Ziyafət Əsgərov Özbəkistanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru ilə görüşüb

Ziyafət Əsgərov Özbəkistanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru ilə görüşüb
# 20 may 2021 18:10 (UTC +04:00)

Mayın 20-də Milli Məclisdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədri Ziyafət Əsgərov Özbəkistan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanov ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, öncə Azərbaycanla Özbəkistan arasında diplomatik əlaqələrin tarixindən söz açan Ziyafət Əsgərov müstəqillik dövründə münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. İkitərəfli çoxşaxəli əməkdaşlıq əlaqələrinin genişlənməsində dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin rolundan danışıb. Parlamentlərimiz arasında əlaqələrin genişlənməsi istiqamətində hər iki tərəfdən dostluq qruplarının səmərəli fəaliyyət göstərdiyini qeyd edib. Dost və qardaş Özbəkistanın hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini, Vətən müharibəsi günlərində də həmin mövqeyinə sadiq qaldığını deyib və bütün bunların ölkəmizdə çox yüksək qiymətləndirildiyini bildirib.

Görüşdə Özbəkistan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanov son vaxtlar münasibətlərin inkişafında müsbət dinamika müşahidə olunduğunu, ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi vacibliyini qeyd edib. O, Özbəkistanda 5 istiqamətdə aparılan genişmiqyaslı islahatlardan bəhs edib, antikorrupsiya fəaliyyətinin həmin istiqamətlərdən biri olduğunu deyib. Direktor başçılıq etdiyi qurumun yeni yarandığını və Azərbaycanın antikorrupsiya sahəsindəki təcrübəsini öyrənmək istədiklərini bildirib.

Qonaq Özbəkistanın Korrupsiyaya qarşı Mübarizə Agentliyi barədə ətraflı məlumat verib. Parlamentlə sıx əməkdaşlıq şəraitində işlədiklərini deyib. O, korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsinə Özbəkistanda dövlət səviyyəsində yüksək əhəmiyyət verildiyini diqqətə çatdırıb.

Söhbət zamanı Milli Məclisin komitə sədri Ziyafət Əsgərov ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərdən söz açıb. Müvafiq Prezident fərmanları, Milli Məclisin qəbul etdiyi qanunlar, qoşulduğumuz beynəlxalq konvensiyalar, korrupsiyaya qarşı mübarizə aparan qurumlar, hüquq-mühafizə sistemində gedən islahatlar, xüsusilə kadr məsələləri, şəffaf fəaliyyəti ilə əhalinin rəğbətini qazanmış olan ASAN brendi və s. barədə ətraflı məlumat verib. Başçılıq etdiyi komitənin əlaqədar qurumlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, qanunverici orqan olaraq Milli Məclis korrupsiyaya qarşı səmərəli mübarizə aparılması üçün lazımi hüquqi bazanın yaradılması istiqamətində ciddi addımlar atıb. Qəbul edilən qanunlar cəmiyyətdə korrupsiya və rüşvətxorluq hallarının azalmasında əhəmiyyətli rol oynayıb.

Akmal Burxanov Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulmasını, həmçinin Milli Məclisin təcrübəsinin öyrənilməsini vacib saydıqlarını bildirib. Hazırda korrupsiyaya qarşı mübarizə sahəsində çoxsaylı normativ hüquqi aktların layihəsini hazırladıqlarını və bu işdə parlamentin dəstəyinin zəruriliyini qeyd edib. Qonaq Azərbaycanda sahə mütəxəssisləri və deputatlarla keçirdikləri görüşlərin əhəmiyyətini yüksək dəyərləndirib.

Görüşdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvləri Əminə Ağazadə, Arzu Nağıyev və digər rəsmi şəxslər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR