Millət vəkili: “Ermənistanın nifrət əsaslı siyasətin qarşısının alınması istiqamətində tədbirlər görülməsi vacibdir”

Cavid Osmanov, Milli Məclisin deputatı

© APA | Cavid Osmanov, Milli Məclisin deputatı

# 05 may 2021 23:15 (UTC +04:00)

“Nifrət nitqi, onun formalaşdırdığı nifrət ideologiyası sonradan şiddətli aqressiyaya çevrilərək müharibə və soyqırım cinayətlərinə səbəb olur. Ermənistanda siyasi ideologiyanı formalaşdıran esktremist qüvvələr tərəfindən uzun illərdən bəri azərbaycanlılara qarşı davam etdirilən nifrət siyasətinin nəticələri də bunu göstərir. Ona görə də beynəlxalq ictimaiyyətin nifrət nitqi və nifrət cinayətlərinə qarşının alınması istiqamətində qətiyyətli mövqe ortaya qoyması vacibdir”.
Bunu APA-ya açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat hazırlayaraq beynəlxalq təşkilatlara ünvanladığını xatırladan millət vəkili qeyd edib ki, bu hesabatın məqsədi Ermənistanda və onun hüdudlarından kənarda azərbaycanlılara qarşı uzun illər aparılan, etnik zəmində nifrəti təbliğ edən siyasətin yol açdığı insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmaq, bu nifrət əsaslı siyasətin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi ilə bağlı çağırış etməkdir. Ombudsman öz hesabatında beynəlxalq hüququ heçə sayaraq məsuliyyətdən boyun qaçıran Ermənistan dövləti və onun qurumlarının məsuliyyətsizliyi, insan hüquq və azadlıqlarına qarşı hörmətsizliyi, hüququn aliliyi prinsipinə etinasızlığı ilə bağlı narahatlığını ifadə edir və beynəlxalq təşkilatları, milli insan hüquqları təsisatlarını yeni münaqişə ocaqlarının yaranmasına səbəb olacaq bu cür əməllərə son qoymaq üçün səyləri birləşdirməyə çağırır: “Məhz Ermənistanda siyasi ideologiyanı formalaşdıran esktremist qüvvələr tərəfindən uzun illərdən bəri azərbaycanlılara qarşı davam etdirilən nifrət siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi 30 il boyunca işğal altında saxlanılıb, etnik təmizləmə yolu ilə bir milyondan çox insan öz doğma yerlərindən qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, etnik mənsubiyyətinə görə soyqırıma məruz qalıb. Bundan əlavə, ətraf mühitə ciddi şəkildə zərər vurulub və həmin ərazilərdə tarixi və mədəni abidələr məhv edilib. Hesabatda da qeyd olunduğu kimi, təəssüflər olsun ki, 30 il boyunca Azərbaycanın və beynəlxalq ictimaiyyətin işğalın sonlandırılması və birgə yaşayış üçün sülh çağırışlarına etinasız yanaşan Ermənistan siyasi hakimiyyəti bu müddət ərzində işğalçılıq və etnik zəmində nifrət siyasətini davam etdirib, regionda sülhün və əmin-amanlığın bərqərar olmasına ciddi maneə yaradıb. Uzun illər aparılmış müşahidələr onu göstərir ki, Ermənistanda hakimiyyətdə olan siyasi rəhbərlər etnik zəmində nifrət siyasətini nəsildən-nəslə ötürərək nifrət ideologiyasını təbliğ etməyə və əsas məqsəd kimi qonşu ölkələrə qarşı ərazi iddialarını hər zaman gündəmdə saxlamağa çalışıb. Məsələn, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın 16 yanvar 2003-cü ildə nitqində deyib ki, “Azərbaycanlılar və ermənilər “etnik baxımdan uyğunsuz” idilər və Qarabağdakı erməni əhalinin Azərbaycan dövləti daxilində yaşaması qeyri-mümkün idi”. Avropa Şurasının iki yüksək vəzifəli şəxsinin Ermənistan prezidentini tənqid etməsindən sonra 30 yanvarda Strasburqda danışan Avropa Şurasının baş katibi Valter Şvimmer Köçəryanın şərhinin müharibəyə çağırışa bərabər olduğunu söyləyib. Ermənistanda Azərbaycan əleyhinə nifrət nitqinə dair faktlar İrqçilik və Dözümsüzlük üzrə Avropa Komissiyası (ECRİ) tərəfindən də aşkar edilib. ECRİ özünün Ermənistana dair (2016-cı il 28 iyunda qəbul edilmiş və 2 oktyabr 2016-cı ildə çap edilmiş beşinci monitorinq dövrü) hesabatında bu kimi tendensiyanın digər danışıq formalarında olduğunu, bəzi filmlərdə azərbaycanlılar əleyhinə dözümsüzlük nümayiş etdirilən bəyanatları qeyd edib”.
C. Osmanov anti-Azərbayan siyasətinin aparılması, cinayətlərə və düşmənçiliyə zəmin yaradan addımların atılmasının İkinci Qarabağ müharibəsindən sonra da səngimədiyinə diqqət çəkib: “Müasir dövrümüzdə informasiya texnologiyalarının imkanlarından istifadə edərək sosial şəbəkə və müxtəlif platformalarda azərbaycanlıların əleyhinə fikirlər səsləndirilir. Məsələn, Ombudsman tərəfindən hesabat hazırlanan ərəfədə erməni parlamentinin mütəxəssisi Lilit Gozalyan tərəfindən nifrət dolu belə çıxışlardan birinin müəllifi olub. Aazərbaycanlı deputat Tural Gəncəliyevin sülh çağırışlarına cavab olaraq, Ermənistan parlamentinin mütəxəssisi onu başının kəsilməsi ilə hədələmişdir. Erməni əsilli siyasətçi Naira Zohrabyanın müharibə dövründə bu cür çağırışlarla əhaliyə səslənməsi isə Ermənistan silahlı qüvvələrinin növbəti dəfə Azərbaycanın mülki şəxslər yaşayan ərazilərində müharibə cinayəti törətməsinə zəmin yaradır”.
Hesabatın hazırlanması prosesində aparılan araşdırmalar nəticəsində əldə olunan tarixi və faktoloji materiallardan geniş istifadə edildiyinə diqqət çəkən millət vəkili beynəlxalq hüququ heçə sayaraq məsuliyyətdən boyun qaçıran Ermənistan dövləti və onun qurumlarının məsuliyyətsizliyinin, insan hüquq və azadlıqlarına qarşı hörmətsizliyinin, hüququn aliliyi prinsipinə etinasızlığın ciddi narahatlıq yaratdığını vurğulayıb: “Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı dinc əhalinin kütləvi şəkildə öldürülməsi, həyat və sağlamlığı üçün təhlükə yaradılması, soydaşlarımızla amansız rəftar və ləyaqətlərinin mütəmadi alçaldılması ilə özünü öldürmə dərəcəsinə çatdırılması, soyuqqanlılıqla qətlə yetirilməsi yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsi xalqımıza qarşı davam etdirilən nifrət siyasətini bir daha təsdiq edir. Hesabatda Ermənistan siyasi hakimiyyəti tərəfindən regionda düşmənçilik toxumları səpən nifrət əsaslı siyasəti şiddətlə qınanır, aidiyyəti beynəlxalq insan hüquqları qurumları, milli insan hüquqları institutlarını yeni münaqişə ocaqlarının yaranmasına yol açan belə fəaliyyətlərin dayandırılması istiqamətində həmrəylik nümayiş etdirməyə çağırılır. Dünya ictimaiyyəti tərəfindən Ermənistanın nifrət əsaslı siyasətin qarşısının alınması istiqamətində tədbirlər görülməsi vacibdir. Ümid edirik ki, bu çağırışlar nəticəsiz qalmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR