Bakıda dini maarifləndirmədə dini ədəbiyyatın roluna həsr olunmuş konfrans keçirilib

Bakıda dini maarifləndirmədə dini ədəbiyyatın roluna həsr olunmuş konfrans keçirilib
# 09 dekabr 2019 13:09 (UTC +04:00)

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkilində dini ədəbiyyatın yeri və rolu” adlı konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfransda DQİDK sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Komitənin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən DQİDK-in sədri Mübariz Qurbanlı deyib ki, Azərbaycanda din modeli, ümumi din və islami dəyərlər, bütövlükdə multikultural və tolerant dəyərlər haqqında 122 yeni kitab nəşr olunub: “Sərgidə nümayiş olunan kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hazırlanıb. Bu gün kitabları ictimaiyyətin diqqətinə çatdırmaq üçün sərgi təşkil edilib. Burada müxtəlif dini konfessiyaların da nəşr etdirdiyi kitablar var. Bunlar son iki ildə nəşr olunan kitablardır. Mənəvi, islami dəyərlərlə bağlı, eləcə də, siyasi, radikalizmə qarşı olan kitablar da dərc olunub. Burada 122 adda kitab nəşr olunub. Bunların hər biri özündə müxtəlif məsələləri əks etdirir. Azərbaycanda dövlət-din modelinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu modelin əsas mahiyyəti Azərbaycanda dini dəyərləri olduğu kimi insanlara çatdırılmasıdır. Ulu öndərin, ölkə Prezidentinin və Birinci vitse-prezidentin islami dəyərlər, dövlət-din münasibətləri ilə bağlı çıxışları bu kitablarda öz əksini tapıb”.

Konfransda nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim olunan dini məzmunlu ədəbiyyatların ekspertizası, bu sahədə nəşriyyatların üzərinə düşən vəzifələr barədə müzakirələr aparılıb.

Eyni zamanda, tədbir çərçivəsində Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin nəşrlərindən ibarət kitab sərgisi təşkil edilib. Sərgidə milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın tolerant və multikultural ideyalarının və ənənəvi dini dəyərlərinin təbliği, dövlət-din münasibətlərinin fəlsəfi-siyasi, hüquqi əsasları və sosial-analitik təhlili, həmçinin dini maarifləndirmə işinin təşkili məqsədilə bir sıra kitab, kitabça və digər məlumat materialları nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR