Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası yaradılıb

Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası yaradılıb

© APA | Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təsis toplantısı

# 14 iyun 2021 12:44 (UTC +04:00)

Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təsis toplantısı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, toplantı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması istiqamətində  Dövlət Komitəsinin gördüyü işlər barədə məlumat verib və diasporumuzun 44 günlük müharibə dövründə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi fəallığı, dəmir yumruq ətrafında sıx birləşmələrini yüksək qiymətləndirib.

Komitə sədri bildirib ki, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması dövlətimizin diaspor siyasətinin prioritet istiqamətlərindəndir:

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və ordumuzun rəşadəti nəticəsində Qarabağda qazandığımız tarixi qələbə soydaşlarımız arasında təşkilatlanma meyillərini daha da gücləndirib. Bu günlərdə həyata keçirilən “YAŞAT” xeyriyyə marafonunda diasporumuzun göstərdiyi fəallıq buna bariz nümunədir və bu hər birimizdə sonsuz  qürur hissi yaradıb. Bundan sonra xaricdəki hər bir azərbaycanlı dövlət müstəqilliyimizin qorunması, ölkəmizin dünyada tanıdılması, milli-mənəvi dəyərlərimizin təbliği və yaşadılması istiqamətində çalışmalı, koordinasiyalı şəkildə fəaliyyət göstərməlidirlər”. 

Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin son 3 ildəki fəaliyyətinə dair videohesabat təqdim olunub, Azərbaycan diasporunun 44 günlük müharibə dövründəki fədakarlığını  və “Yaşat” xeyriyyə  marafonunda yaxından iştirakını əks etdirən videoçarxlar  nümayiş olunub.

Görüşdə nüfuzlu diaspor nümayəndələri, elm və mədəniyyət təmsilçiləri iştirak edib. Çıxış edənlər təşkilatlanmanın, lobbiçilik istiqamətində fəallaşmanın əhəmiyyəti, ölkəmizlə bağlı məlumatların qərb və Avropa mediasında işıqlandırılmasının vacibliyi barədə danışıb, Qarabağda qazandığımız qələbənin onlarda böyük ruh yüksəkliyi yaratdığını, Birləşmiş Krallıqdakı Azərbaycan diasporunun bu gündən etibarən daha mütəşəkkil fəaliyyət göstərəcəyini bildiriblər.

4 saatdan artıq davam edən dərin və maraqlı müzakirədə  Şuranın yol xəritəsi cızılıb, gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb, soydaşlarımızın  təklifləri dinlənilib.

Müzakirələrin nəticəsi olaraq Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təsis edilməsi barədə qərar qəbul edilib, Ali Tekin Atalar, Fəridə Pənahova, Murad Nağıyev, Hafiz Baxşəliyev, Savaş Mərəndli, Nərgiz Morrison və Pərvanə Ağazadə Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri seçilib.

Xatırladaq ki,  Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurası son 3 ildə xarici ölkələrdə yaranan sayca 13-cü Koordinasiya Şurasıdır. Hazırda 29 ölkəni əhatə edən 13 Koordinasiya Şurası fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR