MSK deputatlığa namizədin fikirlərinə münasibət bildirib

MSK deputatlığa namizədin fikirlərinə münasibət bildirib
# 15 fevral 2020 14:24 (UTC +04:00)

Bu gün Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Səməd Rəhimli bildirib ki, 9 fevral Milli Məclisə seçkilərdə sözügedən seçki dairəsinin ərazisində qanun pozuntuları ilə bağlı MSK-ya müraciət etsə də, Komissiya buna indiyədək münasibət bildirməyib, bir həftəyə yaxındır araşdırma aparmır və müraciəti görmək istəmir.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq bildirib ki, 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Səməd Rəhimlinin səsləndirdiyi fikirlər MSK-nın başlatdığı geniş və şəffaf araşdırma prosesinə kölgə salmaq, ictimai rəydə çaşqınlıq yaratmaq cəhdindən başqa bir şey deyil.

Ş. Əsədli deyib ki, 34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Səməd Rəhimli tərəfindən fevralın 11-də eyni zamanda həm müvafiq dairə seçki komissiyasına, həm də MSK-ya müraciət ünvanlanıb. Seçki qanunvericiliyinin tələbinə əsasən, müraciət iki müxtəlif seçki komissiyasında eyni vaxtda araşdırılmır: “Həmçinin seçki məntəqələrində qanun pozuntusu iddiası ilə müraciətlər ilkin olaraq müvafiq dairə seçki komissiyasına, dairə seçki komissiyasının qərarından isə MSK-ya verilməlidir. Dairə seçki komissiyasında aparılan araşdırmalar nəticəsində verilən qərardan MSK-ya müraciət edilə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR