Zəfərin müjdəçisi Cəbrayılda - 28 il sonra

Zəfərin müjdəçisi Cəbrayılda - 28 il sonra
# 04 oktyabr 2021 19:30 (UTC +04:00)

27 il işğalda qalan, bir il əvvəl oktyabrın 4-də - Vətən müharibəsinin 8-ci günündə azad olunan müqəddəs torpaqlara, doğma Cəbrayıla, Qarabağa bir göz qırpımı çəkən səfərin təəssüratlarını yığıb-yığışdıra bilmirəm...

Yol həminkidi. 28 il əvvəl - avqustun cırhacırında bizi arana - İmişliyə doğru aparan yol. Bu yolu gedəndə bizi nələrin gözlədiyi ağlımıza gəlməzdi. Hamı bir ağızdan vəziyyətin tezliklə düzələcəyini, ara sakitləşən kimi geri qayıdacağımızı deyirdi. Qayıda bilmədik, arandan üzü böyük şəhərə yola düşdük. Günlər aylara, aylar illərə döndü. 27 avqust, 27 payız, 27 qış, 27 bahar keçdi ömürdən, bu torpaqlara, bu yollara həsrət qaldıq.

93-cü ilin avqustunda bizi qatar stansiyasına aparan maşın oxuduğum məktəbin yanındakı kəhrizi keçəndə dönüb geri baxıb ağlamışdım.

Bir də 27 il sonra Vətən müharibəsinin ilk günü alınan kəndlərimizin adını, oktyabrın 4-də Cəbrayıl şəhərinin azad olunması xəbərini eşidəndə təkrarlandı bu hal. Göz yaşları 27 illik həsrət acısını, 27 illik köçkünlük həyatının ağrısını, yükünü yuyub apara bilməsə də, rahatlıq verirdi.

İndi tar-mar edilən yurdumuza, bu yollara baxıb, 28 ildən sonrakı dönüşə sevinib hönkürmək istəyir adam. Amma bacarmırsan, donub qalırsan. Nəfəsin tıncıxır, sanki ürəyin ağzından çıxacaq. Qəribə bir hiss hakim kəsilir adama. Günlərdir o hissin təsirindən çıxa bilmirsən.

***

Füzuliyə - Horadizə çatırıq. “Salam” deyirəm, “Salam, Vətən. Salam, Qarabağ”. Bura bizim zonanın mərkəzi sayılırdı bir zamanlar. “Bu gün Horadizə gedəcəm”, gözümü açandan evdə az qala hər gün eşidirdim bunu. Birinci sinif ayaqqabılarımı da atam burdan almışdı. Qara lak ayaqqabıları o qədər bəyənmişdim ki, gecə yanıma qoyub yatmışdım. Ondan sonra Horadiz sevimli məkana çevrildi uşaq yaddaşımda, amma yolumuzun üstündə olan bu yerdə heç vaxt ayaq saxlamazdıq. Qatarlar çox dayanardı burda, ən böyük stansiya idi ona görə. Sonuncu dəfə də belə olmuşdu...

***

Bir az qabağa gedən kimi ən hündür nöqtədə dalğalanan bayrağımız görünür. Ora 2016-cı ilin aprel döyüşlərinin yadigarı Lələtəpədi demək...

Hə, bura Cəbrayıldı artıq, o yol Cocuq Mərcanlıya gedir.

Burdan sonra bir il əvvələ kimi düşmən tapdağında olan torpaqlar gəlir. Vətən müharibəsinin ilk azad olunan kəndləri, Ordumuzun ayağının ilk dəydiyi torpaqlar, zəfər müjdəsini ilk aldığımız yerlər.

“Bax, bu yol Xudafərinə gedir, bu yoldan dönsən...” Bu yollara nabələd, bu torpaqlara yad olan sükan arxasında oturan doğma adama buraları anladıram: “28 il əvvəl qatarla getmişdik bu yolu”...

Hava çox isti, günəşlidi, səma çox aydındı. Payızda buralar belə isti olurdu? Xatırlamağa çalışıram. Yada sala bilmirəm. Pəncərəni bir az da açıb, doyunca nəfəs alıram, tamarzı kimi. Hə, bu fərqli havadı, fərqli iqlimdi.

Qışın şaxtasına, yayın istisinə, rütubətinə dözməyəndə çox demişdim - “Bizdə belə deyildi”. Amma illər keçdikcə bizdə hava necə olurdu, yada sala bilmirdim. Yadıma düşən bunlar olurdu təkcə - qışda əlcəksiz əllərimiz çatlayar, şaxtada çox qalanda qanı axardı. Yayda ən isti havada belə rütubət olmazdı, axşamüstü olan kimi sərin meh sanki su səpərdi hər yana. İndi isti meh əsir...

***

Yolun kənarları sıx ağaclıq idi, sanki yaşıl tunelə daxil olurdun. İndi tək-tük ağac görünür, bomboşdu hər tərəf. Yol həmin yoldu, amma çox yeyilib, aşınıb, çuxurları çoxdu, təkərlər tez-tez çala-çuxura düşür. Şair demişkən, bu yolları, kim bilir necə yüz dəfə yağışlar, leysanlar yuyub, sonra gün qurudub. Bir il əvvəl bu yollara, hər tərəfə müqəddəs şəhid qanları tökülüb. Onu heç bir yağış, dolu, leysan yuya bilməz.

Bizim qəhrəmanlar düşməni həm də bu yolla qovub, canını qurtarıb, qaça bilənlər həm də bu yolla qaçıb.

Bizim zəfər ordusu yəqin ən çox bu yolla qabağa gedib – Qubadlıya, Zəngilana, Laçına…

Bir-bir kənd adları yazılan lövhələr görünür - Quycaq, Şəybəy...

Yolun solundakı lövhəyə Böyük Mərcanlı yazılıb. Cəbrayılın ən böyük kəndi - Vətən müharibəsinin başlandığı ilk gün azad olunan kənd. Çox böyük kənd olub, bir başında yaşayan o biri başında olanları tanımazmış. İndi ordan tək-tük dik duran divarlar qalıb, evlərin yerində bircə ovucluq daş-çınqıl...

Buralı şairin misraları yaddaşımda canlanır - Tək bir dərəsiz, dağsız da Vətən yarım Vətən demək... Elə onlarsız biz özümüz də yarım, yarımçıq idik.

Ucadan kənd adlarını oxuyuram - Mehdili, Karxulu, Marallı (Maralyan indi belə adlanır)... Daha bir viran qoyulan kənd - Mahmudlu - doğma dəmir yolu stansiyası. Burdan bizim kəndə 10-15 kilometr olar, deyirəm.

Yolun solunda uzaqdan yaşıllıqlar içində kəndlər, obalar görünür, çaşıram bir anlıq, salamat kəndlər var ki? Yox, Cəbrayıl deyil, Arazın o tayıdı. O zamanlar nəzərə çarpmırdılar. İndi bu viranə kəndlərin fonunda çox abad, gözəl görünür oralar.

Yolun sağ-solundakı böyük üzümlüklərin beton dirəkləri qalıb ancaq. Nə əcəb qalıb bunlar, nə əcəb aparmayıb hər şeyi yağmalayanlar? Bəlkə də yeni basdırıblar?

Məşhur Şükürbəyli dairəsinin yeri gönünür. Burdan yollar haçalanır - qonşu rayonlara, rayonun kəndlərinə gedən yollar.

Soltanlı - Cəbrayılın ikinci böyük, bəlkə ən abad kəndi. Quru, uçuq divarlar boylanır. 28 il əvvəl gecənin qaranlığında Soltanlıda mindiyimiz qatarın keçdiyi dəmir yolunu axtarıram. Sağa-sola boylanıram, görünmür. Dəmir yolu nə gəzir, çoxdan söküb aparıblar. Bircə salamat ev, bircə salamat bina yoxdu. İkimərtəbəli evin içi görünür – divara ortadan tünd xətt çəkilib, aşağı tünd, yuxarı açıq rəngdə rənglənib. Sevincək deyirəm ki, bizim də evin otaqlarından biri belə rəngli idi, demək 28 ildə qalıb...

İndi boş qalan yerlər göz işlədikcə uzanan üzümlüklər, ya da taxıl sahələri idi. Bu vaxtlar üzümlüklərdə məhsul yığımı başa çatmış olurdu. Kollarda, yarpaqlar arasında gizlənən tək-tük qızaran üzüm salxımları qar yağana kimi qalardı. Bu zaman biçilmiş taxıl sahələrinin qızılı rəngdə yerinə, bir də sovulmuş bostan sahələrinə mal-qaranı buraxardılar. Ucu-bucağı olmayan tut bağlarının xəzələni yığıb heyvanlara verərdilər. Heç biri yoxdur, sanki heç biri olmayıb. Qalanlar ancaq quraqlıqdan yanan otlar, qanqal kollarıdı. Bu boyda yolda bircə quş da gözə dəymir. Bu uzun yolda bircə it, bircə pişik də yoxdu.

Yolun solunda Arazın o tayında qoyun, mal sürüsü çayın kənarına yığılıb. Bizdə də belə idi, günorta mal-heyvanı örüşdən kölgəyə gətirər, böyük çinarların altında kəhrizlərin, göllərin başında kölgələyərdilər. Çinarlar, kəhrizlər də yoxa çıxıb.

Qalan tək-tük ağacları düşüb oxşamaq, əzizləmək istəyirsən. 27 il yol gözləyən doğma ağacları. Yox, düşmək olmaz, hara baxırsan minalı sahələri göstərən nişanlardı. Hara baxırsan minaaxtaranların çadırlarıdı...

Bəs niyə ağaclar belə balacalaşıb? Cırlaşıb görəsən, yoxsa onlar çoxdan quruyub, bunlar yerində pöhrələnib?

Xudafərinə aparan yol uzanır, yol bitmir. Cəbrayıl belə böyükmüş? Hələ bu bir tərəfidi.

Bu da Araz, deyirəm, indi aydın görünür, dumdurudu, amma suyu azalıb. 30 il əvvəl bundan iki dəfə gur idi, müqayisə edirəm.

Bizim nurlu əsgər balaları lap yaxından görürük - sərhədçilərimizi. Sevincdən adamın ürəyi atlanır. Maşını saxlayıb, “Salam, əsgər”, deyirik. Onlar da salamlaşır.

Su anbarına çatırıq, böyük ərazini əhatə edir. Anbardan körpülərə kimi xeyli məsafə qət edirik, nəhayət Xudafərin boylanır. 27 illik işğala şahidlik edən Xudafərin, məğrur Xudafərin.

İlk və son görüşümüzdən çox il keçib. Sovet-rus əsgərləri yaxına getməyə imkan vermədilər deyə, elə uzaqdan baxdıq. İndi doğma əsgərimiz, sərhədçimiz dayanıb həndəvərində. Biz köçkün, o isə əsir olub. 27 ilin əsirinə, 1 il əvvəl əsirlikdən azad olunan körpümüzə əlimizi, üzümüzü sürtürük. Bir il əvvəl üstündə ucaldılan bayrağının kölgəsinə sığınırıq.

“Xoş gördük, Xudafərin. Xoş gördük, Vətən”.

Onun iki addımlığında xarabazara çevrilən adaşı - Xudafərin kəndinin mənzərəsi ürək parçalayır. Amma viran qoyulan, üzü Araza, onun dumduru sularına, əsrlər şahidi Xudafərinə baxan, xaraba qoyulan bu daş-divar da məğrur dayanıb. Sakinlərini gözləyir, işğaldan qurtulan o biri kəndlərimiz, obalarımız kimi.

İllərin həsrətlisi kimi Xudafərinə, onun daş-qayasına çırpılıb axan Araza saatlarla tamaşa etmək istəyirsən. Amma tez bitir ziyarətimiz - Xudafərinə, buralarda şəstlə gəzən, gülərüz əsgər balalara “Salamat qalın” deyib, başqa səmtə yön alırıq. Şükürbəylidəki məşhur dairədən düz yuxarı qalxan yola üz tuturuq.

Nişanə yoxdur, bir az qabaqda daha bir kəndin xarabalığı görünür.

Bu da köhnə yoldu, rayonun bir hissəsini mərkəzi ilə birləşdirən yol. Əvvəlkindən qat-qat genişdi, çünki indi qlobal əhəmiyyətli yola çevrilib, tikintisi sürətlə davam edən Şükürbəyli - Cəbrayıl-Hadrut yolu.

Böyük tutumlu yük maşınları, traktorlar, çoxsaylı avadanlıqlar, çoxsaylı işçi qüvvəsi, bir də hər addımda o yan-bu yana şütüyən “Pikap”lar. Böyük bir maşın yolda qalxan tozu yatırmaq üçün əraziyə su səpir. Belə görünür, yol tezliklə hazır olacaq. Bu möhtəşəm tikinti meydançasını xatırladan yoldan ayrılıb üzü yoxuşa qalxan yolla irəli gedirik. Bura haradır? Arxada oturan iş yoldaşım telefonuna baxır “Burda set itir, internet tutmur”, deyir. Birdən “Qurbantəpə yazılıb”, deyir. Elə bu an təpənin üstündəki Cəbrayıl yazısını görüb, sanki yuxudan ayılıram.

Xoş gördük, Vətən! Xoş gördük, doğma torpaq, xoş gördük dünyanın ən doğma, ən balaca şəhəri. Hərçənd düşmən səndə şəhərlik qoymayıb, hər şeyini viran edib.

Bura Cəbrayıl şəhərinin girəcəyidi. Bir neçə bina, 3-4 ev görünür. Nəsə tikmək, qurmaq xislətinə yaddır düşmənin, onlar ancaq dağıtmaq, daşımaq, oğurlamaq bilir. Bizdən qalan bu binaları, evləri də sökərdilər, amma hərbi hissələri idi, hərbçiləri burda yaşayırmışlar son günlərinə qədər.

Dağıntılar, uçqunlar, talanlar bir tərəfə, hər hər yerin səmti, relyefi dəyişib sanki. Bənzətmək, müqayisə etmək çox çətindir. Maşın qəbiristanlığın - erməni vandalizminin daha bir sübutunun – dağıdılmış qəbirlərin yanında dayanır. Bəziləri qazılıb, bəzi qəbirlərin ancaq yeri qalıb, bəzilərinin başdaşı aşıb - sakit baxmaq üçün gərək daşdan olasan. Bizimlə birgə olan xarici jurnalistlərdən biri olan qadın göz yaşını silir:

"İlahi, qəbirlər, bu sümüklər kimə nə edirdi? Niyə qoymayıblar ölülər sakit yatsın? Bunu hansı xalq edər axı?.."

Burdan uca dağlar görünür, bir il əvvəl düşmənin alınmaz qala hesab etdiyi mövqelər, yüksəkliklər. 93-cü ildə də həmin mövqelərindən od yağdırırdılar Cəbrayıla.

Çox qısa zamanda burdan görə bildiyim yerlərə baxıb bunları pıçıldaya bilirəm - “Salamat qal, susuz qalan, cadar-cadar olan, üstünə şəhid qanı axan, yaraları indi-indi qaysaqlayan müqəddəs torpaq. Bu yıxılan evlər, binalar dikələcək, qəddin düzələcək, daha gözəl imarətlər qurulacaq səndə, az qalıb. Yenidən çal-çağırlı günlərin qayıdacaq. Səni azad edib qanını bu torpaqda axıdanların, sənə həsrət qalıb dünyadan köçənlərin daim üzərində dolaşan ruhları bir də onda sevinəcək…

Və məhz bu gün - işğaldan azad olunmanın ildönümündə Azərbaycan Prezidenti, Ali Baş Komandan yenidən Cəbrayıla səfər edib. DSX-nın hərbi hissə kompleksinin açılışını edib. Sənaye Parkının, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdizadə adına məktəbin binasının təməllərini qoyub. Cəbrayıl Memorial Kompleksi və Cəbrayıl şəhərinin bərpasının təməl daşını da qoyub dövlət başçısı. Əsirlikdən azad olunduğun günün mübarək, doğma torpaq! Dirçəlişin mübarək!

Ardı var...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR