Sahibə Qafarova Qazaxıstan Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Sahibə Qafarova Qazaxıstan Parlamentinin nümayəndə heyəti ilə görüşüb
# 13 sentyabr 2021 16:59 (UTC +04:00)

Sentyabrın 13-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, spiker, dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən razılığını bildirib.

Xalqlarımız arasında çox qədim tarixə malik münasibətlərin dövlətlərimiz müstəqillik qazandıqdan sonra Ulu Öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev tərəfindən uğurla inkişaf etdirildiyini vurğulayan Sahibə Qafarova qeyd edib ki, bu siyasət Azərbaycanın və Qazaxıstanın dövlət başçıları tərəfindən hazırda ardıcıllıqla davam etdirilir.

Milli Məclisin sədri qanunverici orqanlarımız arasında əlaqələr haqqında məlumat verib. O, xüsusilə, TÜRK PA çərçivəsində əməkdaşlığı qeyd edib.

Daha sonra spiker Sahibə Qafarova qonaqlara Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər və regionda yeni yaranmış şərait haqqında geniş məlumat verib.

Sahibə Qafarova həmçinin xatırladıb ki, Ermənistan işğal altında saxladığı şəhər və rayonlarımızı, kəndlərimizi, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri vəhşicəsinə dağıdıb. O, Qazaxıstan nümayəndə heyətinin Şuşa və Füzuli rayonlarına səfər etdiyini, Ermənistan tərəfindən törədilən vandalizmi öz gözləri ilə gördüyünü bildirib.

Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspan xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu söyləyib. O deyib ki, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız inkişaf edir. Aygul Kuspan xalqlarımız arasındakı əlaqələrin hazırda iki ölkənin dövlət başçıları tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Qazaxıstan Parlamenti Məclisinin komitə sədri qanunvericilik orqanları arasında münasibətlərə də toxunaraq, dostluq qruplarının uğurlu fəaliyyətini təqdir edib.

Aygul Kuspan Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfər münasibətilə təbriklərini çatdıraraq, işğaldan azad olunmuş Şuşa və Füzuliyə səfərləri və orada gördükləri haqqında təəssüratlarını söyləyib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR