Soltan Məmmədov: “Fransa rəsmilərinin son açıqlamaları bu ölkənin tərəfsizliyinə çox ciddi şübhələr yaradıb”

Soltan Məmmədov: “Fransa rəsmilərinin son açıqlamaları bu ölkənin tərəfsizliyinə çox ciddi şübhələr yaradıb”
# 25 aprel 2021 13:02 (UTC +04:00)

 Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Soltan Məmmədov APA-ya müsahibə verib:

- Soltan müəllim, Fransa senatının sədri Ermənistana səfəri zamanı Azərbaycanda təəccüb doğuran və tamamilə qərəzli açıqlamalarla çıxış etdi. Sizcə Fransanın bu cür qeyri-obyektiv mövqe nümayiş etdirməsinin səbəbləri nələrdir?

- Əslində Azərbaycan ictimaiyyəti uzun müddətdir bu sualın cavabını gözləyir. Fransa siyasi elitası, hökuməti və parlament üzvləri bu suala aydın və məntiqli bir cavab verməlidirlər. Ona görə ki, Azərbaycan Fransaya münasibətdə hər zaman dostcasına davranıb, birbaşa və açıq siyasət yürüdüb. Bu, ümumiyyətlə Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biridir. Biz azsaylı ölkələrdənik ki, tərəfdaşlarımızla da, tərəfdaş olmadığımız ölkələrlə də münasibətlərdə kifayət qədər aydın, açıq və səmimi mövqe nümayiş etdiririk. Fransanı isə tərəfdaşımız hesab etmişik, ona görə də düşünürük ki, Fransa Azərbaycandan gözləntilərini açıq şəkildə ifadə etməlidir. Ən azı son illərin təcrübəsi göstərir ki, bu cür dolayısı yollarla, müəmmalı texnologiyalarla Azərbaycana təzyiq göstərmək mümkün deyil. Belə təşəbbüslər əks effekt verir. Heç bir ölkə üçün tərəfdaşını itirmək diplomatik uğur kimi səciyyələndirilə bilməz. Xüsusilə də qlobal oyunçu mövqeyindən çıxış etməyə iddialı böyük ölkələr üçün hər bir tərəfdaş son dərəcə vacibdir. Bu gün beynəlxalq münasibətlərin xarakterində ciddi keyfiyyət dəyişiklikləri baş verir. Dövlətlər bir-birindən proqnozlaşdırıla bilən, stabil, ardıcıl münasibətlər gözləyir. Belə demək mümkünsə, çoxkombinasiyalı gedişlər, ikili standartlar artıq əvvəlki effektini və populyarlığını itirir. Bu, bir qədər yeni tendensiyadır, lakin olduqca ciddi şəkildə inkişaf edir. Azərbaycan da daim məhz stabil, birbaşa və açıq xarici siyasət kursu yürüdür. Təəssüf ki, bəzi böyük dövlətlər, o cümlədən Fransa hələ də ikili standartlardan çıxış edir. Bir tərəfdən Azərbaycanla münasibətlərə önəm verdiyini bəyan edir, digər tərəfdən ölkəmizə qarşı qərəzli açıqlamalar verir. Fransa Ermənistanla Azərbaycan arasında münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədri olsa da yalnız tərəflərdən birinin, yəni indiki halda Ermənistanın ədalətsiz, təcavüzkar mövqeyini birmənalı şəkildə müdafiə edir.

- Fransanın bu cür mövqe nümayiş etdirməsi ikitərəfli münasibətlərin xarakterinə necə təsir göstərə bilər?

- Biz bu təsiri artıq bir neçə aydır hiss etməkdəyik. Azərbaycan-Fransa münasibətləri öz tarixinin heç də ən yaxşı dövrünü yaşamır. Və bunun səbəbkarı biz deyilik. Ötən ilin noyabrında Azərbaycan Milli Məclisi Fransa Senatında Dağlıq Qarabağı tanınmasına dair qətnamə qəbul edilməsinə etiraz olaraq bəyanat qəbul etmişdi. O bəyanatda Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi münasibətlərə yenidən baxılması ilə bağlı hökumətə ünvanlanmış çağırış da öz əksini tapmışdı. Hesab edirəm ki, təkcə bu faktın özü ikitərəfli münasibətlərdə etimadın nə qədər sarsıldığı barədə aydın təsəvvür yaradır. İstənilən halda Fransa rəsmilərinin bu cür açıqlamaları əlaqələrin normallaşdırılmasına xidmət etmir. Halbuki hər iki ölkənin daha yaxşı münasibətlərə ehtiyacı var. Azərbaycanda Fransanın 50-dən çox şirkəti fəaliyyət göstərir. Fransız şirkətləri tərəfindən ölkəmizə yatırılan sərmayələrin həcmi 2 milard dollardan çoxdur. Azərbaycanın Fransaya yatırdığı investisiyaların həcmi isə 2,6 milyard dolları ötür. Azərbaycanın «Azərspace-1'', “Azərspace-2” peykləri məhz Fransa ilə əməkdaşlıq çərçivəsində orbitə buraxılıb. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1 miyard dollara yaxındır. Bu qədər güclü iqtisadi əlaqələrin mövcud olduğunu nəzərə almadan atılan addımlar şübhəsiz ki, müəyyən nəticələr doğurur. Bu gün Azərbaycan ictimai rəyində Fransaya etimadın səviyyəsi heç vaxt indiki qədər zəif olmayıb. Bu, əslində çox şey deyir, o cümlədən qarşılıqlı münasibətlərin perspektivi haqqında.

- Azərbaycan tərəfinin narahatlığını çatdırmaq üçün fransalı həmkarlarınızla təmaslarınız gözlənilirmi?

- İndiyə qədər bizi narahat edən, Azərbaycan cəmiyyətində etiraz doğuran məsələlər müxtəlif vasitələrlə Fransa parlamentinin üzvlərinin diqqətinə çatdırlıb. Rəsmi yazışmalar, telefon danışıqları, onlayn müzakirələr olub. Eyni zamanda, ötən ilin noyabrında və bu il fevral ayında Fransa parlamentinin üzvlərinin Azərbaycana səfərləri təşkil olunub. Bu səfərlər zamanı onlar Ermənistanın raket hücumları nəticəsində Gəncə şəhərində baş vermiş dağıntılara da tanış oldular, hadisələrin mahiyyəti barədə Azərbaycanın dövlət rəsmilərindən məlumat almaq imkanı qazandılar. Fransa parlamentində Azərbaycanla münasibətlərin inkişafının ilk növbədə Fransanın öz maraqları baxımından vacib olduğunu anlayan həmkarlarımız var. Onlar Fransanın son addımlarını, yüksək vəzifəli şəxslərin qeyri-obyektiv açıqlamalarını qəti şəkildə dəstəkləmirlər. Bir neçə dəfə Fransa parlamentinin hər iki palatasında öz həmkarlarına müraciət ediblər, Azərbaycanla bağlı faktları diqqətə çatdırıblar. Onlardan biri Jerom Lamber Azərbaycanı müdafiə etdiyinə görə Erməni diasporunun üzlərinin təhdidləri ilə də üzləşmişdi. Biz əlbəttə ki, bundan sonrakı təmaslarımızda ölkəmizin mövqeyini çatdıracağıq. Bunun üçün bütün mümkün imkan və vasitələrdən istifadə olunacaq.

- Azərbaycan ATƏT-in Minsk Qrupunun fəaliyyətinin müharibədən sonra yaranmış yeni vəziyyətdə sülhün möhkəmlənməsi istiqamətində ola biləcəyini açıqlayıb. Sizcə Fransanın Minsk Qrupunun həmsədri kimi sülhün möhkəmlənməsinə, Azərbaycan və Ermənistan arasında etimadın yaranmasına hansısa töhfələri ola bilərmi?

- Təəssüf ki, Fransa rəsmilərinin son açıqlamaları bu ölkənin tərəfsizliyinə çox ciddi və əsaslı şübhələr yaradıb. Bu günə qədər Fransa bir dəfə də olsun minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı hansısa təşəbbüslə çıxış etməyib.  2020-ci ilin noyabr ayından etibarən 20 Azərbaycan vətəndaşı işğaldan azad olunmuş ərazilərdə baş verən mina partlayışı nəticəsində həlak olub, 85 nəfər isə yaralanıb. Lakin bu fakt Fransanın diqqətini cəlb etməyib. Onda Azərbaycan ictimaiyyətində də haqlı sual yaranır ki, birtərəfli qaydada Ermənistanın maraqlarından çıxış edən bir ölkə sülh prosesinə hansı töhfə verə bilər? Ümumiyyətlə Fransa doğrudanmı regionda sülhün və davamlı sabitliyin, əməkdaşlıq mühitinin yaradılmasında maraqlıdır? Biz inanmaq istərdik ki, Fransa hökuməti həqiqətən Azərbaycan və Ermənistan arasında əməkdaşlığın qurulmasında, əlaqələrin bərpasında, regionun bütün xalqlarının mənafelərinə xidmət edən etimad atmosferinin formalaşmasında maraqlıdır. Lakin müşahidələrimiz, Fransa dövlət rəsmilərinin açıqlamaları bu inamımızı ciddi olaraq zədələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR