Moskvada azərbaycanlı alim Fərman Salmanovun 90 illik yubileyi ilə bağlı konfrans keçirilib - FOTO

Moskvada azərbaycanlı alim Fərman Salmanovun 90 illik yubileyi ilə bağlı konfrans keçirilib - FOTO
# 28 iyul 2021 20:15 (UTC +04:00)

Bu gün Rusiyanın V.İ. Vernadski adına Dövlət Geoloji muzeyində görkəmli azərbaycanlı neftçi-geoloq, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun 90 illik yubileyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının sədri Gennadi Şmal Fərman Salmanovun keçdiyi zəngin həyat yolu, onun Rusiyanın neft sənayesinə verdiyi misilsiz töhfə, buraxdığı tarixi iz haqda ətraflı danışıb.

O, 2018-ci ildə keçirilmiş səsvermə nəticəsində Surqut hava limanına Fərman Salmanovun adının verildiyini xatırladıb. Həmyerlimizin adının Rusiya və Azərbaycanda əbədiləşdirildiyini söyləyib.

Konfransda çıxış edən Səfir Polad Bülbüloğlu Fərman Salmanovla şəxsi tanışlığı haqda söz açıb. Azərbaycanın Səfiri vurğulayıb ki, məhz Fərman Salmanovun cəsarət və güclü iradə nümayiş etdirməsi nəticəsində Qərbi Sibirdə neft aşkarlanmışdır ki, bu gün də Rusiya həmyerlimizin verdiyi əhəmiyyətli töhfənin bəhrəsini görməkdədir.

Polad Bülbüloğlu Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən Sərəncamın imzalandığını və sözügedən Sərəncama əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Fərman Salmanov adına təqaüdün təsis edildiyini, Şəmkir şəhərində Fərman Salmanovun heykəlinin ucaldığını və Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə Fərman Salmanovun adının verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycanın Rusiyadakı Səfiri Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq Fərman Salmanovun nailiyyətləri haqda gələcək nəsillərin müxtəlif müasir vasitələrdən istifadə edərək məlumatlandırılmasının vacibliyini önə çəkib.

Tədbirdə Fərman Salmanovun həyat və əmək fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR