Politoloq: "Partiya liderlərinin ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradılıb"

Politoloq Qabil Hüseynli

© APA | Politoloq Qabil Hüseynli

# 10 sentyabr 2021 18:53 (UTC +04:00)

“Ölkədə siyasi islahatların dərinləşdirilməsi xətti artıq bir neçə ildir ki, davam edir. Siyasi islahatların əsas istiqamətlərindən biri də ölkədə çoxpartiyalı siyasi sistemin yenidən formalaşdırılması və bu zəmin üzərində siyasi plüralizmin daha da dərinləşdirilməsidir”.

Bunu APA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, siyasi islahatlar fonunda Azərbaycanda çoxpartiyalı siyasi sistemin bir sıra yeni cəhətləri formalaşır və ölkəmizdə milli həmrəyliyə, siyasi dialoqa aparan yolları xeyli təmizləyir: “Bu nöqteyi-nəzərdən Qarabağdakı Vətən müharibəsindən əvvəl ölkəmizdə siyasi partiyaların yeni siyasi konfiqurasiyasının formalaşması prosesi gedirdi. Bu proses Prezident Adminstrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasından sonra daha intensiv xarakter aldı. Partiyaların liderləri ilə görüşlər, onların təklif və problemlərinin öyrənilməsi, bu zəmində həmin partiyalara lazım olan dəstəyin verilməsi artıq gündəlik işə çevrilib. Belə ki, vaxtı ötürülmüş qurultaylarının keçirilməsi üçün bir sıra siyasi partiyaların yerlə təmin olunması üçün tədbirlər görülüb və 25 siyasi partiyanın qurultayları keçirilərək nəticələri dövlət qeydiyyatına alınıb, habelə uzun fasilədən sonra 7 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb. Ölkə Prezidentinin göstərişi əsasında siyasi partiyalara qərargah verilməsi istiqamətində ciddi iş aparılıb. Qərargahı olmayan 22 siyasi partiya üçün ofislər ayrılıb. İndiyə qədər öz iclaslarını keçirməyə yer tapmayan, ciddi çətinliklərlə üzləşən siyasi partiyaların inkişafı, təşəkkül və formalaşdırılması üçün çox mühüm şəraitin yaradılması deməkdir.

Digər mühüm cəhət isə sağlamlıq problemi olan siyasi partiya liderlərinin müalicəsinin təşkil olunması ilə bağlıdır. Heydər Əliyev Fondunun yaxından dəstəyi nəticəsində onların Türkiyədə və digər ölkələrdə müalicə edilməsi işi qaydasına salınıb”.

Q. Hüseynli vurğulayıb ki, siyasi partiyaların liderlərinin KİV-ə, xüsusilə də elektron KİV-ə, televiziyalara dəvət edilməsi, onların müxtəlif mövzular ətrafında çıxışlarının təmin edilməsi bu partiya liderlərinin ölkənin ictimai-siyasi həyatında daha da fəal iştirakına şərait yaradıb: “Yəni, ölkədə iqtidar-müxalifət münasibətləri sağlam zəmin üzərində qurulub. Sağlam mühitin formalaşdırılması üçün yeni şərait yaradılıb, siyasi dialoq üçün zəmin hazırlanıb. Sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi müdiri Ədalət Vəliyev ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə görüş keçirib, bu görüşdə ölkədəki siyasi vəziyyət, siyasi partiyaların qayğıları dinlənilib. İqtidar-müxalifət diaoloqunun, siyasi partiyalarla işin daha da təkmilləşdirilməsi istiqamətində müxtəlif rəylər nəzərə alınıb. Ümid edirəm ki, bu cür görüşlər bundan sonra da mütəmadi olaraq keçiriləcək".

Politoloq diqqətə çatdırıb ki, siyasi partiyalarla aparılan iş Vətən müharibəsi dövründə daha intensiv xarakter alıb: “Bu iş milli həmrəyliyin və milli birliyin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı. Belə ki, həmin partiyaların iştirakı ilə müharibə dövründə 8 birgə bəyanat və 2 birgə müraciət imzalandı. Bunlar beynəlxalq təşkilatlara, Azərbaycana qarşı mənfi münasibət sərgiləyən qurumlara göndərildi. Bu addımlar Azərbaycan həqiqətlərinin çatdırılması ilə yanaşı, siyasi partiyaların ölkə Prezidenti ətrafında sıx birləşdiyinin nümayişi idi. Bu milli birlik bu gün də davam edir. Son keçirilən görüş də bu birliyin bundan sonra da davam etdiriləcəyinə, iqtidar-müxalifət münasibətlərinin təkmilləşdiriləcəyinə inam yaradır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR