Prezident İlham Əliyev: “Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilmədi”

Prezident İlham Əliyev: “Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilmədi”
# 12 aprel 2021 17:50 (UTC +04:00)

“Azərbaycan xalqının müharibə ilə bağlı geniş təsəvvürü var”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında hərbi qulluqçularla görüşdə bildirib.

Dövlət başçısı vurğulayıb ki, vaxt keçdikcə ayrı-ayrı əməliyyatlar haqqında da məlumat veriləcək: “Ancaq 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Biz düşməni hər gün qovurduq, hər gün. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmamışdılar, halbuki müharibələrdə hücumlar, geriyə dönmələr, manevrlər olur. Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilməmişdir. Ermənistan ordusunda 10 min fərari olub, özləri bunu etiraf ediblər. İndi onları əfv etmək istəyirlər. İndi 5 minini əfv etmək istəyirlər. Bəs, qalan 5 min? Yəqin ki, çıxıb gedib, artıq Ermənistanda yoxdur. Azərbaycan Ordusunda, Silahlı Qüvvələrimizdə bir nəfər də fərari olmamışdır. Yaralanmış hərbçilər, ağır yaralanmış hərbçilər bir amalla yaşayırdılar ki, tezliklə sağalıb yenə də döyüşə qayıtsınlar. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti yüksək mənəvi ruh göstərmişdir, peşəkarlıq, qəhrəmanlıq öz yerində, mənəvi ruh. Onlar bizi görəndə qabağımızdan qaçırdılar, biz onları hər gün qovurduq”.

Ali Baş Komandan qeyd edib ki, bütün əməliyyatlar düşünülmüş şəkildə aparılıb: “Gün ərzində görülmüş işlər hər gün mənə məruzə edilirdi, müşavirələr keçirilirdi, növbəti gün ərzində görüləcək işlərin planı tutulurdu. Deyə bilərəm ki, nəzərdə tutduğumuz bütün məsələlər əksər hallarda öz həllini tapdı. Əlbəttə, bəzi yerlərdə yubanmalar oldu, bəzi yerlərdə daha da tez, yaxud da ki, daha da böyük həcmdə əməliyyat aparıla bilərdi. Ancaq bu, müharibədir, onu planlaşdırmaq mümkün deyil. Hər gün bizim hərbçilərimiz öz həyatını risk altına atırdılar. Çünki o istehkamları, o müdafiə xətlərini keçmək həm peşəkarlıq, güc və həm də cəsarət tələb edirdi. Bizim aslanlarımız ölümə gedirdilər. Çünki onların işi haqq işi idi, onlar öz torpaqları uğrunda vuruşurdular. Erməni əsgərinin bizim torpağımızda nə işi var? Mən bunu hələ bir neçə il bundan əvvəl bir beynəlxalq tədbirdə demişdim. Hansısa erməni mənə sual vermişdi ki, orada snayper müharibəsi gedir, yaxud da erməni əsgərləri ölür. Dedim ki, ölmək istəmirsə, rədd olsun bizim torpağımızdan. Müharibə dövründə dəfələrlə demişdim, Ermənistan rəhbəri mənə tarix versin ki, bizim torpağımızdan nə vaxt rədd olur, həmin an biz müharibəni dayandırırıq. Belə də oldu. 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi, Ermənistan ordusunun beli qırıldı, Ermənistan ordusu məhv edildi. On min fərarisi olan ordu biabırçılıq və rəzalətdir. Onlar öz əsgərlərini döyüş məntəqələrində zəncirlərlə bağlayırdılar ki, qaçmasınlar. Bu, vəhşilikdir, öz əsgərinə qarşı vəhşilikdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR