Allahşükür Paşazadə Türkiyə, Küveyt və Bəhreynə səfərə gedəcək

Allahşükür Paşazadə Türkiyə, Küveyt və Bəhreynə səfərə gedəcək
# 13 aprel 2007 10:37 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə aprelin 14-15-də İstanbulda Cəfəri İnancını Tanıtma, Araşdırma və Təhsil Dərnəyi tərəfindən keçirilən “Fikirdə anlama, əməldə bilik” mövzusunda beynəlxalq simpoziuma dəvət alıb. Bu barədə APA-ya QMİ-dən məlumat verilib. A. Paşazadənin tədbirdə çıxış edəcəyi, İslam birliyinə nail olmağın zərurəti, yolları barədə təkliflərini səsləndirəcəyi bildirilir. Şeyxülislam erməni təcavüzkarlığı, Xocalı faciəsinin azərbaycanlılara qarşı məqsədyönlü soyqırım olması, onun tanınması, beynəlxalq ictimaiyyətə olduğu kimi təqdim olunmasının vacibliyini də diqqətə çatdıracaq.
Aprelin 17-21-də isə A. Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti sivilizasiyalararası dialoq və qloballaşmanın milli dəyərlərə ehtimal olunan təsirlərini neytrallaşdırmaqla bağlı məsləhətləşmələr və fikir mübadiləsi aparmaq üçün Küveyt və Bəhreyn dövlətlərinə səfər edəcək. Gürcüstanın patriarx-katolikosu II İliya, Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandrın da qatıldığı nümayəndə heyəti Küveyt və Bəhreyndə bir sıra görüşlər keçirəcək. Səfər zamanı nümayəndə heyəti Küveyt rəhbərliyi, baş nazir, parlament sədri, ədliyyə, vəqflər və İslam işləri nazirləri ilə görüşəcək, məscid və kilsələri ziyarət edəcək. Küveyt Universitetində mühazirələrin oxunması, Bəhreyn dövlətində analoji görüşlərin keçirilməsi nəzərdə tutulur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR