Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası

© APA | Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası

# 10 sentyabr 2021 16:32 (UTC +04:00)

Sentyabrın 10-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

Milli Məclisin Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclası açan komitənin sədri Musa Quliyev gündəliyin birinci məsələsi olan 2021-ci il yaz və növbədənkənar sessiyaları ərzində Əmək və sosial siyasət komitəsində görülən işlərin hesabatını təqdim edib.

Bildirib ki, şəhid ailələri, müharibə əlilləri və qazilərin problemləri 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə də parlamentin diqqət mərkəzində olub. Hesabat dövründə komitə üzvləri karantin şərtləri daxilində şəhid ailələri və qazilərlə görüşlər keçiriblər, vətəndaşları qəbul ediblər. Komitəyə 555 sənəd, o cümlədən vətəndaşlardan 458 ərizə daxil olub. Qaldırılan problemlər araşdırılıb, müvafiq tədbirlər görülüb. Hesabat dövründə komitənin 21 iclası keçirilib və iclaslarda 25 qanun layihəsi müzakirə edilib.

Sonra Musa Quliyev Əmək və sosial siyasət komitəsinin 2021-ci il üçün payız sessiyası dövrünə dair iş planı haqqında məlumat verib. Bildirilib ki, iş planında nəzərdə tutulan “Turizm haqqında” qanun ötən sessiyadan hazırdır, lakin pandemiya şəraiti ilə bağlı müəyyən düzəlişlərə ehtiyac var. İş planına salınmış “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinə isə işçi qrupunda baxılıb. Qanun layihəsinin hazırlanmasında müxtəlif ölkələrin, o cümlədən Heydər Əliyev Fondunun və “YAŞAT” Fondunun təcrübəsi öyrənilib. Bildirilib ki, qarşıdakı sessiyada həmçinin şəhid ailələrinə və qazilərə dəstəklə bağlı dinləmələrin keçirilməsi də nəzərdə tutulub.

Məsələ ilə bağlı çıxış edən Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Jalə Əliyeva, Aqil Məmmədov, İlham Məmmədov, Arzu Nağıyev və Sevinc Hüseynova yaz və növbədənkənar sessiyaların yekunları və payız sessiyasının işlər planı barədə fikirlərini bildiriblər.

Sonra gündəlikdəki qanun layihələrinə baxılıb. Musa Quliyev bildirib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində “Məşğulluq haqqında” Qanunda nəzərdə tutulan həssas qrupların siyahısına şəhid ailəsinin üzvləri də aid edilmiş, peşə hazırlığının, işsiz şəxslərin özünüməşğulluğunun və sosial iş yerlərinin təşkili zamanı onlara da digər həssas qruplarla birlikdə üstünlük verilməsi təsbit edilmişdir. Bu sənəd də həmin qanuna uyğunlaşdırma məqsədilə hazırlanıb.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi isə “Sosial müavinətlər haqqında” Qanuna və 2020-ci il 30 dekabr tarixli 1223 saylı Fərmana uyğun hazırlanıb. Həmin qanunvericilik aktlarında təqaüdlə müavinətlər birləşdirilərək təqaüdün məbləği 300 manatdan 500 manatadək qaldırılıb. Həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatına alındıqları üçün müvafiq dəyişikliklər təklif olunub.

Gündəliyin axırıncı məsələsi olan Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Musa Quliyev bildirib ki, dəyişiklik icbari tibbi sığorta sisteminə keçidlə əlaqədardır.

Müzakirələr zamanı deputatlardan Aqil Məmmədov, Əvəz Ələkbərov və Sevinc Hüseynova qanun layihələri ilə bağlı çıxış edərək rəy və təkliflərini səsləndiriblər. Sonra komitə üzvləri hər üç qanun layihəsini Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

İclasda komitə üzvləri Ziyad Səmədzadə, Vüqar Bayramov, Rauf Əliyev, Səttar Möhbalıyev və digər rəsmi şəxslər də iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR