QMİ sədri Türkiyə səfirini qəbul edib

QMİ sədri Türkiyə səfirini qəbul edib
# 12 aprel 2021 16:08 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfiri səmimi salamlayan A.Paşazadə Türkiyə və Azərbaycan arasında dostluq, qardaşlıq, ali səviyyədə əməkdaşlığın «Bir millət-iki dövlət» prinsipinə uyğun mövcud səviyyəsindən məmnunluğunu ifadə edib. 

Şeyxülislam A. Paşazadə Erkan Özoralı Azərbaycanda fəaliyyətdə olduğu müddət ərzində məhz qardaş qismində qəbul etdiyini, səfirin bütün fəaliyyətinin bunun bariz nümunəsi olduğunu xüsusi qeyd edib. QMİ sədri səfirin Azərbaycanın şanlı Vətən müharibəsi zamanı qardaş Türkiyə dövlətinin Azərbaycanda təmsilçisi olmaq şərəfinə malik olmasını böyük nemət kimi dəyərləndirib. Türkiyə-Azərbaycan arasında dini-mənəvi əlaqələrin hər zaman yüksək səviyyədə olduğundan qürur duyduğunu bildirən Şeyxülislam A. Paşazadə səfirə bu istiqamətdə səylərinə görə təşəkkür edib.

E. Özoral qəbula görə minnətdarlıq edib, qardaş Azərbaycan dövlətində səfir kimi fəaliyyətindən dərin məmnunluğunu, buradakı insanlarla ünsiyyətlərini heç bir vaxt unutmayacağını, tanınmış, nüfuzlu dini lider olan Şeyxülislam Allahşükür Paşazadə ilə münasibətlərinə böyük dəyər verdiyini xüsusi vurğulayıb. O, Azərbaycanın Vətən müharibəsindəki Zəfərinin qardaş Türkiyə dövləti üçün də zəfər olduğunu qeyd edərək, bu şərəfli dövrdə səfir olmaq taleyindən qürur və xoşbəxtlik duyduğunu ifadə edib. 

Şeyxülislam A. Paşazadə  səfiri Azərbaycan Respublikasının yüksək mükafatı – «Dostluq» ordeni ilə təltif olunması münasibətilə səmimi qəlbdən təbrik edib, cənab E.Özorala gələcək fəaliyyətində uğurlar diləyib, hər zaman azərbaycanlıların qəlbində özəl yeri olacağını xüsusi vurğulayıb. 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A. Paşazadə qarşıdan gələn Ramazan ayının Azərbaycan və Türkiyə xalqları, dövlətlərimiz üçün yeni uğurlara vəsilə olması üçün dualar etdi, ən xoş arzularını bildirib. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR