Parlamentin komitə sədri: “44 günlük Vətən müharibəsində haqq-ədalət bərpa edildi”

Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

© APA | Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

# 07 noyabr 2021 20:17 (UTC +04:00)

“Düz bir il əvvəl Müzəffər Ali Baş komandan Prezident İlham Əliyevin öndərliyi ilə Azərbaycan ordusu 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub edib, torpaqlarımızın 30 illik işğalına son qoyulub”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
Z. Əsgərov deyib ki, Zəfər bayramını qeyd etdiyimiz 8 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad edilməsi ilə düşmənin son müqaviməti də qırılıb və Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edilib: “Prezidentin də qeyd etdiyi kimi, bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu yalnız irəli gedib, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilib”.
Parlamentin komitə sədri nəzərə çatdırıb ki, işğal müddəti ərzində dünyaya haqq səsimizi çatdırmağımıza, beynəlxalq təşkilatlardan Ermənistanın işğalçılıq siyasətinə son qoymalarını tələb etməyimizə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi başda olmaqla, bütün beynəlxalq sənədlər yalnız kağız üzərində qalıb: “BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxması tələb olunsa da, qətnamələrə əməl etməməsinə baxmayaraq, işğalçı dövlətə qarşı heç bir sanksiya, məcburetmə tədbiri görülməyib. Münaqişənin həlli üçün yaradılmış digər beynəlxalq qurum olan ATƏT-in Minsk qrupu da 30 il müddət ərzində heç bir ciddi iş görməyib, münaqişəni dondurulmuş vəziyyətdə saxlamağa çalışıb. Həmçinin bu müddət ərzində BMT və ATƏT kimi beynəlxalq təşkilatlar azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyi ilə maraqlanmayıb, Ermənistanın Azərbaycan ərazisində törətdiyi terror hadisələrinə münasibət bildirməyib, əsrin ən qanlı hadisələrindən olan azərbaycanlılara qarşı törədilmiş Xocalı Soyqırımı ilə əlaqədar heç bir tədbir görməyib. Ermənilər isə ərazilərimizi işğal etməklə kifayətlənməyib, dini və tarixi abidələrimizi məhv edib, ölkəmizə qarşı təxribatlar törətməkdə davam edib. Hətta azğınlaşmış düşmən yeni ərazilər işğal etmək arzusuna da düşüb”.
Z. Əsgərov qeyd edib ki, Ulu öndərimizin layiqli davamçısı olan və onun müdrik siyasi kursunu davam etdirən Prezident İlham Əliyev son illərdə beynəlxalq hüquq və prinsiplərin kobudcasına pozulduğunu, bəzi ölkələrin güc tətbiq edərək öz məqsədlərinə çatdıqlarını, beynəlxalq təşkilatların qərarlarının kağız üzərində qaldığını diqqətlə izləyirdi: “Bu müdrik siyasətin nəticəsidir ki, Prezident hələ illər əvvəl belə haqsız münasibətin Azərbaycana qarşı tətbiq edilməsinin yolverilməz olduğunu, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, bizim bu məsələni hərbi yollarla həll edəcəyimizi bütün dünyaya bəyan etmişdi. Azərbaycan xalqı heç vaxt işğalla barışmayıb və Ali Baş Komandanın əmrini gözləyib. Prezident İlham Əliyev isə dəfələrlə xalqa müraciətində bildirib ki, nəyi nə vaxt, necə etmək lazım olduğunu yaxşı bilir. Bu gün Zəfərimizin bir ilini qeyd etməyimiz təsdiq edir ki, həqiqətən də vaxtında verilən qərarlar və vaxtında atılan addımlar qələbəni şərtləndirir. Biz bu illər ərzində güc topladıq, iqtisadiyyatımızı inkişaf etdirdik, ordumuzu gücləndirdik, münaqişənin həlli üçün hüquqi zəmin olan sənədlərin qəbul edilməsinə nail olduq, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırdıq, yalan erməni təbliğatını ifşa etdik. Məhz bu müdrik siyasətin nəticəsidir ki, yalnız döyüş meydanlarında deyil, siyasi müstəvidə, informasiya müharibəsində, diplomatik fəaliyyətdə də qələbə qazanan biz olduq və bir güllə də atmadan Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarıldı”.
Parlamentin komitə sədrinin sözlərinə görə, Vətən müharibəsinin mühüm məqamlarından biri odur ki, döyüş meydanında uduzan, hər zaman olduğu kimi beynəlxalq hüquqa zidd olan terror və təxribatlara əl atan, dinc əhalini, mülki obyektləri, müharibə meydanından kənarda yerləşən rayonları hədəf almaqla xalqımızın mübarizə əzmini qırmaq istəyən aciz düşməndən fərqli olaraq rəşadətli Azərbaycan Ordusu bir dəfə də olsun qeyri-hərbi obyektləri, mülki infrastrukturları, dinc əhalini hədəf seçməyib: “Azərbaycan Ordusu müharibə qanunlarına əməl edib. Eyni zamanda Azərbaycan əsirləri geri qaytarmaqla böyük humanizm nümayiş etdirib. Rəşadətli ordumuz mənfur düşməni döyüş meydanında məğlubiyyətə uğradıb. Prezidentin fəxrlə vurğuladığı kimi Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb, əksinə yaralı əsgərlərimiz tezliklə sağalıb döyüş meydanına qayıtmağa tələsiblər. Çünki Azərbaycan əsgəri vətən torpağı uğrunda, düşmən işğalına son qoymaq uğrunda vuruşub və bu yolda canından keçməyə hazır olub. Mən Müzəffər Ali Baş Komandan başda olmaqla rəşadətli Azərbaycan Ordusuna, hərbçilərimizə, bütün müharibə iştirakçılarına və onların ailələrinə təşəkkür edirəm. Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan 44 günlük Vətən müharibəsində təkcə öz ərazi bütövlüyünü bərpa etməyib, biz həm də tarixi həqiqəti, haqq-ədaləti, hətta icra edilməmiş BMT qətnamələrini icra etməklə beynəlxalq hüququ da bərpa etmişik”.
Z. Əsgərov deyib ki, Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması, müharibə iştirakçılarına, qazilərimizə, şəhid ailələrinə göstərilən qayğı, sürətlə aparılan bərpa-quruculuq işləri, Zəngəzur dəhlizlərinin açılmasına yönəlmiş fəaliyyət, Prezidentin əsl liderlik nümayiş etdirərək yorulmadan işğaldan azad olunmuş ərazilərimizə dəfələrlə etdiyi səfərlər müharibədən sonra da müdrik və uğurlu siyasətin davam etdiyini göstərir: “Xalqımız əmin olsun ki, Zəfərimiz əbədi olacaq və bir qarşı Vətən torpağı belə düşmənə güzəştə gedilməyəcək. Çünki bizim mübarizəmiz haqlı mübarizədir, bizim gücümüz və qüdrətimiz Müzəffər Ali Baş Komandanın vahid rəhbərliyi altında formalaşan dövlət-xalq-ordu birliyindədir, bu birlikdən güc alan hərbçilərimiz istənilən mübarizədə qələbə qazanmaq əzmindədirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR