Dövlət qulluqçularına ixtisas dərəcələri verilərkən onların xüsusi, hərbi və diplomatik rütbələri nəzərə alınacaq

Dövlət qulluqçularına ixtisas dərəcələri verilərkən onların xüsusi, hərbi və diplomatik rütbələri nəzərə alınacaq
# 30 oktyabr 2020 14:55 (UTC +04:00)

Oktyabrın 30-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda iclası keçirilib.

MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Əli Hüseynli gündəliyə daxil olan 3 məsələni diqqətə çatdırıb.

Əvvəlcə, Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi barədə ikinci oxunuşda məlumat verilib. Bildirilib ki, qanun layihəsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 28 dekabr tarixli qanunun icrası məqsədilə hazırlanıb.

Sonra komitə sədri “Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihəni ikinci oxunuşda təqdim edib. Diqqətə çatdırılıb ki, sənəd “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 3 dekabr tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb.

Qeyd edilib ki, tibbi sığortaya keçidlə əlaqədar icbari tibbi sığorta olunanlara tibbi yardım xidmətlər zərfində nəzərdə tutulduğu hallarda icbari tibbi sığorta haqları hesabına, digər hallarda isə dövlət büdcəsi hesabına göstəriləcək. Bununla əlaqədar adları göstərilən qanunlara müvafiq düzəlişlər edilib. Bir sıra qanunlarda, həmçinin uyğunlaşdırma, terminologiyanın dəqiqləşdirilməsi məqsədilə bəzi dəyişikliklər təklif olunur.

İclasda komitə sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Diqqətə çatdırılıb ki, layihədə təklif edilən dəyişikliklərin bir qismi dövlət qulluqçusuna müəyyən edilmiş tələblər nəzərə alınmadan növbəti ixtisas dərəcəsi verilməsinin, yuxarı inzibati vəzifəyə təyin edilmə hallarının, aşağı ixtisas dərəcəsinin hansı hallarda verilməsinin mümkünlüyünün əsaslarını müəyyən edir. Digər dəyişiklik dövlət qulluqçularına ixtisas dərəcələri verilərkən onların xüsusi, hərbi və diplomatik rütbələrinin nəzərə alınması ilə bağlıdır.

Bundan əlavə, qanunda əvvəl mövcud olmuş “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi” adlı 30-1-ci maddənin təkmilləşdirilməsi təklif olunur. Belə ki, maddənin yeni redaksiyasında əvvəlkindən fərqli olaraq hansı kateqoriya dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə zərurət olmadığı müəyyən edilir, qiymətləndirmə zamanı yekun qiymət verilərkən vacib olan meyarların hədləri konkretləşdirilir.

İclasın sonunda qanun layihələri Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR