nəzərdə tutulur”.

Deputat Siyavuş Novruzov bildirib ki, İçərişəhər Bakının Səbail rayonunun bir hissəsidir, layihədə isə Şuşa şəhəri bütövlükdə qoruq elan edilir.

Deputat qeyd edib ki, Şuşada 20 minə yaxın insanın yaşaması nəzərdə tutulur: “Bütün işğaldan azad edilmiş ərazilərə insanlarımız hansı qaydada köçürüləcəksə, Şuşada da eyni qaydada olmalıdır”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, bu qanun Şuşa şəhərinin dövlət qoruğu məsələlərini özündə ehtiva edir.

O qeyd edib ki, hazırda Şuşa şəhərinin xüsusi nümayəndəsi, Şuşa şəhərinin icra hakimiyyəti var: “Yeni yaradılan publik hüquqi şəxs qoruqla bağlı məsələlərlə məşğul olacaq. İdarəetmədə isə Konstitusiyada əksini tapan şəxslər öz vəzifələrini icra edəcək”.

***

11.37

“Şuşa Azərbaycanın həm siyasi, həm hərbi, həm də mədəniyyət tarixində çox mühüm rol oynayır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Şuşa XVIII əsrdən başlayaraq Azərbaycanın mədəniyyət paytaxtı kimi fəaliyyət göstərib: “Təklif edirəm ki, Şuşa şəhərində Dövlət Mədəniyyət və İncəsənət Universiteti təsis edilsin. Bu məsələ “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsinin 3-cü maddəsində də əksini tapsın. Həmçinin Şuşanın ən görkəmli yerində Azərbaycanın qəhrəman hərbçilərinin şərəfinə abidə kompleksi də ucaldılmalıdır”.

Deputat Vahid Əhmədov isə bildirib ki, bu qanunun qəbulu nəinki Şuşa, bütün Qarabağ üçün böyük təsir gücünə malikdir.

Deputat bildirib ki, Şuşa rayon olub, ərazisi 5,5 kv/km təşkil edib: “Sonradan ərazisi genişləndirilib. Şuşanın kəndləri çox böyük siyasi əhəmiyyətlidir. Hazırda bu kəndlərdə ermənilər yaşayır və rus sülhməramlılar fəaliyyət göstərir. Vaxtilə Şuşada 4% erməni əhali yaşayıb. Şuşa kəndlərinin bu şəkildə işğal altında olması gələcəkdə problemə səbəb ola bilər. Şuşa şəhəri Şuşa rayonuna daxildir. Bu qanun layihəsində Şuşanın inzibati bölgüsü əksini tapsa, yaxşı olardı. Çünki bədnam qonşularımız gələcəkdə layihədə Şuşanın kəndlərinin öz əksini tapmamasından istifadə edə bilərlər”.

Deputat təklif edib ki, 3 il müddətinə Şuşa şəhərində görüləcək bütün işlər vergidən azad edilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR