® Yəhya Babanlı: “20 ildən sonra Ordubadın yerli deputatı olmaq mənə nəsib ola bilər” - FOTOSESSİYA

® Yəhya Babanlı: “20 ildən sonra Ordubadın yerli deputatı olmaq mənə nəsib ola bilər” - FOTOSESSİYA
# 07 fevral 2020 15:13 (UTC +04:00)

7 saylı Ordubad-Culfa Seçki Dairəsindən deputatlığa namizəd Yəhya Məmməd oğlu Babanlı 1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kəndində anadan olub. Orta məktəbi Ordubad rayonunda bitirib. 1999-2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2005-2006-cı illərdə DSX-də həqiqi hərbi xidmət keçib. 2011-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində ikinci ali təhsil alıb. 2013-cü ildə “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyini təsis edib. 2017-ci ildə ADA Universitetində XI Bakı Yay Enerji Məktəbi kursunu keçib. Tarix üzrə fəlsəfə doktorudur. 2015-ci ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycan diasporunun dövlətlərarası münasibətlərin inkişafında rolu (1991-2011)” mövzusunda dissertasiya işini müdafiə edib. Diaspor məsələləri üzrə ekspertdir. Hazırda Azərbaycan Odlar Yurdu Universitetində pedaqoji fəaliyyətlə məşğul olur.

- Bir namizəd olaraq ölkədə aparılan kadr islahatlarını, gəncləşdirmə siyasətini necə qiymətləndirirsiniz?

- Ümumilikdə götürəndə, müstəqillik dövründə Azərbaycan tarixi üçün bir sıra əlamətdar hadisələr baş verib. Düşünürəm ki, bunların ən əlamətdarından biri də məhz bu islahatların həyata keçirilməsidir. İslahatların keçirilməsi zamanın, dövrün çağırışı və tələbidir. Onu qeyd edim ki, möhtərəm prezidentimiz həmişə dövrün tələbinə uyğun idarəetmə metodunu təkmilləşdirir. Bugünkü islahatlar da həmin təkmilləşdirmənin tərkib hissəsidir. Birmənalı şəkildə qeyd edə bilərəm ki, islahatlar labüddür, qaçılmazdır və olduqca arzuolunandır. Mən bunu təkcə bir namizəd kimi deyil, sıravi bir vətəndaş kimi qeyd edirəm. Cəmiyyət bu islahatları olduqca yüksək qiymətləndirir, alqışlayır və cənab prezidentin atdığı bu addımı dəyərləndirərək birmənalı şəkildə onu dəstəkləyir. Təbii ki, islahatların səbəbləri var. Səbəblərdən biri odur ki, artıq yeni dünya qurulur. Dünyanın həm geostrateji, həm geosiyasi, həm də geoiqtisadi mənzərəsi dəyişir. Azərbaycan da dünyanın bir parçasıdır. Strateji mövqeyimiz, tranzit imkanlarımız, o cümlədən karbohidrogen ehtiyatlarımız Cənubi Qafqazın gözü olan Azərbaycanın dünyada çəkisinin yüksək olmasına, onun baş verən qlobal proseslərlə bərabər addımlamasına zəmin yaradır.

- Bu islahatların ölkəmizə nə kimi faydası olacaq?

- Bu proseslər birbaşa dövlət başçısı tərəfindən həyata keçirilir. Burada ən müvəffəqiyyətli məqamlardan biri odur ki, bu gün Azərbaycanda idarəetmə tandem olaraq həyata keçirilir. Biz bütün tarixi proseslərə baxsaq, görəcəyik ki, idarəetmədə, siyasətdə tandem mənzərə vardırsa, buradakı proseslər daha uğurlu olur. Yəni bilirsiniz ki, bu gün Azərbaycan idarəetməsində başda Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti sıx şəkildə, birgə-bərabər, tandem şəklində ölkənin inkişafına yaxşı mənada örnəkdirlər. Və bunun nəticəsidir ki, biz bu gün hökumətdə, Prezident Administrasiyasının administrativ heyətində, o cümlədən də qanunverici orqanımızda da islahatların keçirilməsinə başlamışıq. Bilirsiniz ki, bizim VI çağırış Milli Məclisimiz formalaşacaqdır. Müstəqillik dövrü üçün burda yeni düşüncələr, yeni simalar olacaqdır ki, onlar da ölkə başçımızın siyasi kursunu dəstəkləyərək islahatlara maksimum şəkildə töhfə verməyə çalışacaqlar. Çünki qanunverici orqanın çəkisi olduqca böyükdür, ciddidir. Bu yükü, bu məsuliyyəti dərk etmək lazımdır.

- Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi zərurətini namizəd olaraq necə qiymətləndirirsiniz?

- Milli Məclis uzun illərdir ki, fəaliyyət göstərir. Biz tarixə qınaq obyekti kimi baxmayaq. Ancaq faktiki olaraq Milli Məclisin buraxılması ilə bağlı verilən qərarın lehinə olan səslərdən görünür ki, parlament dövlət başçımızın və ümumilikdə əhalimizin, seçicilərimizin, xalqımızın gözlədiyi effektdə işləməyib. Çünki böyük əksəriyyət Milli Məclisin buraxılması ilə bağlı qərarın qəbul olunmasında yekdilliklə iştirak etdi. Bu da o deməkdir ki, Milli Məclis özünü biz istədiyimiz səviyyədə doğrultmayıb. Məsələ ondan ibarətdir ki, bugünkü seçki marafonunda da Milli Məclisin hansı dərəcədə effektiv olduğu hələ də ümumilikdə yaxşı dərk edilmir desək, bəlkə də düzgün olar. Milli Məclisə, sadəcə, iş yeri kimi baxan namizədlik irəli sürmüş vətəndaşlarımız var. Ancaq Milli Məclisin fəlsəfəsini, ümumiyyətlə, hüquqi cəhətdən onun mahiyyətini dərk etdikdə, görürsən ki, bir millət vəkilinin üzərinə çox böyük yük, çox böyük bir vəzifə, çox çətin və məsuliyyətli bir iş düşür. Bu nöqteyi-nəzərdən düşünürəm ki, hələ də bizdə Milli Məclislə bağlı formalaşan stereotip qırılmayıb. Ancaq Milli Məclis çox ciddi bir orqandır. Yəni hakimiyyətin 3 qolundan birincisidir. Orada dövlətimizin, xalqımızın taleyüklü məsələləri həll olunur. Yəni Milli Məclisdə təmsil olunan deputat gərək millətin vəkili olsun, xalqın içində olsun, onlarla bağlı təklif və təşəbbüslər irəli sürsün, qanunvericilik layihələri ilə çıxış etsin.

- Seçki platformanız hansı prinsiplərə əsaslanır?

- Biz komanda olaraq çox ciddi bir platforma üzərində işləmişik. Çox işgüzar komandamız var. Baxmayaraq ki, sayımız azdır, ancaq komandamızın üzvlərinin böyük əksəriyyəti elm-təhsil işçiləridir. Onlardan bəhrələnərək bir platforma üzərində işləmişik. Ortaya qoyduğumuz platforma hazırkı vəziyyətdə Ordubad və Culfadan olan seçicilərimizin, ellilərimizin qayğılarını, problemlərini diqqətində saxlaya bilər. Seçki platformamız əsasən dövlətçilik, ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu müasir Azərbaycan Respublikasının dövlət siyasətinin dəstəklənməsi, bu gün ölkəmizin möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasət, ələlxüsus yeni islahatlar kursundan və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın həyata keçirdiyi fəaliyyətdən bəhs edir. Platformamızda ikinci bir istiqamət sosial məsələlərdir. Sosial məsələlərdə indiyə kimi mövcud olan qayğılarımız, uğurlarımız, onların üzərinə hansı üstünlüklər gələ bilər - onunla bağlı təkliflərimiz platformada öz əksini tapıb. Platformada iqtisadi layihələr və turizmin inkişafı ilə də bağlı planlar platformamızın əsas məsələlərindəndir. Ordubad və Culfanın üstünlüklərini, potensialını konkret olaraq müasir dövrün çağırışları fonunda təbliğ etməyi bacarmalıyıq. O cümlədən gənclərlə iş məsələsini də əsas məsələlərdən bir kimi gündəmdə saxlayırıq. Gənclər bizim gələcəyimizdir. Gənclərlə bağlı konkret olaraq planımız ondan ibarətdir ki, onların təhsilindən, təhsil haqqından tutmuş yataqxana məsələlərinə kimi problemləri qismən də olsa, xeyirxah iş adamları tərəfindən qarşılansın. Həmin bu tələbələr üçün niyə Yusif Məmmədəliyev adına, Məmməd Səid Ordubadi, Həsən Abdullayev adına bir təqaüd olmasın? Həmçinin bizim platformada "İldə bir dəfə Naxçıvanda" adlı bir bölüm var. Yəni bu kampaniyaya qoşulmaqla xaricdə yaşayan azərbaycanlı gənclər hansısa bir günü konkretləşdirəcək və ildə bir dəfə Naxçıvanda olub bura haqda məlumatlar toplayacaqlar. Bu da Naxçıvanın tanınmasına, buranın müəyyən mənada inkişafına öz töhfəsini verəcəkdir. Seçki marafonu çərçivəsində digər bir layihəmiz isə "Tütünə son!” adlı kampaniyamızdır. Burada məqsəd gəncləri siqaretdən və digər zərərli vərdişlərdən uzaq tutmaqdır.

- Seçkilərdə iştirakınızı nə üçün zəruri hesab edirsiniz?

- Seçkilərdə iştirakımı ona görə zəruri hesab edirəm ki, uzun illərdən bəri doğulub boya-başa çatdığım bir yer haqqında müxtəlif layihələrlə bağlı çıxış etmək istəmişəm. Belə deyək ki, bu və ya digər formada da bu layihələrin bəzilərini həyata keçirmişəm. Biz Naxçıvanın 90 və 95 illik yubileyləri ilə bağlı elmi-praktiki konfransların keçirilməsinə nail olmuşuq. “Facebook” sosial şəbəkəsində "Naxçıvan: dünənim, bu günüm, sabahım" adlı ciddi bir platforma üzərində layihəyə imza atmışıq. Ordubadın arxeoloji və mədəni abidələrinin elektron informasiyasının hazırlanmasını həyata keçirmişik. Eyni zamanda Ordubadın arxeoloji abidələri ilə bağlı kitab ərsəyə gətirmişik. Ən əsası isə Ordubad rayonunun 45 şəhidi ilə bağlı "Qapıcıq zirvəsinə yüksələnlər" adlı kitabın müəllifiyəm. Yəni bütün bu layihələrin fonunda Ordubadın bütövlükdə yüksəlişi, yəni sosial-iqtisadi, turizm, gənclərlə iş və saymadığımız digər sahələrdə inkişafı ilə bağlı uzun illərdir ki, düşüncə və təşəbbüslərimiz - layihələrimiz var. Seçildiyim halda, bir millət vəkili olaraq statusumdan istifadə edib dövlətimizdən, o cümlədən Naxçıvan Muxtar Respublikasının rəhbərliyindən dəstək alaraq bu işlərin həyata keçirilməsinə nail olacağam. Azərbaycan bütövlükdə bizim üçün çox müqəddəsdir. Hamımız ümumilikdə Azərbaycan üçün çalışırıq. Unutmayaq ki, Azərbaycanın Naxçıvan kimi böyük bir tərkib hissəsi var. Naxçıvan Azərbaycan üçün olduqca əhəmiyyətli bir yerdir. Qədim tarixi, mədəniyyəti və ən əsası, insan kapitalı baxımından olduqca zəngin və lazımlı bir yerdir. Prezidentimiz cənab İlham Əliyev, Muxtar Respublikada isə Ali Məclisin sədri cənab Vasif Talıbov daim Naxçıvanla əlaqəli zəruri olan tədbirlərin həyata keçirilməsi ilə bağlı böyük uğurlara imza atıblar.

- YAP-ın üzvüsünüz. Niyə YAP-ın üzvü kimi yox, bitərəf olaraq öz şəxsi təşəbbüsünüzlə namizəd oldunuz?

- Düşünürəm ki, ələlxüsus da kənd rayonlarında millət vəkillərini partiyalara bölmək düzgün deyil. Mənim üçün seçici elə seçicidir. Onun sosial mənşəyi, siyasi mənsubiyyəti, partiyası məni maraqlandırmır. Əsas odur ki, seçicim vətəni sevsin, ona xəyanət etməsin və dövlətə xidmət etmək onun əsas amallarından biri olsun.

- Seçicilərlə neçə dəfə görüşmüsünüz? Hazırda vətəndaşların nə kimi problemləri var?

- Biz bu marafon çərçivəsində Ordubad şəhəri və 1 qəsəbəsi, Ordubadın 43 kəndi, həmçinin Culfadan bizim dairəyə düşən 5 kənd də daxil olmaqla 50 yaşayış məntəqəsində olduq. Orada insanlarımızın yaşayış şəraiti, o kəndlərin yerləşdiyi coğrafi mövqe ilə tanış idik və bir daha tanış olduq. Gördük ki, burada yaşamaq qeyrət tələb edir. Sərt iqlimdə yaşamaq bir hünər, diqqət və qayğı tələb edir. Yəni bu xüsusda düşünürəm ki, millət vəkili ancaq Milli Məclisin kürsüsündə oturmamalıdır. Mütəmadi olaraq rüblər üzrə elə iş planı qurmalıdır ki, istənilən bir kənddə, istənilən eldə-obada seçicinin yanında ola bilsin. Tam səmimiyyətimlə deyim ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində minlərlə vətəndaşla görüşmüşük. 7 saylı dairədən elə bir kənd, elə bir qəsəbə olmayıb ki, biz orda seçicilərlə görüşməyək. Hətta hava şəraiti ilə əlaqədar ucqar kəndlərə atla qalxmaq məcburiyyətində qalmışıq. Bunu reklam üçün demirəm. Bu tamamilə həqiqətdir. Ümumilikdə seçicilərin arzu və istəkləri var. Hamısını bir-bir dinləmişik. Əksəriyyətini qeydə almışıq. Bizim əsas üstünlüyümüz ondan ibarətdir ki, seçicilərin qayğılarını əvvəlcədən izləmişdik, onların monitorinqini aparmışdıq. Məhz seçki platformamızı da məhz seçicilərin qayğıları, arzu və istəkləri əsasında formalaşdırmışıq. Bir kürsüdə oturmaq olar. Amma sən o kürsüdə kimin hesabına oturduğunu dərk etmirsənsə, sən ona cavab verə bilmirsənsə, bu vicdan baxımından çətin və təhlükəli məqamdır.

- Bundan əvvəlki 5 seçkidə Milli Məclisə seçilmiş deputatlarının bir çoxları effektiv işləməyib. Ötən dövr ərzində xalqın deputatlara inamı xeyli azalıb. Sizcə, bu inam hissini geri qaytarmaq üçün namizədlər nə etməlidir?

- Hazırkı seçki marafonunda biz ancaq söz ilə o inamı qaytarmaq istəyirik. Bu da insanlarımızda bir qədər gülünc və ikrah hissi ilə qarşılanır. Çünki biz namizədlər deyirik ki, 3-4 aydan bir sizin yanınızda olacağıq, problemlərinizlə bağlı maraqlanacağıq. İnsanlar bunu birmənalı şəkildə qəbul etmək istəmir. Çünki əvvəlki deputatlar işlərini düzgün olmayan formada qurublar. Seçicilərə müəyyən vədlər verib, amma heç bir iş görməyiblər. Bu gün biz həqiqət carçısı olsaq belə, insanlar buna inanmaqda çətinlik çəkirlər. Mən onlara birbaşa olmasa da, dolayısı yolla haqq qazandırıram. Çünki mən də bir seçici olmuşam və mən də onların yaşadığını yaşamışam. Bunu açıq şəkildə etiraf etmək lazımdır. Düşünürəm ki, ölkə başçısının keçirdiyi davamlı islahatlar və gələcək islahatlar mesajı və tələbləri çox sərtdir, konkretdir və olduqca ciddidir. İnsanlar prezidentimizin çağırışını dinləməlidir, çünki biz bu gün bura onun çağırışı əsasında gəlmişik. Bu gün bəlkə də sözügedən islahatlar olmasaydı, biz dövlət başçımızın çağırışına birmənalı şəkildə inanmasaydıq, bəlkə də heç namizədliyimizi irəli sürməyi düşünmürdük. Ancaq bu reallıqdır ki, 2020-ci ildən sonra millətin vəkili millətin yanında olub, dövlət və xalq arasında bir körpü rolunu oynayacaqdır.

- Bayaq namizəd olmamışdan həyata keçirdiyiniz layihələr barədə məlumat verdiniz. Bəs seçiləndən sonra hansı layihələri reallaşdırmağı planlaşdırırsınız?

- Namizədliyimi 7 saylı Ordubad-Culfa seçki dairəsindən irəli sürməkdə məqsədim odur ki, bu ərazinin bütün qayğılarını həmişə öz üzərimdə hiss etmişəm. Baxmayaraq ki, bir neçə ildir Bakıda yaşayıram, amma bura ilə rabitəm heç vaxt qırılmayıb. Demək olar ki, ildə ən azı 4 dəfə bura gəlirəm. Biz heç yeri nə aşağı, nə də yuxarı tutmaq istəmirik. 7 saylı Ordubad-Culfa dairəsindən namizədlik irəli sürmək və seçilib buranı təmsil etmək bəlkə də ikiqat məsuliyyət tələb edir, bəlkə də daha çox. Çünki buralar tarixi bir ərazidir. Bu yerlərin çox zəngin irsi var. Bir tərəfə baxanda Ordubad rayonunda Gəmiqayadır. O tərəfə - Culfaya baxırsan, əzəmətli Əlincə qalasını görürsən. İki belə möhtəşəm yerin əhatəsində bir əhalini təmsil etmək, onların vəkili olmaq çox da asan bir məsələ deyil. Bu iş çətindir, məsuliyyətlidir və şərəflidir. Azərbaycanın ən böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin Ordubadla bağlı bir kəlmə sözü vardır: "Ordubad Azərbaycanın incisidir". Bu yanaşma özü elə adamın çiyninə nə qədər yük qoyur. Naxçıvan ölkə başçısının davamlı konsepsiyasının favoritidir. Çünki Naxçıvan faktiki olaraq paytaxt Bakıdan aralı düşüb. Naxçıvan MR-dən Bakıya və digər bölgələrimizə birbaşa yolumuz yoxdur. Hətta biz təyyarə ilə uçanda belə hava sərhədində belə başqa dövlət ərazisindən keçib Naxçıvana gəlməli oluruq. Bütün bu xüsuslarda Naxçıvanda əsas iş yerləri, istehsal müəssisələri açılmalıdır ki, insanların urbanizasiya prosesinin qarşısı alınsın. Mən təklif etmişəm ki, ümumiyyətlə, Naxçıvanda bir neçə universitetin və texnikumun filialları, həmçinin mədəniyyət mərkəzləri yaradılsın. Gələn il Dünya Azərbaycanlılarının Həmrəylik gününün 30 illik yubileyidir. İstərdim ki, bu əlamətdar günlə Dünya Azərbaycanlılarının Həmrəylik Mərkəzi Naxçıvanda inşa edilsin.

- Özünüzün və rəqiblərinizin şanslarını necə qiymətləndirirsiniz?

- Bu sualı istənilən namizədə versəniz, o, özünü rəqiblərindən üstün hesab edəcək. Bu, normal bir haldır. Seçkinin fəlsəfəsi bundan ibarətdir. Ancaq məsələ budur ki, mən gün özümü dairəmizdən ən nüfuzlu namizəd kimi görürəm və bunu əsaslandırmağı da bacarıram. Burada birinci xüsus ondan ibarətdir ki, mənim hər iki valideynim buralıdır və valideynlərimin ümumi dövlət üçün etdiyi xidmətlər bir kənara, onların Ordubad üçün etdiyi işlər göz önündə olub. Mənim atam Məmməd Babayev burda bir sıra yüksək vəzifələrdə çalışıb. Hətta keçid dövründə dövlət və hökumət orqanlarının sağlam şəkildə qurulmasında birbaşa iştirak edib. O, Ordubadda YAP-ın təsis edilməsində, Heydər Əliyev ideyalarının təbliğində fəal iştirak edən bir neçə nəfərdən biri olub. Əqidəsi, sadiqliyi, mövqeyi ilə sayılıb-seçilib. Həmçinin də bir kənd rayonu üçün ən ümdə məsələlərdən biri torpaq məsələsidir. Torpaqların xüsusi mülkiyyətə keçməsi ilə bağlı özəlləşdirmə prosesi getdi. Məhz Ordubad rayonunda bu prosesə mənim atam rəhbərlik edib. Hər zaman kəndlilərlə ünsiyyətdə olub. Buranın camaatı atamın necə işgüzar, ədalətli və elinə-obasına bağlı olduğunu görüblər. Bu, mənim üçün birinci üstünlükdür. İkinci üstünlüyüm mənim burda doğulmağım, böyüyüb boya-başa çatmağım, o cümlədən orta təhsilimi burda almağım, Ordubadla bağlı bir sıra layihələrin həyata keçirilməsi və bura ilə daim rabitəmin olması amilidir. Ümumilikdə, 20 il ərzində Ordubadı Milli Məclisdə ordubadlı deputat təmsil etməyib. Bu gün ordubadlılara o şans gəlib ki, Ordubadı öz ellisi təmsil etsin. Ona görə də burada yaxşı mənada bir ajiotaj yaranıbdır. İnsanların tez bir zamanda səslərini qazana bilmişik. Bütün görüşlərimiz bunu deməyə əsas verir ki, biz bu dairədə favorit - ön planda olan namizədik.

- Təbliğat-təşviqat kampaniyası zamanı hər hansı bir neqativ halla qarşılaşmısınızmı?

- Təbliğat-təşviqat kampaniyası zamanı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə və polis heyətinə təşəkkür etmək istəyirəm. Seçicilərlə görüşlərdə polisin nəinki müdaxiləsini, qanunvericilik çərçivəsində bizə dəstəyini hiss etdik. Məsələn, biz Ordubad rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşından hər hansı bir istiqaməti soruşduqda, bizi şəxsən o yerə apardı. Və yaxud polisin mühafizə nəfərindən və ya cavabdeh sahə müvəkkilindən haranı soruşduqsa, hansısa bir məsələdə dəstək istədiksə, onlar bizə böyük məmnuniyyətlə köməklik göstərdilər. Hələ ki, təbliğat-təşviqat kampaniyası zamanı ciddi neqativ halla qarşılaşmamışam.

- Sonda seçicilərinizə nə demək istərdiniz?

- Artıq Azərbaycanda yeni bir dövr başlayıb. Ənənəvi seçki forması sizdə bir qədər pessimistlik yaradıb. O pessimistliyə son qoyaq. Optimist olaraq seçkidə iştirak edək və layiq olan namizədə səs verək. Səs verin ki, o namizəd də vicdanla sizə xidmət etsin. Siz mənə səs verəcəksiniz. Mən də Yəhya Babanlı olaraq sizin səsinizə səs verib, təşəbbüs və təkliflərinizi Milli Məclisdə səsləndirəcəyəm. Əminəm ki, elimiz üçün çıxdığımız şərəfli yol bizə məqsədimizə çatmağa və bu elə-obaya vicdanla xidmət etməyə imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR