Zəfər Günü münasibətilə hazırlanmış Amnistiya Aktı layihəsi MM-in plenar iclasına tövsiyə edilib - YENİLƏNİB-1

Zəfər Günü münasibətilə hazırlanmış Amnistiya Aktı layihəsi MM-in plenar iclasına tövsiyə edilib - YENİLƏNİB-1
# 02 noyabr 2021 19:58 (UTC +04:00)

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, iclasda “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi müzakirə edilib.

Gündəlikdəki məsələni təqdim edən Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan Prezidenti tərəfindən təqdim olunan amnistiya sənədi ənənəvi olaraq preambula və 4 hissədən ibarətdir. Preambulada çox ciddi arqumentlər səslənir və amnistiyanın zərurəti vurğulanır. Sənəddə amnistiya tətbiq edilən şəxslərin dairəsi, amnistiyanın tətbiqinə məhdudiyyətlər, amnistiya aktının hüquqi qüvvəsi və amnistiyanın tətbiqi qaydaları öz əksini tapıb.

Əli Hüseynli onu da qeyd edib ki, parlament tərəfindən sonuncu amnistiya 2016-cı ildə qəbul olunub. Amma bu amnistiyanı şərtləndirən ən vacib məqam onun Zəfər Gününə – 8 Noyabr tarixinə həsr olunmasıdır. Amnistiyanın preambulasında da qeyd olunduğu kimi, Vətən müharibəsindəki Qələbə Azərbaycan xalqının özünə inamını, güvənini daha da artırıb, Azərbaycan dövlətçiliyini daha da gücləndirib. Belə bir mərhələdə amnistiyanın elan olunması hələ Ulu öndər Heydər Əliyevdən başlayaraq ölkəmizdə həyata keçirilən humanizm siyasətinin yenə də davam etdiyinin göstəricisidir.

Milli Məclis sədrinin birinci müavini vurğulayıb ki, müzakirəyə çıxarılan sənəd indiki dövrün ən böyük amnistiya aktıdır. Statistik təhlillərə istinadən amnistiyanın əhatə dairəsi barədə danışan Əli Hüseynli bir daha ifadə edib ki, 8 Noyabr – Zəfər Günü münasibətilə elan ediləcək amnistiya Azərbaycan cəmiyyətinin insan hüquqlarına, haqqa-ədalətə inamını daha da möhkəmləndirəcək.

Sonra komitənin iclasında “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi geniş müzakirə olunub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, komitənin üzvləri Fəzail Ağamalı, Azay Quliyev, Kamal Cəfərov, Elşən Musayev, Tahir Kərimli, Nizami Səfərov sənədin humanist mahiyyətindən bəhs ediblər. Vətən müharibəsində qazanılmış tarixi Qələbənin birinci ildönümü ilə bağlı 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsini Azərbaycan dövlətinin növbəti humanist addımı kimi yüksək dəyərləndiriblər.

İclasın yekununda “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi parlamentin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Əminə Ağazadə, Sabir Hacıyev, Vüqar İsgəndərov, Erkin Qədirli, Madər Musayev və Bəhruz Məhərrəmov iştirak ediblər.

***

saat 18:10

Bu gün Milli Məclisin Hüquq Siyasəti və Dövlət quruculuğu komitəsində "8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" qərar layihəsi müzakirə edilib.

APA-nın məlumatına görə, iclasda qeyd olunub ki, təhqiqat, istintaq orqanları və bütün məhkəmə instansiyaları tərəfindən amnistiya tətbiq edilməsi bu amnistiyanın xüsusiyyətlərindəndir.

Həmçinin, Amnistiya Aktı ilə məhkumluğun götürülməsi və əlavə cəzalardan azad etmə institutlarının tətbiqi də nəzərdə tutulur.

Müzakirələrdən sonra layihə parlamentin növbəti plenar iclasına tövsiyə olunub.

***

17.06

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində "8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" qərar layihəsi müzakirə edilir.

APA-nın məlumatına görə, iclasda parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc və komitənin deputatları da iştirak edir.

Qeyd edək ki, "8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" qərar layihəsinin parlamentin noyabrın 5-də keçiriləcək iclasında müzakirəyə çıxarılması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR