Pasxa bayramı münasibətilə Xudavəng məbədində dini ayin icra olunub - FOTO

Pasxa bayramı münasibətilə Xudavəng məbədində dini ayin icra olunub - <span class=FOTO'>
# 04 may 2021 14:43 (UTC +04:00)

Bu gün Pasxa bayramı münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə Kəlbəcərdəki Xudavəng məbədinə Alban-Udi dini icması və digər xristian icmalarının səfəri təşkil olunub. Səfər çərçivəsində Komitənin, Alban-Udi Xristian dini icmasının və digər xristian icmalarının nümayəndələri ilə yanaşı, jurnalistlər də işğaldan azad olunan Kəlbəcərə yola düşüb. 

APA-nın Kəlbəcərə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Mənəvi Dəyərlərin Təbliği Fondunun və Alban-Udi Xristian dini icmasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin daşıyıcısı olan Alban-Udi xristian dini icmasının, eləcə də digər xristian dini konfessiyaların üzvləri və mətbuat nümayəndələri iştirak edib. Dini icmanın üzvləri qədim alban məbədində dini ayin icra edib, dualar oxuyub, ibadət edədək şamlar yandırıblar.

Qeyd olunub ki, Kəlbəcərin Vəng kəndindəki Xudavəng məbəd kompleksi dünya əhəmiyyətli memarlıq abidələrindəndir. Məbədin əsası VI-VII əsrlərdə qoyulub. Kompleks Qafqaz Albaniyası dövlətinin süqutundan bir əsr sonra - IX əsrdə Qarabağın dağlıq hissəsində yaradılmış Alban Xaçın Knyazlığının dini mərkəzi olaraq qalıb. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərib. XIII əsrdə Mehranilər sülaləsindən olan Xaçın knyazı Böyük Həsənin oğlu Bəhramın ailəsi tərəfindən monastır yenilənib və orada əlavə tikililər inşa edilib. Bu baxımdan burada belə bir tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə növbəti tədbirin Laçın rayonundakı Ağoğlan məbədində keçirilməsi nəzərdə tutulur.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR