Elman Nəsirov: “Ölkəmiz qlobal təhlükə mənbəyinə qarşı çox sistemli, operativ mübarizə aparır”

Elman Nəsirov: “Ölkəmiz qlobal təhlükə mənbəyinə qarşı çox sistemli, operativ mübarizə aparır”
# 20 mart 2020 23:16 (UTC +04:00)

"Azərbaycan bu gün 5-ci kolonun nümayəndələri, antimilli ünsürlər, xəyanətkar siyasi qruplaşmalardan təmizlənir və təmizlənəcək".

Bunu APA-ya Prezident İlham Əliyevin Novruz təbriki ilə bağlı nitqinə münasibət bildirən millət vəkili Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Prezident İlham Əliyev Novruz bayramı ilə bağlı təbrikindən ölkə həyatının bir çox sahələrini əhatə edən vacib məsələlərə diqqəti cəlb edib: “Bu gün dünyanın gündəmini koronavirus məsələsi tutub. Bu vəziyyət ilk olaraq, hər bir vətəndaşdan öz məsuliyyətini dərk etməyi tələb edir.

Prezidentin də qeyd etdiyi kimi bu dövrdə xalqımızın milli dəyərlərindən irəli gələrək, yaşlılara xüsusi qayğı göstərmək lazımdır.

Prezidentin təbrik nitqində xalqımızın sosial həyatı ilə bağlı bir sıra məsələlər də diqqət mərkəzində saxlanıldı. 2019-cu ildən başlanan dərinləşən islahatlar kursu bu il də davam etdiriləcək. Sosial sahədə atılan addımlar 4,2 milyon insanı əhatə edib. Eyni zamanda ötən il dövlət büdcəsinə 1 milyard manatdan artıq vəsaitin daxil olması vergi və gömrük orqanlarında həyata keçirilən islahatların sayəsində mümkün oldu. Bu vəsait də son qəpiyinədək insanların rifah halının daha da yüksəldilməsinə xərcləndi.

Ölkə başçısı öz çıxışında vurğuladı ki, Azərbaycan sabitlik adasıdır. Bu sabitliyin arxasında xalq-iqtidar birliyi dayanır. Bu birlik özünü 9 fevral seçkilərində bir daha göstərdi. Bu seçkilərdə xalq öz iradəsini ortaya qoydu. Eyni zamanda bu seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşdı. Bu parlamentdə müxalifət nümayəndələri həm rəhbərlik, həm də komitə rəhbərləri səviyyəsində təmsil olundu. Ölkəmizdə çoxpartiyalı sistem təkmilləşməkdə və ölkəmizin siyasi sisteminin yeni konfiqurasiyası formalaşmaqdadır. Ölkədə aparılan siyasi islahatlar fonunda partiyalararası dialoqlar da aparılmaqdadır. Bu proses artıq müsbət nəticələr verməkdədir. Bu dialoqdan imtina edən müxalif siyasi qruplaşmalar olsa da, uduzan tərəf biz olmayacağıq”.

Millət vəkili qeyd edib ki, ölkə başçısının çıxışında ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlara da xüsusi diqqət yetirildi: “Xüsusilə ölkə başçısı Münhen təhlükəsizlik konfransında iştirakımızla bağlı məsələlərə xüsusi diqqət yetirdi. Prezident İlham Əliyev mütəmadi olaraq bu tədbirə qatılmaqla, Azərbaycan həqiqətlərinin, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq aləmin diqqətinə çatdırır. Bu konfrans çərçivəsində İlk dəfə Azərbaycan və Ermənistan rəhbərlərinin debatı baş tutdu. Bu debatda Ölkə başçısı fakt və arqumentlərə söykənməklə Azərbaycanın haqlı işini müdafiə etdi. Debat çərçivəsində Prezident İlham Əliyev bir daha bütün dünyaya Valday Konfransında dediyi Qarabağ Azərbaycandır və nida işarəsi fikrini təkrarladı.

Ölkə başçısının çıxışında bütün reallıqlar fonunda diqqət mərkəzində saxladığı məsələ koronavirus oldu.

Koronavirusla mübarizə aparan Dövlət tibb müəssisələrində çalışan tibb işçilərinin əmək haqları müddətli 3-5 misli artırılması ilə bağlı ölkə başçısı sərəncam imzalayıb”.

E.Nəsirov bildirib ki, Azərbaycan hökuməti tərəfindən verilən qərarlar, atılan addımlar bir daha göstərir ki, ölkəmiz qlobal təhlükə mənbəyinə qarşı çox sistemli, operativ mübarizə aparır:

“Bu mübarizədə biz ilk növbədə məsuliyyətli olmalı, həmrəylik, birlik nümayiş etdirməliyik. Təəssüf ki, bu gün məsuliyyətsizlik nümayiş etdirənlər də var. Təkcə məsuliyyətsizlik deyil, təxribat törətmək istəyənlər də mövcuddur. Həmin təxribatlar içimizdə olan düşmənlərimizdən, özünü müxalifət adlandıran 5-ci kolon nümayəndələrindən, xaricdən pul alan satqınlardan gəlir. Onların niyyəti Azərbaycanı məhv etməkdir. Onlar ölkəmizdə iğtişaş, xaos olmasında maraqlıdırlar. Deməli onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəliyin, virusun nəyə gətirib çıxaracağı bilinmir. Ona görə də xəstəlik dövründə yeni qaydalar olacaq. İstisna deyil ki, fövqəladə vəziyyət elan olunsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR