Dövlət başçısı: “İqtisadi müstəqillik əsas məsələlərdən biri idi”

Dövlət başçısı: “İqtisadi müstəqillik əsas məsələlərdən biri idi”
# 12 aprel 2021 17:46 (UTC +04:00)

“İqtisadi müstəqillik əsas məsələlərdən biri idi. Ona da nail olduq. Enerji müstəqilliyinə nail olduq. Tarixi layihələri həyata keçirdik”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında hərbi qulluqçularla görüşdə bildirib.

Prezident deyib ki, 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi: “Əgər, o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz olmazdı. Vəsait yoxdursa, silah da olmayacaqdı. Silahları bizə heç kim bağışlamayıb. Ermənistandan fərqli olaraq 5 milyard dolları heç kim hədiyyə eləməyib. Onların məhv edilmiş və qənimət götürülmüş silahlarının dəyəri 5 milyard dollardır. Biz pulla almışıq, iqtisadi müstəqillik olmasaydı, necə ala bilərdik? Müharibəni necə apara bilərdik? Torpaqlar erməninin tapdağı altında əbədi qala bilərdi. Ona görə iqtisadi müstəqillik əsas idi, bu sahədə də hazırlaşdıq. Ermənistanı dalana çevirməli idik”.

Dövlət başçısı qeyd edib ki, bütün nəqliyyat, kommunikasiya, enerji xətlərini elə çəkdik ki, onlardan yan keçdi: “Mən nə qədər təzyiqlə üzləşdim - yox, bu xətt Ermənistan üzərindən keçməlidir, dəmir yolu Ermənistan üzərindən keçməlidir. Bakı-Tbilisi-Qars inşa edilməməlidir, biz buna kredit verməyəcəyik. Dedim, vermirsən, cəhənnəmə vermə. Mən özüm Gürcüstana 725 milyon dollar kredit vermişəm. Nail olduq, bunu tikdik, Ermənistan dalana çevrildi. Bu, özlüyündə ona gətirib çıxardı ki, Ermənistandan kütləvi köç başlanmışdı. Köç olan kimi bazar daralır. Bazar daraldıqca, heç kim investisiya qoymaz. Adam gərək dəli olsun ki, Ermənistana investisiya qoysun, həm o illərdə, xüsusilə indi. Beləliklə, Ermənistanı iqtisadi cəhətdən çökdürmək əsas vəzifələrdən biri idi, mən bunu gizlətmirdim və buna nail olduq”.

Azərbaycan Prezidenti deyib ki, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ən vacib məsələlərdən biridir: “İkinci Qarabağ müharibəsi göstərdi ki, bu sahədə də böyük uğurlar əldə edilib. Əlbəttə ki, ilk növbədə, ordu quruculuğu. Ordunun maddi-texniki təchizatı, döyüş qabiliyyəti, peşəkarlığı, xidmət şəraiti, hərbçilərin məişət şəraiti yaxşılaşdırıldı. Elə güclü ordu yaratmışıq ki, beynəlxalq reytinqlərdə həmişə 50-ci yerlərdə idik, indi müharibədən sonra təbii ki, daha da yüksək yerlərə qalxacağıq. Müharibə dövründə gücümüzü göstərdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR