Azərbaycanda aprel ayı ərzində 16 nəfər vəhhabi və nurçuluq təriqətlərinin qanunsuz təbliğatı ilə məşğul olduqları üçün saxlanılıblar

Azərbaycanda aprel ayı ərzində 16 nəfər vəhhabi və nurçuluq təriqətlərinin qanunsuz təbliğatı ilə məşğul olduqları üçün saxlanılıblar
# 18 aprel 2007 11:17 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Bakıda vəhhabilərin toplaşdığı “Əbu Bəkir” məscidinin imamı Qamət Süleyman deyib. Q. Süleyman onları vəhhabi adlandıranları “savadsız” da adlandırıb. O, imamı olduğu məscidin əvvəldən radikallığın əleyhinə iş apardığını iddia edib və radikallığın hər məzhəbdə olduğunu bildirib: “Hətta siyasi partiyalarda da radikal insanlar var. Hansısa toplumun içindən 15-20 nəfər çıxırsa, buna görə onları ittiham etmək olmaz. Bu, təbii prosesdir”. Q. Süleyman radikalları müdafiə edərək, təkcə Azərbaycanda deyil, bir sıra ölkələrdə müsəlmanların radikallığa məcbur edildiyini iddia edib. Amma Azərbaycanda dini tolerantlığı yüksək qiymətləndirən Q. Süleyman hazırda azad fəaliyyət göstərdiyini və heç bir təzyiqlə üzləşmədiyini deyib: “Bakıda təzyiqlərlə üzləşməsək də, rayonlarda qardaşlardan polis rəisləri səviyyəsində maneələrlə qarşılaşanlar var”. “Əbu Bəkir” məscidinin imamı, həmçinin Bakıda katoliklərə kilsə tikilməsinin də əleyhinə olub. O, onun tərəfdarlarının çox olduğunu, buna görə də özləri üçün məscid tikilməsinin vacibliyi ilə bağlı da məsələ qaldırıb: “Biz bəzi məsələlərdə çox kompromisə gedirik. Məncə, bu yaxşı nəticələr verməyə bilər”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov isə APA-ya açıqlamasında kiminsə vəhhabi olduğu üçün deyil, konkret cinayət törətdiyi üçün həbs edildiyini bildirib: “Bu gün Azərbaycanda heç kim öz dini etiqad və inancına görə həbs edilmir. Cinayətkarın dini və milləti yoxdur. “Əgər kimsə həbs edilib və ya saxlanılıbsa deməli onu hansısa cinayəti törətməkdə şübhəli biliblər”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev APA-ya açıqlamasında bəzi qrupların hələ onun Dini Qurumlarla üzrə Dövlət komitəsinin sədri olduğu vaxtında hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu deyib. R. Əliyev bildirib ki, vəhhabilərin və nurçuların həbs olunması onların “Dini etiqad azadlığı haqqında” qanunu kobud şəkildə pozmaları ilə bağlıdır: “Burada söhbət qadağan olunmuş dini ədəbiyyatın ölkəyə qanunsuz gətirilməsi, onun təbliğatının aparılması və digər bu kimi məsələlərdən gedir. Hüquq-mühafizə orqanları belə qrupları həbs edəndə başqa məqamlar da üzə çıxır ki, biz onlardan xəbərdar deyilik”.
Qafqaz Müsəlmanları İdarəsindən isə məsələyə münasibət bildirmək istəməyiblər.
Daxili İşlər Nazirliyindən isə APA-ya bildirilib ki, aprel ayı ərzində 16 nəfər vəhhabi və nurçuluq təriqətləri ilə bağlı qanunsuz təbliğat apardıqları və dini ədəbiyyat yaydıqları üçün saxlanılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR