Beynəlxalq incəsənət festivalının rəssamları işğaldan azad olunan ərazilərdə “Xarıbülbül” maketlərini ərsəyə gətirib - FOTOLENT - VİDEO

Beynəlxalq incəsənət festivalının iştirakçıları Zəngilan və Qubadlıda

© APA | Beynəlxalq incəsənət festivalının iştirakçıları Zəngilan və Qubadlıda

# 10 may 2021 12:34 (UTC +04:00)

Mətnə video əlavə olunub.

* * *

10:34

Şuşada keçiriləcək “Xarıbülbül” musiqi festivalı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən beynəlxalq incəsənət festivalı təşkil olunub.

APA-nın məlumatına görə, ilk dəfə keçirilən “Xarıbülbül” beynəlxalq incəsənət festivalında 13 ölkəni təmsil edən 32 rəssam Azərbaycanın Vətən müharibəsində əldə olunan zəfərdən ruhlanaraq unikal əsərlər ərsəyə gətirib.

Azərbaycan, Estoniya, İordaniya, İraq, İsrail, Latviya, Mərakeş, Niderland, Pakistan, Rumıniya, Türkiyə, Ukrayna və Yunanıstanı təmsil edən Anar Yolçiyev, Anastasia Tarasenko, Andris Vitolins, Dina Oskilko, Leyla Əliyeva, Nikole Bukrejeva, Rəhiməxanım Hacıyeva, Sare Kural, Yelena Haqverdiyeva, Zöhrab Salamzadə və digər rəssamlar Ermənistanın işğalından azad olunan ərazilərimizdə gördüklərini, yaşadıqları hissləri festival üçün hazırlanan “Xarıbülbül” maketləri üzərinə köçürüb, dünyaya mühüm ismarıc verən əsərlər təqdim ediblər.

Bununla yanaşı, rəssamlar kətan üzərində yağlı boya ilə “Yaddaşın rəsmləri” mövzusunda əsərlər ərsəyə gətiriblər.

Layihənin əsas məqsədi müxtəlif ölkələri təmsil edən sənətkarlar vasitəsilə 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimizdəki dağıntının miqyasını, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qarşı qəsbkarlığı geniş beynəlxalq auditoriyaya nümayiş etdirməkdir.

Əsərlər “Xarıbülbül” musiqi festivalı zamanı Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşada sərgilənəcək.

Gözəl təbiəti və zəngin təbii sərvətləri ilə tanınan qədim bölgələrimizdən olan Qarabağda belə bir incəsənət festivalının keçirilməsi həm də mədəniyyətlərarası dialoqun zənginləşməsinə xidmət edir.

Festival iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri təşkil olunub.

Səfər çərçivəsində Zəngilanda olan rəssamlar rayon mərkəzində məscidə baş çəkiblər. Qonaqlara dini abidə, ermənilərin burada törətdiyi dağıntılar və digər vandallıqları barədə məlumat verilib.

Məscidin həyətində rəssamların əsərləri nümayiş olunub, bəzi rəssamlar isə əsərlərinin son tamamlama işlərini elə buradaca icra ediblər.

Açıq havada təşkil olunmuş sərgidə iki cür əsərlər nümayiş etdirilib - “Xarıbülbül”ün maketləri üzərində ornamentlər, rəssamların təxəyyülünün “Xarıbülbül”lə vəhdəti, rəsm əsərləri.

Daha sonra rəssamlar Qubadlıya səfər edib.

Onlar Ermənistanın işğal müddətində törətdiyi ekoloji terrorun izləri ilə tanış olublar. Rəssamlar yaşı yüz illərlə ölçülən kəsilmiş çinar, tut ağacları olan əraziyə baş çəkib, erməni vandalizminin nəticələrini gözləri ilə görüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR