Deputat: "Bu gün biz fəxrlə, qürurla deyirik ki, Şuşamız azaddır, biz qalibik"

Deputat Elman Məmmədov

© APA | Deputat Elman Məmmədov

# 07 may 2021 14:21 (UTC +04:00)

“Şuşa hər zaman Azərbaycan üçün çox əhəmiyyətli, strateji, tarixi bir mərkəz olub. Şuşa deyəndə ilk olaraq Qarabağ xanlığının mərkəzi ağlımıza gəlir. Çox görkəmli şəxsiyyətlər, dövlət, mədəniyyət, elm, incəsənət xadimləri Şuşada doğulub. Ulu öndər Heydər Əliyevin bir ifadəsini xatırlatmaq yerinə düşər: Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”.

Bunu APA-ya açıqlamasında Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputat seçilən Elman Məmmədov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev də Şuşaya çox yüksək qiymət verib: “Dövlət başçısı noyabrın 8-də Şəhidlər Xiyabanında Şuşanın işğaldan azad olunmasını bəyan etdi. Prezident sanki şəhidlərə deyirdi ki, qisasınız alındı, qanınız yerdə qalmadı, Şuşanı azad etdik. Prezidentin Şuşa səfərləri, Şuşa ilə bağlı tapşırıqları, Şuşanın mədəniyyət paytaxtı elan olunması çox mühüm məsələlərdir. 1992-ci ildə may ayının 8-də Şuşanın işğalı ilə Birinci Qarabağ müharibəsinin müqəddəratı həll olundu. 2020-ci il noyabr ayının 8-də isə Şuşanın işğaldan azad olunması ilə qələbə tariximiz, müharibənin taleyi bəlli oldu və biz qalib gəldik. Şuşanın işğal altında olduğu illər ərzində Şuşa böyük həsrətlə, sınmış iradəylə, məğlub vəziyyətdə anılırdı. Ermənilər hər il may ayının 8-də Şuşada bayram şənlikləri, qələbə paradı keçirirdilər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun qəhrəmanlıqla həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində torpaqlarımız işğaldan azad edildi, o cümlədən Şuşamız azad olundu”.

Deputat vurğulayıb ki, tək Şuşa üçün deyil, bütün işğal olunmuş ərazilərimizin - hər şəhər, hər kənd, hər qəsəbənin anım günü heç vaxt yaddan çıxmamalıdır: “Sabahkı tarixi biz təbii ki, anacaq, qeyd edəcəyik. Ancaq digər illərdən fərqli olaraq, sabah sadəcə Şuşa uğrunda canlarını qurban verən şəhidlərimiz anılacaq, onların xatirəsi əzizdir. Anım günləri, onların qəhrəmanlıqları yaddan çıxmamalıdır. Bu bizim tariximizdir, yaralı yerimizdir. Ancaq bu günləri artıq qalib dövlət, qalib millət kimi qeyd edəcəyik. Artıq qürur hissimiz olacaq ki, qisasımızı aldıq, qanımız yerdə qalmadı, düşməni məhv etdik, məğlub etdik, Şuşamızı azad etdik. Çox güman ki, sabah Şuşada olan əsgərlərimiz anım gününü orada qeyd edəcək. Bu gün biz fəxrlə, qürurla deyirik ki, Şuşamız azaddır, biz qalibik. Prezident İlham Əliyevin də dediyi kimi, biz əbədi torpaqlarımıza qayıtmışıq, o torpaqların sahibi bizik, şuşalılar da artıq Şuşaya qovuşur”.

Deputat nəzərə çatdırıb ki, Prezident İlham Əliyev bu gün Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib: “Şuşadan tək Azərbaycan deyil, dünya miqyasında çox sayda tanınan mədəniyyət və incəsənət xadimi çıxıb. Şuşa tarixən mədəniyyət mərkəzi olub. Şuşada olan tarixi-mədəniyyət abidələri, tarixi binalar hamısı Şuşanın bu ada layiq olmasını təsdiqləyən faktlardır. İndi Şuşanın yenidən qurulması, bərpa olunması Prezident İlham Əliyevin tapşırığı ilə ən yüksək səviyyədə aparılır. Şuşa əvvəlkindən də gözəl olacaq. Şuşa bizim, Qarabağ xanlığının, Azərbaycanın tarixidir. Şuşa mərkəz olub, mərkəz olaraq da qalacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR