Politoloq: “İranın hərəkətlərinə cavab olaraq Azərbaycanın da əlində geniş spektrli əks-təsir vasitələri var”

Qabil Hüseynli

© APA | Qabil Hüseynli

# 11 sentyabr 2021 18:39 (UTC +04:00)

“İranın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qaçaqmalçılıq yolu ilə naməlum yüklərin daşınmasını davam etdirməsi qəbuledilməzdir. İran Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü həzm edə bilmədiyini bir sıra hərəkətləri ilə nümayiş etdirir”.

Bunu APA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Q. Hüseynli deyib ki, İran İkinci Qarabağ Müharibəsindən əvvəlki dövrdə də Azərbaycan ərazilərini işğal etmiş Ermənistana və Qarabağın dağlıq hissəsindəki separatçı qüvvələrə hərtərəfli yardım göstərib: “İslam birliyindən, müsəlman həmrəyliyindən danışan İranın mola rejimi, əslində, fars millətçiliyinə söykənən dəyərlərə daha çox üstünlük verir, bu dəyərlər zəminində də xristian dünyasının ən davakar dairələrindən biri olan Ermənistana və Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərindəki tör-töküntülərə yardım siyasəti yürüdür. Biz işğalçı Ermənistana qarşı təcrid siyasəti həyata keçirdiyimiz dövrdə İranın bu təcavüzkar dövlət üçün nəfəslik rolu oynadığını görmüşük”.

Politoloq xatırladıb ki, iyulun 11-dən avqustun 8-nə kimi İranın 35 yük maşınının 70 dəfə Laçın dəhlizindən keçib və geri qayıtdığı üzə çıxıb. Avqustun 11-də Azərbaycan Xarici İşlər Nazirliyi İran səfiri Seyid Abbas Musəvini dəvət edərək, qonşu ölkənin Azərbaycana qarşı yol verdiyi əməllərdən rəsmi Bakının narahatlığını çatdırıb, bununla bağlı qarşı tərəfə nota təqdim edilib: “Notada son dövrlər İrana məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə olunub. Lakin qonşu ölkə qeyri-qanuni əməllərindən çəkinməyib. Rəsmi Bakı İranın qaçaqmalçılıq yolu ilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə naməlum yüklər daşıdığını təsdiqləyən təkzibedilməz faktlara sahibdir. Avqustun 11-dən sentyabrın 10-dək İran qaçaqmalçılıq yolu ilə Xankəndiyə 58 yük avtomobili göndərib. Maşınların əksəriyyəti yanacaq-sürtgü materialı daşıyıb”.

Q. Hüseynli qeyd edib ki, rəsmi Bakı avqustun 11-də İrana nota təqdim etdikdən sonra bu ölkənin hərəkətləri daha həyasız formaya keçib: “İran artıq Ermənistan ərazisindən yük maşınlarını Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə tək-tək deyil, karvan şəklində göndərməyə başlayıb. Üstəlik, maşın kabinələrinin üzərinə İranın dövlət bayrağı da asılır. Bu, açıq-aydın İranın “Ermənistana və onun separatçı qüvvələrinə dəstək göstərirəm” mesajıdır. Son bir ayda - avqustun 11-dən sentyabrın 10-dək İran qaçaqmalçılıq yolu ilə Xankəndiyə 58 yük avtomobili göndərib. Bu həm də onu göstərir ki, İran və Rusiya arasında Azərbaycan ərazisindəki separatçı qüvvələrə yardım məsələsi artıq relsə qoyulub, Rusiya və İran burada özləri üçün müəyyən strateji məqsədləri həyata keçirməklə Azərbaycanın haqq işinə qarşı çıxmaqda davam edirlər. Rusiya sülhməramlılarının buna müəyyən pullar qarşılığında şərait yaratdığı ehtimalı da az deyil. Biz İrana rəsmi səviyyədə məlumatlandırıb, bu hərəkətlərin yaxın qonşuluq münasibətlərini korlamaqda olduğunu xatırlatsaq da, millətçi fars mola rejimi xəbərdarlıqlarımızı qulaqardına vurur və separatçı qüvvələrə yardım göstərməyə davam edir”.

Politoloq Azərbaycanın İrana qarşı əks-cavab tədbirləri görmək imkanlarının kifayət qədər yüksək olduğun vurğulayıb: “İran ətrafında ABŞ-ın başında olduğu qüvvələr, o cümlədən İsrail tərəfindən mühasirə həlqəsinin daraldıldığı, İrana qarşı müxtəlif cəza tədbirlərinin gündəmdə olduğu bir vaxtda Tehranın Azərbaycana qarşı bəd əməllərini davam etdirməsi pis niyyətlərdən xəbər verir. Biz İrana qarşı müəyyən addımlar ata bilərik, bunun üçün hər cür imkan var. Amma biz bütün bunların hamısını yaxın qonşuluq münasibətlərinə uyğun olaraq həyata keçirmirik. Biz İranın ərazi bütövlüyünü dəstəkləyirik və İrandan da Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsini tələb edirik. İran tərəfinin bizə qarşı hərəkətlərinə cavab olaraq əlimizdə geniş spektrli əks-təsir vasitələri var. Bu təsir vasitələri İran üçün sonu bilinməyən nəticələrə gətirib çıxara bilər. Hələlik biz bu imkanlardan hesab etmirik. Hesab edirik ki, İran İslam həmrəyliyi fonunda İran Ermənistana və Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərindəki tör-töküntülərə bu cür yardımları davam etdirəcəksə, bundan sonda özü peşman olacaq. Hələlik güman edirik ki, İran səhvlərindən nəticə çıxarıb, haqq yoluna gəlməlidir. Əks halda sonda özü peşman olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR