Prezident İlham Əliyev: “Tam qətiyyətlə deyə bilərəm ki, bu gün Rusiya-Azərbaycan əlaqələri tarixdə ən yüksək səviyyədədir”

Prezident İlham Əliyev: “Tam qətiyyətlə deyə bilərəm ki, bu gün Rusiya-Azərbaycan əlaqələri tarixdə ən yüksək səviyyədədir”
# 20 dekabr 2019 17:21 (UTC +04:00)

“Deyə bilərəm ki, bütövlükdə 2019-cu il Rusiya-Azərbaycan əlaqələrinin tarixində xüsusi yer tutur. Prezident Vladimir Putinlə mənim çoxsaylı görüşlərim olub. Hər bir görüş çox məhsuldar olub. Bu görüşlərdə müzakirə olunmuş məsələlər və qəbul edilmiş qərarlar sonra həyatda öz əksini tapır”.

APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşdə deyib.

Azərbaycan Prezidenti bildirib ki, nazirlər səviyyəsində bir çox qarşılıqlı səfərlər olub, Rusiyanın Federasiya Şurasının sədri Valentina İvanovna Matviyenko aprel ayında Azərbaycana rəsmi səfərə gəlib.

“Digər vəzifəli şəxslərin də səfərləri olub. İlin sonunda növbəti görüş gözlənilir. Rusiyanın İqtisadi İnkişaf naziri Bakıya gələcək və sonra öz həmkarları ilə sərhədə gedib Samur çayı üzərində tikilmiş yeni körpünün açılışını edəcəklər. Bu il Mehriban xanımın Rusiyaya çox uğurlu rəsmi səfəri baş tutdu. Səfər çox yüksək səviyyədə təşkil edildi. Prezident Vladimir Vladimiroviç Putin ilə görüşü, Prezident tərəfindən Mehriban Əliyevaya “Dostluq” ordeninin təqdim edilməsi, əlbəttə ki, böyük hadisədir. Biz bilirik ki, Rusiyanın Prezidenti prezident olmayan şəxsləri çox nadir hallarda qəbul edir. Bu istisna hal Rusiya Prezidentinin Azərbaycana münasibətinin təzahürüdür. Azərbaycanda da Rusiya Prezidentinə böyük hörmət var. İkitərəfli əlaqələrin inkişafında prezidentlərin, əlbəttə ki, xüsusi rolu vardır. Mehriban xanımın səfər çərçivəsində həm Baş Nazirlə, həm də Federasiya Şurasının sədri ilə görüşləri olubdur. Əlbəttə ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun yenidən açılması tarixi hadisədir. Yəni, bu və digər hadisələr 2019-cu ildə Rusiya-Azərbaycan əlaqələrinin inkişafını şərtləndirdi. Bu işlərin iştirakçısı və bir çox məsələlərin təşəbbüskarı kimi mən tam qətiyyətlə deyə bilərəm ki, bu gün Rusiya-Azərbaycan əlaqələri tarixdə ən yüksək səviyyədədir”, - deyə Prezident İlham Əliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR