Marina Kalyurand: "Paşinyanın iki ölkə prezidentləri arasında görüş keçirilməsinə etirazı məntiqsizdir"

Marina Kalyurand: "Paşinyanın iki ölkə prezidentləri arasında görüş keçirilməsinə etirazı məntiqsizdir"
# 22 oktyabr 2020 14:57 (UTC +04:00)

Oktyabrın 21-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi bürosunun videokonfrans formatında növbədənkənar iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda Milli Məclisin deputatları-Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, komitənin həmsədri Cavanşir Feyziyev və sədr müavini Erkin Qədirli iştirak ediblər.

​İclasda çıxış edən komitənin həmsədri Cavanşir Feyziyev Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü barədə məlumat verib. Bildirib ki, sentyabrın 27-dən başlayan silahlı toqquşmalardan bu günədək iki dəfə atəşkəs barədə razılığa gəlinsə də, Ermənistan atəşkəsi pozaraq, Azərbaycanın yaşayış məntəqələrinə raketlərlə hücum edib.

Cavanşir Feyziyev diqqətə çatdırıb ki, Ermənistan öz ərazisindən Azərbaycanın böyük şəhərlərinə raketlər atmaqla Azərbaycanı ona cavab verməyə təhrik edir və beləliklə münaqişəyə üçüncü dövlətləri cəlb etməyə çalışır.

Sonra iclasda çıxış edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand hər iki tərəfdə insanların həlak olmasından narahatlığını bildirib və tərəfləri atəşi dayandırmağa çağırıb. Həmsədr Paşinyanın iki ölkə Prezidentləri arasında görüş keçirilməsinə etiraz etdiyindən xəbərsiz olduğunu və bu görüşün Ermənistanın maraqlarına uyğun olduğu üçün Ermənistanın məntiqsiz davrandığını qeyd edib.

İclasda çıxış edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Avropa İttifaqı tərəfdən sədr müavinləri Kosma Zlotovski, Raza Yukneviçiene Dağlıq Qarabağ münaqişəsinin həlli üçün kompromisin və uzunmüddətli strategiyanın vacibliyinə diqqəti çəkiblər. Qeyd olunub ki, Dağlıq Qarabağda ermənilər yaşayır, lakin bu Qarabağın Azərbaycan torpağı olması faktını dəyişmir. Sədr müavinləri tərəfləri münaqişənin danışıqlar yolu ilə həllinə çağırıblar.

Videokonfrans formatında keçirilən iclasda çıxış edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Azərbaycan tərəfdən sədr müavini, Milli Məclisin deputatı Erkin Qədirli diqqətə çatdırıb ki, Ermənistanın əvvəlki prezidentləri müharibə cinayətkarları idilər, Xocalıda törətdikləri soyqırımı da etiraf etmişdilər və bu gün də Azərbaycanın mülki əhalisinə qarşı soyqırımı davam edir.

Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutan Madrid prinsiplərinə toxunan Erkin Qədirli qeyd edib ki, Qazaxıstanda keçirilən görüş zamanı Paşinyanın çevrəsində olan məmurlar Madrid prinsiplərini tanımadıqlarını bildirmişdilər, bundan sonra isə Paşinyan “Qarabağ Ermənistandır !” bəyanatı ilə çıxış etmişdi.

Erkin Qədirli çıxışında 2005-ci ildə Avropa Şurası PA tərəfindən qəbul olunmuş 1416 saylı qətnamənin yerinə yetirilməsinin vacibliyindən də danışıb. Bildirib ki, Dağlıq Qarabağda yaşayan ermənilər oranın azərbaycanlı icmasını qəbul etmirlər, bu da münaqişənin həllinə mane olan amillərdən biridir.

Sonda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi həmsədrləri Cavanşir Feyziyev və Marina Kalyurand məsələnin gedişatını daha yaxından izləmək üçün ən qısa müddətdə növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR