YAP və AK Partiya nümayəndə heyətləri arasında görüş keçirilib - FOTO - VİDEO - YENİLƏNİB

YAP və AK Partiya nümayəndə heyətləri arasında görüş

© APA | YAP və AK Partiya nümayəndə heyətləri arasında görüş

# 26 iyul 2021 19:46 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


18:33

Bu gün Azərbaycanda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) nümayəndə heyəti ilə Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti arasında görüş keçirilib.

APA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi qərargahında keçirilən görüşdə YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, AK Partiya sədrinin I müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

T. Budaqov bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri keyfiyyətcə yeni mərhələyə qalxıb: “Prezident İlham Əliyevin dediyi kimi, bu münasibətlər qardaşlıq münasibətlərinə çevrilib. Ölkələrin prezidentlərinin tövsiyələrinə uyğun olaraq, iki hakim partiya əlaqələri Zəfərdən sonra yaranmış reallıqlara uyğun olaraq inkişaf etdirməyi qarşımıza məqsəd qoymuşuq. Bir müddət əvvəl Türkiyəyə səfərimiz zamanı iki partiya arasında əməkdaşlıq protokolu imzalanıb. AK Partiya nümayəndə heyəti Prezident İlham Əliyevlə, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb. Prezident İlham Əliyevin bu gün görüşdə də vurğuladığı kimi, bundan sonra münasibətlərimizin daha da inkişaf edəcəyinə əminəm. Partiyaların həm qadın təşkilatları, həm də gənclər təşkilatları arasında münasibətlər inkişaf edəcək”.

YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri iki partiya arasında münasibətlərin iki ölkənin vətəndaş cəmiyyətləri arasında da münasibətlərin inkişafına təkan verəcəyini söyləyib: “Biz birgə fəaliyyət istiqamətində səylərimizi daha da artıracağıq. Biz Türkiyə Prezidentinə, xalqına dərin təşəkkürümüzü bildiririk. 44 günlük müharibə iki xalq, iki dövlət arasında münasibətlərin hansı zirvədə olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin bu gün də dediyi kimi, Türkiyənin 44 günlük müharibədə Azərbaycanın yanında olması kənar təzyiqlərin dəf olunması, Qələbənin əldə olunması, gələcək tərəqqisi üçün zəmin yaratdı. Gələcəkdə birgə konfranslar, tədbirlər keçirəcəyik ”.

T. Budaqov iyulun 28-də Gəncədə iki partiyanın iştirakı ilə Şuşa Bəyannaməsi və Milli mənəvi-dəyərlərə həsr olunan konfrans keçiriləcəyini nəzərə çatdırıb.

AK Partiya sədrinin I müavini Numan Kurtulmuş Azərbaycanda özlərini evlərindəki kimi hiss etdiklərini vurğulayıb: “Qonaqpərvərliyə görə də təşəkkür edirəm. Son dövrlər ikim partiya arasında münasibətlər sürətlə inkişaf edir. İki ay əvvəl Tahir Budaqovun rəhbərliyi ilə YAP nümayəndə heyəti Türkiyəyə səfər etdi, Prezident Rəcəb Tayyib Ərdoğan da nümayəndə heyətini qəbul etdi. Biz də 3 günlük qarşılıqlı səfərə gəlmişik. Bu gün günortadan sonra bizi Prezident İlham Əliyev qəbul etdi. Bundan sonra atacağımız addımlarla bağlı müzakirə apardıq. Daha sonra da Milli Məclisin sədri Sahibə Qafarova bizi qəbul etdi. Bu görüşlərin dostluğumuzu, qardaşlığımızı möhkəmləndirəcəyini düşünürük. İki partiya iki xalqın, dövlətin daha da yaxınlaşması üçün səylərini artıracaq. Qarşılıqlı səfərlər intensivləşəcək, birgə tədbirlər keçiriləcək. Dövlətlər arasında münasibətlər ilk öncə xalqlar arasında münasibətlərdir. Xalqlar arasında münasibətlər dövlətlər arasında münasibətləri də inkişaf etdirir. Bir üstünlüyümüz də odur ki, xalqlarımız, dövlətlərimiz bir-birinə yaxındır, prezidentlərimizin dostluq münasibətləri var. Dostluğun inkişaf etdirilməsi səylər tələb edir. Biz bu münasibətləri daha da inkişaf etdirəcək, iki partiyanın, xalqın, dövlətin münasibətlərinin gələcəkdə daha sıx olması üçün zəmin yaradacağıq, mədəni, mənəvi yaxınlığımızı daha da artıracaq, tarix qarşısındakı məsuliyyətimizi yerinə yetirəcəyik. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində qələbə əldə etdi. Şəhidlərə rəhmət diləyirik. 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu ilə Azərbaycanın azadlığı uğrunda döyüşlərdə şəhid olanların məzarlarını da ziyarət etdik. Azərbaycanı da, Türkiyəni də Allah şər ocaqlarından mühafizə etsin. Bizlər də sizi Türkiyədə gözləyəcəyik, Bursada, Konya və digər şəhərlərdə birgə toplantılar keçirə bilərik”.

Daha sonra T. Budaqov və N. Kurtulmuş qarşılıqlı xatirə hədiyyələri təqdim ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR