Rafael Ağayev və İrina Zaretska "Grand Winners" mükafatı qazanıb

Rafael Ağayev və İrina Zaretska "Grand Winners" mükafatı qazanıb
# 04 dekabr 2019 15:53 (UTC +04:00)

Dünya Karate Federasiyası (WKF) ənənəvi "Grand Winners" mükafatının sahiblərini elan edib.

Apasport.az saytının məlumatına görə, Karate1 Premyer Liqa turnirinin nəticələrindən sonra açıqlanan siyahıda Azərbaycan millisinin 2 idmançısı da yer alıb.

Son dünya çempionu və Olimpiya reytinqinin lideri İrina Zaretska (68 kq) ikinci dəfə "Böyük qaliblər" mükafatına sahib olub. "Yaxşıların yaxşısı" titulunu 2 il əvvəl də qazanan karateçi yeni mövsümdə xüsusi qızılı saplarla işarələnmiş karateqi geyimi ilə tatamiyə çıxacaq.

Beşqat dünya və on iki dəfə Avropa çempionu Rafael Ağayev (75 kq) isə ardıcıl ikinci dəfə "Grand Winners" mükafatını qazanıb. Tanınmış karateçi bu mövsümdə Premyer Liqa yarışlarından Moskvada çempionluqdan əlavə, Paris və Tokioda gümüş medal, Dubay və Rabatda bürünc mükafata sahib olub. Bundan başqa, R.Ağayev İspaniyada Avropa ikincisi və Belarusda Avropa Oyunlarının gümüş mükafatçısı olub.

Fərqlənən karateçilərə mükafatlar gələn il yanvarın 24-26-da Parisdə, növbəti mövsümün ilk Premyer Liqa turnirində təqdim olunacaq.

Qeyd edək ki, son dünya çempionu və olimpiya reytinqinin lideri Zaretska bir-birinin ardınca Tokio, Moskva və Madrid mərhələsində qələbə qazanıb. O, eləcə də Dubay Premyer Liqasında, İstanbulda Seriya A turnirində və Minskdə Avropa Oyunlarında gümüş medala yiyələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR