Əli Hüseynli: “Cərimələr təkcə vəkillərə deyil, işə düzgün və tezliklə baxılmasına aşkar mane olan bütün tərəflərə şamil ediləcək”

Deputat Əli Hüseynli

© APA | Deputat Əli Hüseynli

# 02 iyul 2021 12:43 (UTC +04:00)

“Əsas narazılıq 174-cü maddə ilə bağlıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Əli Hüseynli Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, əsas irad ondan ibarət olub ki, burada cərimə sanksiyası nəzərdə tutulur: “Baxmayaraq ki, Məcəllənin 120-ci maddəsi bunu nəzərdə tuturdu, burada konkret məbləğ qeyd edilmirdi. Ancaq biz cəriməni 500 manatadək məbləğdə ifadəsi ilə konkretləşdiririk. Bu, 100 manat da ola bilər, 150 manat da. Bundan əvvəl 120-ci maddəyə əsasən, vəkil 1000 manat məbləğində də cərimə oluna bilərdi. Lakin bu, çox nadir hallarda baş verib. Çünki vəkillər ədalət mühakiməsinin subyektidir. Əslində, 174-cü maddənin dispozisiyası vəkilləri narahat edirdi. Hüquq ictimaiyyəti bilir ki, onsuz da cərimə sanksiyaları mövcuddur. Onların bu təklifləri, eyni zamanda deputatların da fikirləri nəzərə alındı. Qanunvericilik subyekti ilə də razılıq əldə olunub və 174-cü maddə yeni redaksiyada veriləcək. Məhkəmə işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və şikayətlər verərək işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkilləri cərimələyəcək. Bu dispozisiyada aydın göstərilməlidir ki, nəyə görə cərimə nəzərdə tutulacaq? Eyni zamanda maddəyə işdə iştirak edən şəxslərin ifadəsi də daxil ediləcək. İddia olunurdu ki, nə üçün prokurorlar yoxdur. Əslində, mülki prosesdə prokurorların iştirakı nadir hallarda olur. Amma bu ifadənin daxil edilməsi ilə bütün tərəflər məsuliyyətə cəlb oluna biləcək. Yəni bu, təkcə vəkillərə yönəlik addım deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR