Millət vəkili: “Çin-Azərbaycan münasibətləri yeni tarixi mərhələnin astanasındadır”

Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

© APA | Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

# 03 iyun 2021 11:53 (UTC +04:00)

“Çin-Azərbaycan münasibətləri yeni tarixi mərhələnin astanasındadır”.

Bunu APA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.

M. İbrahimqızı deyib ki, Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq əlaqələri mövcuddur və hər iki ölkə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq etmək üçün birgə səylər göstərməyə hazırdır. İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı da uğurlu əməkdaşlığın gələcək perspektvinin konturudur: “Bu, həm də dünyanın ən böyük güc mərkəzlərindən biri olan Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycanla əməkdaşlığa verdiyi önəmin, Prezident İlham Əliyevin nüfuzunun və dövlət başçısının rəhbərliyi ilə aparılan uğurlu diplomatiyanın göstəricisidir. Çinlə Azərbaycan arasında səmimi və yaxın əməkdaşlıq mövcuddur. Hər iki ölkə ənənəvi dostluğu inkişaf etdirir, əməkdaşlığı dərinləşdirir və qarşılıqlı dəstəyi artırır. Telefon danışığında hər iki tərəf əməkdaşlığı daha da inkişaf etdirmək niyyətlərini ifadə ediblər. Dövlət başçıları COVID-19 pandemiyası dövründə Azərbaycan və Çinin həqiqi dostluq nümayiş etdirərək, çətinliklərin öhdəsindən gəldiklərini və bir-birini dəstəklədiklərini məmnunluqla qeyd ediblər. Çin dünyanın pandemiya ilə üzləşdiyi bir dönəmdə bu sahədə Azərbaycana böyük dəstək verməkdədir. Prezident İlham Əliyev Azərbaycanın Çinlə əlaqələri daha da möhkəmləndirməyə hazır olduğunu qeyd edib və Çin şirkətlərinin Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsini alqışlayıb”.

Millət vəkili qeyd edib ki, Azərbaycan və Çin siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurla əməkdaşlıq edirlər: “ÇXR Sədri də Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu vurğulayıb. Bu da təsadüfi deyil. Azərbaycanın əsas təşəbbüskarı olduğu Bakı-Tbilisi-Qars dəmir yolu, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər infrastruktur layihələri “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində atılan mühüm addımlardır. Məhz bu layihələr sayəsində artıq Çindən Avropaya və əks istiqamətə yüklər daha qısa müddətdə və daha az xərc sərf etməklə daşınır. Telefon danışığı zamanı da həmçinin iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığı dərinləşdirməsinin, Mərkəzi Asiya və Avropada nəqliyyat dəhlizlərinin yaradılmasını təşviq etməsinin zəruriliyi qeyd olunub. Digər tərəfdən, bu gün Çin şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində quruculuq işlərində aktiv iştirak edirlər. Si Cinpin Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu daha da təşviq etməyə, infrastruktur layihələri çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirib. Bütün bunlar hər iki ölkənin dostluq və səmimi münasibətlərə əsaslanan əməkdaq və strateji tərəfdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu təsdiqləyir”.

M. İbrahimqızı 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinin qeyd olunacağını söyləyib: “Bu əlamətdar hadisə iki ölkə arasında əlaqələrin daha da inkişafına imkan yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR