® Sahibkarlığın inkişafında növbəti mərhələ

® Sahibkarlığın inkişafında növbəti mərhələ
# 04 fevral 2020 12:38 (UTC +04:00)

Yeni iqtisadi model sahibkarlara dost münasibəti təklif edir

İqtisadi inkişaf dinamik prosesdir və bu prosesdə daha yüksək nəticələr əldə etmək üçün mütləq ardıcıl və məqsədyönlü addımlar atılmalıdır. Mövcud resurslar düzgün qiymətləndirilməli, iqtisadi potensial hərtərəfli təhlil edilməlidir ki, planlaşdırılan hədəflərə vaxtında çatmaq mümkün olsun. Xoşbəxtlikdən, ölkəmiz, hələ keçən ilin oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, iqtisadi artıma nail olmaq üçün kifayət qədər imkanlara malikdir: “Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik”.

İndiyədək neft sektorunda əldə edilmiş uğurlar barədə çox danışılıb və bu sektorun iqtisadiyyatdakı aparıcı roluna heç bir şübhə yoxdur. Son illər isə qeyri-neft sənayesi sahəsindəki yüksək göstəricilər də artır ki, bu da yeni iqtisadi modelin uğuru üçün təməl rolunu oynayır. Dövlət başçısının qeyd etdiyi kimi, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir və “qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər”.

Ölkəmizin iqtisadi inkişafının daha bir təsdiqi nüfuzlu “Doing Business” hesabatındakı mövqeyimiz sayıla bilər. Sonuncu hesabatda Azərbaycan biznesə başlama üzrə 9-cu, kreditlərin alınması üzrə 1-ci yerdə qərarlaşıb. Bu hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Bu isə göstərir ki, ölkəmizdə aparılan islahatlar ardıcıl və məqsədyönlü xarakter daşıyır. Prezident İlham Əliyev öz çıxışlarında bu məqama da xüsusi toxunub: “... bu rəqəmlər, əlbəttə ki, həqiqəti əks etdirir. Çünki Davos Ümumdünya İqtisadi Forumu dünyanın aparıcı beynəlxalq maliyyə qurumlarından biridir və çox mötəbər forumdur”.

Beləliklə, müasir Azərbaycan ardıcıl iqtisadi islahatların bəhrəsini görməkdədir. Bu islahatları daha da möhkəmləndirməyin isə bir yolu var: sahibkarlığın inkişafına birmənalı olaraq dəstək verilməsi, azad rəqabətin təmin edilməsi. Sevindirici haldır ki, xüsusən son dövrlərdə bu istiqamətdə də ciddi işlər görülür və sahibkarlığın inkişafında yeni mərhələ başlayıb. Getdikcə münbitləşən biznes mühitində sahibkarlığın inkişafı üçün vacib olan bütün addımlar atılır və süni maneələr sürətlə aradan qaldırılır. Şəffaflığın təmin olunması “İslahatlara alternativ yoxdur” prinsipinə əsaslanan yeni iqtisadi modelin mühüm tərkib hissəsidir. Məhz şəffaflaşdırmanın nəticəsidir ki, ölkədə 100 mindən çox iş yeri rəsmiləşdirilib, başqa sözlə, həm iş yerləri, həm də sahibkarların özlərinin fəaliyyəti kölgədən çıxıb.

Bəs yeni iqtisadi modelin üstünlüyü nədədir? Bu modelə görə, ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarların oynadığı dərk edilir, onlara dövlət səviyyəsində dəstək verilir. Prezident İlham Əliyevin mövqeyi sahibkarlara ən yüksək səviyyədə dəstəyi ifadə edir: “Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir... biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz”.

Prezidentin haqsız rəqabətə son qoymaq barədə çağırışları və son dərəcədə ciddi tapşırıqları sahibkarlığın inkişafına yönəlib. Bu isə onu nümayiş etdirir ki, ölkədə bütün iqtisadi proseslər nəzarətdədir, haqsız rəqabətə qətiyyən yol verilə və heç kəs heç bir imtiyaza sahib ola bilməz: “Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək”.

Azərbaycanın yeni iqtisadi modelinin özünəməxsus bir xüsusiyyəti, bir özəlliyi də var. Bu modeldə təkcə sahibkarlara əlverişli şərait yaratmaqla iş bitmiş sayılmır, iş adamlarına həm də dostluq və dost münasibəti təklif edilir. Dostluq ikitərəfli yol kimi dəyərləndirilir, dərk edilir ki, dostun, sahibkarın problemi olduqda hökumətin müvafiq qurumları onun problemlərini dinləməli, onları həll etməli və müvafiq köməklik göstərməlidir. Lakin, müvafiq olaraq, sahibkarın da öz tərəfindən dost kimi üzərinə düşən vəzifələr var: işini şəffaf qurmaq, zənginləşərək, işini genişləndirərək fəaliyyətindən irəli gələn dövlətin vergilərini ödəmək.

Artıq hökumət təmsilçiləri bu dostluğa sadiq olmağa hazır olduqlarını bəyan ediblər. İndi növbə yeni seçiləcək parlamentindir. Yeni tərkibdə Milli Məclisin mühüm vəzifələrindən biri, zənnimcə, məhz sahibkarlıq mühitinin inkişafına kömək edən qanunvericilik bazasının daha da təkmilləşdirilməsi olmalıdır. Parlamentarilər dünyanın ən mütərəqqi qanunvericilik aktları ilə yaxından tanış olmalı, Azərbaycan üçün ən məqbul qanunvericilik bazasının formalaşmasına çalışmalıdırlar. Vətəndaşlarla münasibətlər o səviyyədə qurulmalıdır ki, sahibkarların problemlərinə dərhal reaksiya vermək, onlarla icra hakimiyyəti orqanları arasında əlaqə yaratmaqla bu problemlərin operativ həllinə nail olmaq mümkün olsun.

Beləliklə, qarşıda Azərbaycanın yeni iqtisadi modelini parlament-hökumət birliyi vasitəsilə möhkəmləndirmək dayanır. Bu modelin işləkliyi və yeni iqtisadi göstəricilərlə xarakterizə olunması həm də yeni Milli Məclisin işinin indikatorlarından biri sayılacaq. Çünki islahatlar dövrünün mühüm prinsiplərindən biri məhz işlək mexanizmlərin mövcudluğudur. O zaman sahibkarlığın inkişafı da lazımi səviyyədə təmin olunacaq və yeni mərhələ daha böyük nailiyyətlərlə yadda qalacaq.

Elnur Allahverdiyev

Yeni Azərbaycan Partiyasının 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR