MSİBM-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri diplomatik statusa malik olacaq

Milli Məclis

© APA | Milli Məclis

# 08 may 2021 17:24 (UTC +04:00)

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) Azərbaycanda yaradılacaq nümayəndəliyinin rəhbəri diplomatik statusa malik olacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan və plenar iclasa tövsiyə edilən “Azərbaycan Respublikası Hökuməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında MSİBM-in Azərbaycan Respublikasında statusuna dair” Sazişin təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, əgər Azərbaycan Respublikası vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan şəxs deyilsə, nümayəndəliyin rəhbərinə beynəlxalq hüquqa əsasən diplomatik missiya üzvləri ilə eyni imtiyazlar veriləcək. Nümayəndəliyin rəhbərinin ailə üzvlərinə də eyni imtiyazlar şamil ediləcək.

Nümayəndəliyin rəhbəri Azərbaycan Respublikası vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan şəxs olduğu təqdirdə, yalnız xidməti funksiyalarını icra edərkən həyata keçirdiyi rəsmi fəaliyyətə münasibətdə yuridiksiyada immunitetə və toxunulmazlığa malikdir.

Nümayəndəliyin heyət üzvləri və onların ailə üzvləri (nümayəndəliyin heyət üzvlərinin Azərbaycan vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan şəxs olan ailə üzvləri istisna olmaqla) Xarici İşlər Nazirliyində akkreditə olunacaqlar. Nümayəndəliyin heyət üzvlərinin sayı Azərbaycan Respublikasının razılığı ilə məntiqi və normal hədlərdə müəyyənləşdirilir.

Nümayəndə heyəti Azərbaycan daxilində və ona münasibətdə aşağıdakı immunitetlərdən faydalanacaqlar:

- rəsmi vəzifələrində olarkən danışdığı və ya yazdığı sözlər və etdiyi hərəkətlərlə əlaqədar hüquqi proseslərdən immunitet;

- MSİBM-in tərəfindən onlara ödənilən əməkhaqqları, müavinətlər və mükafatdan tutulan vergilərdən azad edilmə və s.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR