Ali Baş Komandana yazırlar: “Sizin əmrinizdəyik və hər zaman Sizin yanınızda olmağa hazırıq!”

Ali Baş Komandana yazırlar: “Sizin əmrinizdəyik və hər zaman Sizin yanınızda olmağa hazırıq!”
# 06 oktyabr 2020 17:38 (UTC +04:00)

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlməyə davam edir.

APA məktublardan bəzilərini təqdim edir:

“Çox hörmətli cənab Prezident.

Sizin torpaqlarımız uğrunda apardığınız bu əzmkar mübarizəni uzun illərdir Azərbaycanda yaşayan rus xalqının bir nümayəndəsi kimi sonadək dəstəkləyəcəyəm. Otuz ildir yağı düşmənin əsarətində olan torpaqların tezliklə azad edilməsini səbirsizliklə gözləyirəm.

Cənab Ali Baş Komandan, Sizin və Ordumuzun əməyi, davamlı səyləri nəticəsində hər gün yeni qələbə xəbərləri alırıq. Fəxr edirəm ki, belə əzmli Ali Baş Komandanımız və yenilməz ordumuz var. Bu tarixi günləri bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, ürəyim bütün Azərbaycan Ordusu ilə bir döyünür. Bütün əsgər analarının ağrısı mənim də ağrımdır, sevinci mənim də sevincimdir. Əziz Prezidentim, mən Sizinlə fəxr edirəm. Qoy, Ulu Tanrı bu haqq yolunda Sizi və Azərbaycan xalqını qorusun!

Yekaterina Məmmədova, Sumqayıt, Azərbaycan”.

“Çox hörmətli cənab Prezident.

Bizim ailəmiz dəfələrlə doğma yurd-yuvasından köçkün düşüb. Keçən əsrin ortalarında Dərələyəz mahalından, 1993-cü ildə isə Kəlbəcər rayonundan məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalıb.

Sizin hal-hazırkı mövqeyiniz bizim ailə tərəfindən dərin hörmətlə qarşılanıb. Sizin düzgün siyasətiniz həm dünya, həm də Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Sizin tutduğunuz bu haqq yolunda Allah Sizə yar olsun.

Öz adımdan və ailəmiz adından Sizin apardığınız bu haqq işini dəstəkləyirəm.

Cənab Prezident, mən 2018-ci il Məkkə şəhərində Ümrə ziyarətində olarkən Sizin şəklinizi aparıb Allah evinin üzərinə qoyub dualar etmişdim. İnşallah ki, mənim dualarım qəbul olar.

Allah Sizi qorusun. Allah ailənizi qorusun.

Allah bu işdə Sizə yardımçı olsun.

Azərbaycan bayrağı tezliklə işğaldan azad olunmuş torpaqlarda dalğalansın.

Hədiyyə Balacayeva, Bakı, Azərbaycan”

“Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtmış dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində atəşkəs rejiminə nail olmaqla, ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən demokratik islahatlar Azərbaycanın Cənubi Qafqazda lider dövlət olması ilə yanaşı, dünya siyasi arenasında da öz sözünü deyən ölkəyə çevrilməsinə zəmin yaratdı. Beləliklə, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, milli təhlükəsizliyinin təmin olunmasına və sosial-iqtisadi tərəqqisinə nail olduq.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın xarici siyasət kursunda ciddi dəyişikliklər etməsi, Azərbaycan-Türkiyə, Azərbaycan-Pakistan, Azərbaycan-Rusiya, Azərbaycan-ABŞ tərəfdaşlığı Azərbaycanın digər dünya dövlətləri ilə münasibətlərində keyfiyyətcə yeni bir mərhələnin başlamasına təkan verdi. Sağlam təməllər üzərində qurulmuş ikitərəfli əməkdaşlıq əlaqələri bu ölkələr arasında münasibətləri inkişaf etdirdi.

Hazırda Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqidir. Azərbaycan-Türkiyə münasibətləri bölgədə və dünyada sülhün bərqərar olması, təhlükəsizliyin təmin edilməsi işinə öz töhfəsini verir.

Möhtərəm cənab Prezident, yüksək beynəlxalq nüfuza malik, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Sizin apardığınız rasional və balanslaşdırılmış xarici siyasət nəticəsində BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.

Sizin Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz dövrdə ölkəmiz qlobal informasiya məkanında mövqeyini möhkəmləndirmiş, erməni diasporunun, lobbisinin, Ermənistan dövlətinin və onun havadarlarının ölkəmizə qarşı apardığı informasiya müharibəsinə fəal müqavimət göstərmiş, hətta son dövrlərdə tam üstünlüyü ələ almışdır. Ölkəmizin beynəlxalq nüfuzunun artması isə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına əlavə imkanlar yaradır.

Möhtərəm cənab Prezident, bu il sentyabrın 27-dən erməni separatçılarının Azərbaycan Ordusunu və mülki şəxsləri hədəfə alması, danışıqlar prosesini yenidən pozması qarşılığında erməni vandallarına dərs verərək, torpaqlarımızı işğaldan azad etmək qərarınız tərəfindən ruh yüksəkliyi ilə qarşılandı. Xalqımızın övladları Vətən yolunda canlarından keçməyə hazırdırlar. Şəxsən mən özüm də erməni vandalları ilə vuruşmağa hazıram. Bu uğurlu yolda hər zaman, son damla qanımıza kimi Sizin yanınızdayıq.

Siz çox gözəl qeyd etdiniz ki, geriyə yol yoxdur. 30 il biz onlara şans verdik, artıq bəsdir. Sizin “Rusiya-1” telekanalına verdiyiniz videomüsahibədə çox sərrast və düzgün mövqe tutmağınız bütün dünyanın gözü qarşısında erməni tərəfinin haqsız olduğunu açıq-aydın göstərdi.

Cənab Prezident, ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda Sizə və Ali Baş Komandanı olduğunuz şanlı Ordumuza yeni uğurlar diləyirik. Şəhidlərin qanı yerdə qalmayacaq, Milli Ordumuz Sizin komandanlığınızla onların qisasını alacaq.

Yaşasın Azərbaycan! Yaşasın İlham Heydər oğlu Əliyev!

Rəşad Qasımov, Biləsuvar, Azərbaycan”.

“Hörmətli cənab Prezident.

Cəbrayıl şəhərinin erməni işğalçılardan azad olunması münasibətilə Sizi və bütün Azərbaycan xalqını Udi xalqı adından ürəkdən təbrik edirəm. Arzu edirik və inanırıq ki, bütün Qarabağı azad edəcəyik.

Azərbaycanda yaşayan azsaylı xalqlar və milli azlıqlar bir ailə kimi, tolerantlıq şəraitində yaşayırlar. Necə deyərlər, bir-birlərinə can deyib, can eşidirlər. Bütün dünya da bunu görür və Azərbaycanı tolerant, multikultural dəyərlərə sahib olan bir ölkə kimi tanıyır. Bircə bu bədnam qonşularımız ermənilərlə yola gedə bilmirik. Çünki, onların niyyətləri məkrlidir. Həmişə kiminsə varına, mülkünə, torpağına göz dikiblər. Belələrini torpaqlarımızdan qovub çıxarsaq yaxşıdır.

Cənab Prezident, Sizə Qarabağ Qələbəsi arzulayıram.

Ayvver Nasibov, Qəbələ, Azərbaycan”.

“Hörmətli Prezidentimiz, cənab Ali Baş Komandan.

Bütün xalqımız kimi, biz - Qazax rayonu Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin kollektivi də Sizin qətiyyətli rəhbərliyinizlə rəşadətli Azərbaycan əsgərlərinin qazandığı uğurlarla fəxr edirik. Sizə sonsuz minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin əzmkar komandanlığınız, Azərbaycan Ordusunun dönməz iradəsi, igidliyi və şücaəti sayəsində yaxın günlərdə ən böyük qələbəyə nail olacağıq. Tanrı Sizi qorusun.

Söylü Xəlilova, Qazax, Azərbaycan”.

Hörmətli cənab Prezident.

Siz dünyanın ən savadlı, ən vətənpərvər və uzaqgörən dövlət başçısısınız.

Mən Sizə bütün ağcabədililər adından təşəkkür edirəm. Düşmənin son günlər ağır artilleriya hücumuna biz ağcabədililər də məruz qalmışıq. Lakin bu, bizi qorxutmur, çünki arxamızda Sizin kimi mərd, qürurlu sərkərdə, sərhədimizdə heç nədən çəkinməyən, mətin, qəlbi Vətən eşqi ilə döyünən cəsur igidlərimiz var.

Sizə cansağlığı arzu edirəm. Allah Ordumuzu qorusun. Allah Sizi və bütün türk millətini qorusun. Türkün türkdən başqa dostu yoxdur.

Çingiz Hüseynov, Ağcabədi, Azərbaycan”.

Hörmətli cənab Prezident.

Qədim və zəngin tarixi, görkəmli elm və dövlət xadimləri ilə tanınan Cəbrayıl rayonunun işğaldan azad olunması ilə əlaqədar cəbrayıllılara, bütövlükdə xalqımıza müraciətiniz, təbrikiniz məni, ailəmi, qohumlarımı və dostlarımı qəlbən sevindirdi. Çox sağ olun. Əzminiz, qüdrətiniz var olsun.

Allah Azərbaycan xalqına böyük Qələbənin sevincini yaşamağı nəsib etsin. Allah Sizi qorusun.

Vidadi Xəlilov, Bakı, Azərbaycan”.

“Xalqının məğrur, igid və əvəzolunmaz Ali Baş Komandanı.

Sizin bu şücaətiniz qarşısında bütün varlığımızla ehtiramımızı bildiririk. Siz bir qəhrəmanlıq tarixi yazırsınız. Ulu öndərimiz Heydər Əliyevin və şəhidlərimizin ruhunu şad eləyirsiniz. Qələbə sevinci əsrlər boyu Azərbaycan xalqının ürəyində yaşayacaq silinməz izlər qoydu.

Azərbaycan xalqına Sizin kimi parlaq bir günəş bəxş etdiyi üçün Ulu Öndərimizin yeri cənnət olsun. Biz Sizinlə öyünməyə haqlıyıq. Bütün varlığımızla Sizə bağlıyıq. Var olun. Allah Sizi düşmən fitnəsindən, bədnəzərdən qorusun.

Şölə Süleymanova, Naxçıvan, Azərbaycan”.

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Sizin rəhbərliyinizlə Ordumuzun apardığı uğurlu əməliyyatlar nəticəsində torpaqlarımızın müəyyən bir hissəsi işğaldan azad olunub. Bu münasibətlə Sizi və xalqımızı təbrik edirik.

Hörmətli cənab Prezident, biz Sizinlə fəxr edirik. İnanırıq ki, rəşadətli ordumuz Sizin rəhbərliyinizlə tezliklə bütün torpaqlarımızı işğaldan azad edəcək.

Hörmətli cənab Prezident, Qubadlı rayonundan olan məcburi köçkünlər Sizin xarici və daxili siyasətinizi dəstəkləyir, ətrafınızda sıx birləşir. Xalqımızın rifahı naminə gördüyünüz bütün işlərdə Sizə yeni uğurlar arzulayırıq.

Ulu Tanrı Sizi və ailənizi qorusun.

Əvəz Həsənov, Sumqayıt, Azərbaycan”.

“Möhtərəm cənab Prezident.

Bütün Azərbaycan xalqı kimi, mən də Sizinlə fəxr edirəm. Allah Sizə uzun ömür, cansağlığı versin.

Sizin apardığınız uğurlu daxili və xarici siyasəti bəyənir və dəstəkləyirik. Siz bizim qürur mənbəyimizsiniz.

Azərbaycan Ordusunun nail olduğu qələbələri bizlərə çatdıran zaman, gözlərinizdəki o sevinci görmək bizin üçün əvəzolunmaz bir duyğudur. Allah Sizin gözlərinizdən o sevinci heç zaman əksik etməsin.

Mən və ailəm Sizə bu haqq yolunda yeni böyük uğurlar arzu edirik.

İlqar Çələbiyev, Oğuz, Azərbaycan”.

“Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə qüdrətli ordumuzun qəhrəmanlığı ilə son günlər işğal altında olan doğma torpaqlarımızın bir hissəsinin mənfur düşməndən azad edilməsi xəbərləri, bizdə qürur hissi yaradır. Buna görə Sizə minnətdarıq və bu haqq yolunda bütün Azərbaycan xalqı Sizin arxanızdadır.

İnanırıq ki, çox tezliklə Sizdən Şuşanın azad olunması xəbərini eşidəcəyik. Sizə və bütün xalqımıza Qələbə əzmi yaşamağı arzu edirəm.

Allah Sizi və ailənizi qorusun. Var olun, cənab Ali Baş Komandan!

Sevda Həşimova, Bakı, Azərbaycan”.

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Sizin Rusiya Federasiyasının Soçi şəhərində keçirilən Valday forumunda səsləndirdiyiniz “Qarabağ Azərbaycandır!” kəlməsi bu gün bir daha müzəffər Ordumuz tərəfindən öz təsdiqini tapmaqdadır. İşğal olunmuş ərazilərimizin erməni quldurlarından ard-arda təmizlənməsi Sizin məqsədyönlü və uzaqgörən siyasətinizin nəticəsidir.

Cənab Ali Baş Komandan, Sizi əmin etmək istəyirəm ki, biz şəmkirli gənclər Ordumuzun qələbələrindən ruhlanaraq, hər an döyüşə hazırıq.

Yaşasın Müstəqil Azərbaycan! Yaşasın cənab Ali Baş Komandan!

İlkin Musayev, Şəmkir, Azərbaycan”.

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Uzun illərdir ki, erməni qəsbkarlarının torpaqlarımızı işğal altında saxlaması xalqımızın, eləcə də Azərbaycan hökumətinin səbr kasasını doldurmuşdur.

Son günlər işğal altında olan ərazilərimizin geri qaytarılması və beləliklə, ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində apardığınız daxili və xarici siyasəti dəstəkləyir və alqışlayıram. Hər an qələbə müjdəsi gözləyirəm.

Bu gün, demək olar ki, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir kəs Sizin ətrafınızda sıx birləşib.

Seçdiyiniz yol haqq yoludur. Ən qısa zamanda Qarabağın azad olunması xəbərini gözləyirik.

Siz xalqımızın qürur mənbəyisiniz. Allah Sizi qorusun.

Məhərrəm Orucov, Füzuli, Azərbaycan”.

“Əziz Prezidentim cənab İlham Əliyev.

Sizi və müzəffər ordumuzu zəfərlər təbrik edir, bununla bağlı Sizlərə çox böyük minnətdarlığımı çatdırıram.

Eşitdiyim hər zəfər xəbəri, inanın ki, məni sanki, göylərə qaldırır. Suqovşanın qayıdışı, Cəbrayılın 27 illik həsrətinin sonu gələcək uğurlarımızın müjdəçisidir.

Tarix hər zaman igidlər və ərənlər yetişdirir. Hansı igidlər ki, onlar sözün əsl mənasında tarix yazırlar. Siz, əziz Prezidentim, bu gün Türkün şanlı tarixini yazırsız.

Qoy Tanrı Sizi və səngərdə olan igidlərimizi qorusun. Qafqazın incisi Qarabağımıza qayıdışa doğru, İnşallah.

Biz Sizə və aslan ürəkli igidlərimizə güvənirik və inanırıq. Tanrı Sizləri qorusun.

Səbinə Əlizadə, Gəncə, Azərbaycan”.

“Hörmətli cənab Prezident.

Azərbaycan xalqı qəhrəman xalqdır. Xalqımız Sizin kimi vətənpərvər övladlar yetişdirib. Sizin qətiyyətli sözləriniz hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur. Bu gün hər birimiz torpağımızın bütövlüyü uğrunda canımızdan belə keçməyə hazırıq.

İnanırıq ki, qəhrəman Azərbaycan Ordusu zəfər çalacaq, üçrəngli bayrağımızı doğma Qarabağımızda dalğalandıracaqdır.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Səfər Ramazanov, Zaqatala, Azərbaycan”.

“Möhtərəm cənab Prezident.

Torpaqlarımızın geri qaytarılması üçün apardığınız uğurlu siyasətə görə Sizə Göyçay gəncləri adından böyük minnətdarlığımı bildirirəm.

Cənab Prezident, bir neçə gündür ki, işğal altında olan torpaqlarımızın azad edilməsi xəbərini alır və qürur hissi keçiririk.

Ümid edirik ki, şanlı ordumuz mənfur düşmən üzərində qələbə çalacaq və işğal olunmuş torpaqlarımız geri qaytarılacaq.

Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu!

Orxan Aslanov, Göyçay, Azərbaycan”.

“Hörmətli cənab Prezident.

Sizə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin çoxsaylı üzvləri və Cəbrayıl rayon sakinləri adından dərin minnətdarlığımızı bildirir və təbriklərimizi çatdırırıq.

Sizin rəhbərliyiniz sayəsində Azərbaycanın ərazi bütövlüyü sözün əsl mənasında qorunur və torpaqlarımız düşmən tapdağından azad olunur. Məhz bu münasibətlə Siz başda olmaqla, bütün əsgər və zabitlərimizə cansağlığı, möhkəm iradə və xalqımıza qələbə sevinci bəxş edəcək bir yürüş, qalibiyyət arzulayırıq.

Fəxr edirik ki, Sizin kimi dövlət başçımız var və gələcəyimiz etibarlı əllərdədir.

Bir daha Sizi Vətən uğrunda canını və sağlamlığını qurban verən müharibə əlilləri adından təbrik edirik. İnşallah, Sizinlə Cəbrayılda görüşüb, ayağınız altında qurban kəsərik.

Tanrı Sizi qorusun.

Səbuhi Hüseynov, Cəbrayıl, Azərbaycan”.

“Möhtərəm cənab Prezident,

Ordumuzun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə qazandığı qələbələr xalqımız tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanır.

Azərbaycan Ordusuna torpaqlarımızın azad olunması barədə əmr verdiyinizə görə Sizə təşəkkür edirəm.

İnanırıq ki, Sizin rəhbərliyiniz altında tezliklə Azərbaycan Ordusu üçrəngli bayrağımızı doğma Qarabağımızın hər bir guşəsində dalğalandıracaqdır.

Allah Sizi və xalqımızı qorusun!

Əlixan Babayev, Şamaxı, Azərbaycan”.

Türkiyədən də Azərbaycan Prezidentinə məktublar göndərilir. Mümin Kivanc İstanbuldan yazır: “Hörmətli cənab Prezident.

Uzun illərdir özümə Vətən bildiyim, burada ailə qurduğum Azərbaycanla və övladlığa götürdüyüm balamın qürurla daşıdığı Azərbaycan Respublikasının pasportu ilə qürur duyuram, bu hisslər üçün Sizə minnətdarlıq edirəm.

Bilmənizi istəyirəm ki, Sizin rəhbərliyinizlə bütün Azərbaycan xalqı bu günlərdə Vətənimiz Qarabağ uğrunda mücadilə aparır.

Bizi özündən ayrı görməyən böyük Azərbaycan xalqının qonaqpərvərliyi və əbədi qardaşlığımız naminə əlimdən, ürəyimdən gələn hər bir köməyi Sizə və Azərbaycan xalqına verməyə hazırıq.

Allah bu işdə Azərbaycan Ordusuna kömək olsun.

Yaşasın Azərbaycan, Yaşasın Türkiyə!”

Rövşən Bərduxanov isə Ankaradan yazır: “Möhtərəm cənab Prezident.

Siz dünyanın bir neçə ölkəsində fəaliyyət göstərən və Yüksək Hərbi Texnologiyalara sahib olan “FDl GROUP” şirkəti olaraq, ilk növbədə, Sizə salamlarımızı çatdırır və ehtiramımızı bildiririk.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı olaraq erməni faşistlərinə qarşı apardığınız mübarizəsini dəstəkləyir, Qarabağ uğrunda başladığınız uğurlu əməliyyatları davam etdirməyinizi arzulayır və Azərbaycanın işğal altında olan bütün torpaqlarının azad olunacağına inanırıq.

Biz “FDl GROUP” şirkəti olaraq bütün potensialımız və texnoloji imkanlarımızla Şanlı Ordumuzun yanında olmaqdan və Azərbaycan xalqı ilə bərabər erməni qəsbkarlarından şəhid qardaşlarımızın intiqamını almaqdan şərəf duyardıq.

Cənab Ali Baş Komandan, Sizin əmrinizdəyik və hər zaman Sizin yanınızda olmağa hazırıq.

Allah Sizi və Azərbaycan xalqını qorusun. Xalq Sizinlədir və zəfər Sizinlədir.

Biz, Türkiyədə yaşayan azərbaycanlılar və böyük Türk xalqı həmişə Sizin yanınızdayıq”.

Eldar Əliyev və başqaları isə Rusiyanın Sankt-Peterburq şəhərindən yazır: “Cənab Ali Baş Komandan!

Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusunun qələbələri, həmçinin Cəbrayıl rayonu və ətraf kəndlərin azad edilməsi münasibətilə Sizi və xalqımızı ürəkdən təbrik edirik.

İnanırıq ki, Sizin komandanlığınız altında tezliklə Azərbaycan Ordusu tarixi ədaləti bərpa edəcək və Vətənimizin ərazi bütövlüyü təmin olunacaqdır!

Yaşasın Azərbaycan! Var olsun Ali Baş Komandanımız və onun rəhbərliyi altında Azərbaycanın müzəffər ordusu!

Qarabağ Azərbaycandır!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR