Deputat: “Torpaqlarımız işğaldan azad edildikcə görürük ki, bütün kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz darmadağın edilib”

Deputat: “Torpaqlarımız işğaldan azad edildikcə görürük ki, bütün kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz darmadağın edilib”
# 06 noyabr 2020 12:10 (UTC +04:00)

“İşğal altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq azad edilir. Biz inanırıq ki, müzəffər Azərbaycan Ordusu torpaqlarımızın bütövlüyünü və suverenliyini bərpa edəcək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyev xarici mətbuatdakı müsahibələrində Azərbaycan dövlətinin siyasətini və baş verən hadisələri çox ardıcıl şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırır: “Cənab Prezident Azərbaycanın ünvanına səsləndirilən xoşagəlməz məsələlərə də aydınlıq gətirir. Bir daha diqqətə çatdırır ki, Azərbaycan Respublikası terrorçuluğa qarşı mübarizədə həmişə ön sırada dayanıb. Bununla bağlı bir faktı diqqətə çatdırmaq istəyirəm. 2001-ci ilin sentyabr ayında ABŞ-da terror hadisəsi törədiləndə AŞPA-da Avropa ölkələri susqunluq nümayiş etdirəndə, o zaman nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyev məsələ qaldırdı və bildirdi ki, biz bu məsələyə susmalı deyilik və terrorizmə qarşı mübarizədə qüvvələrimizi səfərbər etməliyik”.

B. Əliyev vurğulayıb ki, bu sözlər hələ o zaman deyilib və Azərbaycan xalqının, dövlətinin iradəsi ortaya qoyulub: “Bu gün torpaqlarımız işğaldan azad edildikcə görürük ki, bütün kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz darmadağın edilib. Mədəni sərvətimiz məhv edilib. Düşünürəm ki, bu məsələlərlə bağlı sənədləşmə aparılmalı, cinayət işləri qaldırılmalı, bu işdə əli olmuş bütün insanlar cinayət məsuliyyətinə cəlb edilməli və onlar haqqında tədbirlər görülməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR