AMADA son 5 ilin statistikasını açıqlayıb

AMADA son 5 ilin statistikasını açıqlayıb
# 29 noyabr 2021 17:42 (UTC +04:00)

“Azərbaycan hər bir idman ölkəsi kimi daim dopinqlə mübarizədə qətiyyətini və təmiz idman prinsiplərinə sadiqliyini nümayiş etdirir. Bütün sahələrdə olduğu kimi, idmanda da ədalət və dürüstlük prinsiplərinin qorunması dövlətimiz üçün dəyişməz prioritetidir”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli deyib.

O, bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə 2016-cı ildə qurumun yaradılması ölkəmizin ədalət, dürüstlük prinsiplərinə və təmiz idman dəyərlərinə sadiqliyinin nümunəsidir və dopinqlə mübarizədə dövlətin qətiyyətli iradəsini göstərir: “Bu iradənin təzahürü olaraq AMADA fəaliyyət göstərdiyi 5 il ərzində beynəlxalq standartların, qabaqcıl təcrübələrin və müasir innovativ üsulların tətbiqi ilə ölkədə dopinq nəzarəti prosesini uğurla həyata keçirir. İdmançıların sağlamlığının, dürüst idmançıların hüquqlarının və ölkənin təmiz idman imicinin qorunması məqsədi ilə effektiv antidopinq siyasəti aparılır. Bu illər ərzində AMADA beynəlxalq tədbirlərdə aktiv iştirakı və qlobal antidopinq prosesinə verdiyi töhfələrlə etibarlı tərəfdaş kimi tanınıb”.

Hüseynlinin sözlərinə görə, statistik rəqəmlərin illər üzrə müqayisəsi də antidopinq sahəsindəki inkişafı əyani olaraq göstərir: “AMADA-nın fəaliyyətə başlamasından sonra Azərbaycanda antidopinq qayda pozuntularının sayında əhəmiyyətli dərəcədə azalma müşahidə olunur. Azalma xüsusi ilə də beynəlxalq səviyyəli antidopinq qayda pozuntularının sayında özünü göstərir. Beynəlxalq təcrübəyə əsasən antidopinq qayda pozuntularının sayının illər üzrə müqayisəsini aparmaq üçün keçirilən test saylarının aşkarlanan antidopinq qayda pozuntularına nisbəti əsas götürülür. AMADA-nın test proqramı icra etməyə başladığı 2017-ci ildə 487 test götürülüb və 21 idmançı barədə antidopinq qayda pozuntusuna görə idmandan uzaqlaşdırma qərar verilib. Bu isə götürülən testlərin 4,5 faizini təşkil edir. 2018-ci ildə bu nisbət 2,5 faiz, 2019-cu ildə 1,3 faiz, 2020-ci ildə 0,5 faiz, 2021-ci ilin indiyədək olan dövründə isə 0,2 faiz təşkil edib”.

AMADA rəhbəri bildirib ki, ilbəil milli test proqramı daha da təkmilləşdirilmiş, risk qrupları müəyyən edilərək hədəfli testlər götürülmüş və antidopinq qayda pozuntularının aşkarlanması üçün lazımi digər addımlar atılıb: “Bütün bunların müqabilində aşkarlanan antidopinq qayda pozuntularının nisbətinin aşağı düşməsi onu göstərir ki, AMADA-nın 5 illik fəaliyyəti dövründə həyata keçirdiyi effektiv tədbirlər öz bəhrəsini verir. Artıq peşəkar idmançılar dopinqdən istifadənin fəsadları və hüquqi nəticələri barədə daha məlumatlıdır. Bu baxımdan, aparılan genişmiqyaslı antidopinq maarifləndirməsi və təbliğatı xüsusi çəkiyə malikdir. Belə ki, AMADA Azərbaycanın idman ictimaiyyətini, o cümlədən peşəkar və həvəskar idmançıları, məşqçiləri, idmançıya dəstək heyətini, həkimləri və universitet tələbələrini əhatə edən müxtəlif növ təhsil proqramları icra edir. Antidopinq maarifləndirməsi çərçivəsində idman federasiyaları və idman məktəblərində müxtəlif yaş qruplarına aid idmançılar, məşqçilər, idman həkimləri və digər idman subyektləri üçün silsilə seminarlar təşkil olunur. İdman təmayüllü ali təhsil ocaqlarının bakalavr və magistr pilləsində əməkdaşlarımız tərəfindən antidopinq tədris proqramı həyata keçirilir. Bundan əlavə ölkədə keçirilən yerli və beynəlxalq səviyyəli yarışlarda, habelə ənənəvi mətbuatda və sosial mediada geniş antidopinq təbliğatı aparılır. Görülən kompleks tədbirlərin nəticəsində beynəlxalq səviyyədə də antidopinq qayda pozuntularının sayında nəzərə çarpan azalma müşahidə olunur. Bu isə onu göstərir ki, beynəlxalq yarışlarda ölkəmizi təmsil edənlərin əksəriyyəti AMADA-nın antidopinq maarifləndirmə proqramlarını mənimsəmiş və təmiz idman dəyərlərinə hörmətlə yanaşan idmançılardır. Çünki antidopinq qayda pozuntuları törədən idmançılar əksəriyyəti elə ölkə daxilində müəyyən edilir və onların beynəlxalq yarışlarda iştirakının qarşısı alınır”.

Hüseynli AMADA-nın fəaliyyət göstərdiyi ilk 4 illə (2017-2020-ci illər, 2021-ci il bitmədiyi üçün müqayisəli təhlilə daxil edilməyib) ondan əvvəlki 4 ili (2013-2016-cı illər) müqayisə də edib: “2013-2016-cı illər ərzində beynəlxalq səviyyədə Azərbaycan idmançılarında 40 antidopinq qayda pozuntusu aşkarlanmışdırsa, AMADA fəaliyyət başlamasından sonrakı 4 ildə bu rəqəm 2 dəfə azalaraq 20-yə bərabər olub. Müqayisə üçün deyək ki, təkcə, 2013-cü ildə aşkarlanan beynəlxalq səviyyəli antidopinq qayda pozuntularının sayı (24 ədəd) AMADA-nın 5 illik fəaliyyəti dövründə aşkarlanan antidopinq qayda pozuntularından (21 ədəd) çoxdur. Nəzərə almaq lazımdır ki, son illər qlobal səviyyədə antidopinq tədbirləri daha da gücləndirilib və bu sahədə qayda pozuntularının aşkarlanmasında ən müasir laborator üsullardan istifadə olunur. Dünya üzrə 2017-ci ildə aşkarlanan beynəlxalq antidopinq qayda pozuntularının sayı 2016-cı illə müqayisədə 13 faiz artıb. 2018-ci ildə isə əvvəlki ildən daha 6,5 faiz çox qayda pozuntusu qeydə alınıb. Bununla belə həmin illərdə də Azərbaycan idmançılarında antidopinq qayda pozuntusu aşkarlanması hallarında azalma müşahidə olunub”.

İlbəil beynəlxalq səviyyədə aşkarlanan antidopinq qayda pozuntularının sayında mütəmadi azalma müşahidə olunur və son illər bu rəqəm minimuma enib. Son üç ildə beynəlxalq səviyyədə Azərbaycan idmançılarında cəmi iki antidopinq qayda pozuntusu aşkarlanıb.

AMADA-nın fəaliyyət göstərdiyi dövrün illər üzrə statistik rəqəmlərin müqayisəli təhlili göstərir ki, dopinqlə mübarizə sahəsində həyata keçirilən dövlət siyasəti davamlı və sistematik xarakteri daşıyır. İdmançılar başda olmaqla idman ictimaiyyəti dopinq nəzarətinin vacibliyini və antidopinq qayda pozuntularının aşkarlanmasının qaçılmaz olduğunu dərk edir, təmiz idmanın alternativinin olmadığının fərqindədir.

Hüseynli vurğulayıb ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, idmanda da təmiz qələbələr qazanır və bərqərar olan ədalətin rəmzinə çevrilmiş bayrağımız qürurla ucaldılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR